PA rəsmisi inqilablardan çəkinmək çağırışı edib
Nurəddin Məmmədli: «Bu cür tövsiyələr savadsızlıq, təşviş və qorxunun nəticəsidir»
Ərəb ölkələrində inqilabi proseslərin davam etməsi Azərbaycan hakimiyyətini də ciddi şəkildə narahat etməkdədir. Narahatçılığını gizlədə bilməyən iqtidar ölkədə bu tip proseslərin qarşısını almaq üçün islahatlar həyata keçirməkdənsə, başqa vasitələrə əl atmağa üstünlük verir. Artıq dəfələrlə rəsmilərin dilində inqilabi proseslərin mənfi tərəfləri ilə bağlı açıqlamalar verilib.
Bu günlərdə Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələrə görə məsul olan Novruz Məmmədov da belə bir xəbərdarlıqla çıxış edib. Hakim partiyanın saytına verdiyi açıqlamasında N.Məmmədov bir növ məsləhət verir və hesab edir ki, xalqımız islam dünyasındakı prosesləri dərindən təhlil etməli və qiymətləndirməlidir. Misiri nümunə göstərən N.Məmmədovun sözlərinə görə, müdrikliyimiz bunu görüb, düzgün qiymətləndirməkdən ibarət olmalıdır.
N.Məmmədovun bu narahatçılığına və xəbərdarlığına səbəb nədir?

Inqilabların gözlənilməz hadisələr nəticəsində baş verdiyini və heç nəyi nəzərə almadığını deyən AXCP sədrinin müavini Nurəddin Məmmədli bunun təbii prosesə çevrildiyini bildirir. Ona görə də bu cür tövsiyələr savadsızlıq, təşviş və qorxunun nəticəsidir. Inqilabların ərəb ölkələrində yaratdığı faciələrə gəldikdə, totalitar rejimlərdən demokratik cəmiyyətlərə keçid heç zaman ağrısız, problemsiz olmur. Amma ərəb ölkələrinin yaxın perspektivdə əvvəlki dövrlərdən yaxşı olacağına heç kim şübhə edə bilməz.
N.Məmmədlinin sözlərinə görə, hər bir xalqın demokratik şəkildə öz hakimiyyətini formalaşdırmaq haqqı var. Bu haqq onlara hakimiyyəti istənilən zaman dəyişdirmək imkanı verir. Novruz Məmmədovun təşvişi isə öz hakimiyyətini qorumaq istəyən adamın narahatçılığından irəli gəlir.
AXCP sədrinin müavini hesab edir ki, söhbət Azərbaycanın demokratik müxalifətindən gedirsə, Novruz Məmmədovun narahatçılığına heç bir əsas yoxdur. Çünki müxalifət ölümlə, qanla müşayiət olunan inqilabi proseslərin baş verməsinin tərəfdarı deyil. Bunu bu yaxınlarda AXCP sədri Əli Kərimli də açıqlayıb. Ona görə də qanlı inqilabın baş verməməsi üçün Azərbaycan xalqına, müxalifətə müraciət etmək lazım deyil. Həmin inqilabları yaradan şərait aradan qalxmalıdır. Azərbaycan hakimiyyəti islahatlar həyata keçirməlidir. Inqilablardan isə özləri nəticə çıxarmalıdır. Çünki bu elə bir prosesdir ki, onun qarşısını almaq mümkün deyil. Xalqın və müxalifətin xəbərdarlıq, yaxud hər hansı tapşırığa ehtiyacı yoxdur.
Fizzə


