Mehdiyevə Alışanov ittihamı

AzTV hər gün büdcədən 142 min manat «yeyir»

Administrasiya rəhbərinin AzTV-nin kriminal əməllərilə ad çıxarmış mühasib-sədri Arif Alışanovu rəhbər vəzifəyə, daha sonra isə parlamentə gətirməsinin şübhə doğuran gizli məqamları üzə çıxa bilər.
“Gülərgeyt” olayı Ramiz Mehdiyevin ətrafında qurulmuş qum qalalarını uçurtdu, ölkədəki total korrupsiya və rüşvətxorluq faktlarını faş elədi, rüşvət mexanizminin başında kimlərin dayandığını, bu sistemin necə işlədiyini, Azərbaycan hakimiyyətinin uzun illər hansı çirkablara bulaşdığını bir daha əyani şəkildə göstərdi.
Indi su sənəyinin suda sındığı vaxt yetişib, sifətdəki maskalar yırtılır, dillər açılır və kimin kim olduğu, ölkədə korrupsiya piramidasının başında kimlərin dayandığı yavaş-yavaş üzə çıxır. Əslində bunlar əvvəllər də bəlli idi, sadəcə indi dürlü-dürlü sübutlar çıxır ortaya.

Administrasiya rəhbərinin ağır günləri  

Rəqiblərindən aldığı gözlənilməz zərbələrdən müvazinətini itirmiş Prezident Administrasiyanın rəhbəri R.Mehdiyev ağır günlərini yaşayır. Dünya şöhrətli dramaturq-rejissor Rüstəm Ibrahimbəyovun tərs silləsindən özünə gələ bilməyən R.Mehdiyevi tanınmış tarixçi-alim Cəmil Həsənli daha möhkəm silkələdi. Fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayevin açıqlamaları və bu ifşaedici videomateriallar fonunda ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin çıxışları, o cümlədən tanınmış vəkil Aslan Ismayılovun sərt ittihamları isə ölkədə geniş rezonans doğuraraq cəmiyyətdə fəallığı artırmışdır. Tanınmış ziyalılarla yanaşı, iş adamları və sıravi vətəndaşlar da redaksiyamıza zəng edir, üzləşdikləri ədalətsizliklərdən danışır, o cümlədən R.Mehdiyevin onlara bəlli olan əməlləri ilə bağlı məlumatlar verirlər.

Pulla “seçilmiş” deputatların siyahısı

Hakimiyyətin yüksək dairələrindən sızdırılan məlumatlara görə, hazırda Milli Məclıs üzvlərindən kimlərin parlamentə rüşvətlə düşdüyünü göstərən bir siyahı hazırlanır. Getdikcə genişlənəcəyi ehtimal olunan siyahıya hələlik 28 nəfərin adı salınıb. Onlardan hər birinin 800 min-1,5 milyon dollar arasında ödəniş müqabilində deputat vəsiqəsi aldığı iddia olunur. Məlumata görə, həmin siyahıda ön yerlərdən birini parlamentə “seçildiyi” vaxtdan bugünədək bir dəfə də ağzını açmamış, daha çox karikatura təsiri bağışlayan “millət vəkili” Arif Alışanov tutur…
Mənbənin bildirdiyinə görə, indi diqqəti çəkən əsas məsələ R.Mehdiyevin hansı marağa görə Alışanov kimi birisini himayə etməsidir. Axı hələ sədrlik kürsüsünə gətirilənə qədər AzTV-nin maliyyə-təsərrüfat sahələrində çalışmış A.Alışanovun adı dəfələrlə maliyyə fırıldaqlarında hallanmış, haqqında Bakı Şəhər Prokurorluğunda iki dəfə cinayət işi açılmışdır. Onun kriminal əməlləri barədə mətbuat dəfələrlə yazmış, o cümlədən R.Mehdiyevin kurasiyasında olan “Azərbaycan” qəzeti bir neçə il əvvəl AzTV-dəki maliyyə pozuntuları və korrupsiya faktlarını tənqid etmişdi. Bəs bütün bunları bilən administrasiya rəhbəri Alışanovun nəyinə aşiq olub?

“Milan”dan başlanan tanışlığın “Exselsior” zirvəsi

Hələ N.Xudiyev AzTV-yə sədr təyin olunduğu vaxt Maliyyə Nazirliyinin növbəti yoxlaması teleşirkətdə ciddi mənimsəmə faktları ortaya çıxartmışdı. Alışanov ücüncü dəfə cinayət məsuliyyətinə cəlb oluna bilərdi, lakin o, zirək tərpənib nazirliyin büdcə idarəsinin rəisi Fəzail Fərəcov adlı şəxslə dil tapa bildi, komissiyanın başqa üzvləri ilə də anlaşdı. Amma təhlükə sovuşmamışdı və törətdiyi əməllərə görə həbsxana təhlükəsini göz altına aldığı bir vaxtda A.Alışanovun üzünə gün doğdu…
Günlərin bir günü Alışanovların Dövlət Idarəçilik Akademiyası ilə üzbəüz məhəllədə yerləşən dördmərtbəli malikanələrinin (onlar həmin binanın həyətində yaşayanları zorla evlərindən köçürüblər və bu barədə ANS telekanalı süjet yayımlayıb) birinci mərtəbəsindəki “Milan” gözəllik salonuna Kəmalə adlı bir xanım təşrif gətirdi. AzTV maliyyəçisinin xanımı, salonun diribaş sahibəsi Ramiz Mehdiyevin qızı ilə tanış olmaq fürsətini əldən vermədi. Əvvəl xanımlar, sonra həyat yoldaşları dostlaşdılar. Alışanovların “əlimizdə bu qədər pullar var, amma bir himayəçimiz yoxdur” mesajını yeni dostlar dərhal anladılar.
Təzə dostlar qızlarının “Exselsior” hotelində keçirilən ad gününə Alışanovları da dəvət etmişdilər. Senariyə görə, kürəkən Ilham AzTV-nin gələcək sədrini qaynatası Ramiz Mehdiyevə burada təqdim edəcəkdi. Düşünülmüş plan baş tutdu və kürəkən öz “qabiliyyətli” dostunu administrasiya rəhbəri ilə tanış etdi. Bu tədbirdən çəkilmiş videoda xeyli şad-xürrəm görünən A.Alışanov ad günü tanışlığından sonra Prezident Administrasiyasında tez-tez görünməyə başladı. Tezliklə AzTV-nin kuratorları şirkətin problemlərini birbaşa prezidentlə həll edən sədr N.Xudiyevlə müqayisədə üzüyola və “diqqətcil” A.Alışanovun xeyli “qabiliyyətli” adam olması qənaətinə gəldilər. Həm də teleşirkətin büdcəsi məhz bu “diqqətcil” şəxsin əlində idi…

Xüsusi təlimatla sədrliyə doğru…

Toplantılarda N.Xudiyev qarşısında daim ikiqat əyilən, ona tez-tez “siz bizim atamızsınız” deməkdən çəkinməyən  A.Alışanov tədricən sədrə xəyanət yolunu tutur. “Atasına” xilaf çıxaraq administrasiyadan verilən tapşırıqla hərəkət etməyə başlayır, maaşları gecikdirməyə, qonorarları azaltmağa, aparıcı əməkdaşlarla sədrin arasını vurmağa girişir. Nəticədə xəbərlər proqramında rəsmi çəkilişlərin efirə getməsində davamlı “problemlər” üzə çıxır, prezidentin rəsmi görüşləri yazılmış kasetlər qəflətən “it-bata” düşür. Yenə də R.Mehdiyevdən aldığı təlimatlar əsasında televiziyanın keçmiş sədrlərindən biri ilə ittifaq yaradaraq, Xudiyevi gözdən salmaq kampaniyasını genişləndirən Alışanov TV-nin bəzi baş redaktorlarını öz tərəfinə çəkmək üçün gizli sövdələşmələrə başlayır.
Bu “addımlarla” eyni vaxtda-təxminən 2005-ci ilin axırlarından AzTV-dən Prezident Administrasiyasına sədr N.Xudiyevin iş bacarmaması və tez-tez efirdə siyasi səhvlərə yol verməsi barədə anonim məktublar axmağa başlayır. Artıq Alışanovla “dostlaşmış” Əli Həsənov və Ramiz Mehdiyev də öz növbələrində N.Xudiyevin TV-ni idarə edə bilməməsi barədə yüksək səviyyədə rəy yaratmağa çalışırlar. Alışanovun “qabiliyyətindən” vəcdə gəlmiş bu cütlük onun xanımı – adı heç bir dəftərdə olmayan M.Alışanovanı prezident sərəncamı ilə MTRŞ-nın üzvü təyin etdirirlər. Bu, teleşirkətdə baş maliyyəçinin hörmətini qaldırır. Xaçmazda seçicilərlə görüşdən qayıdarkən N.Xudiyevin avtomobil qəzasına düşməsi  onu sədrlik kreslosuna daha da yaxınlaşdırır.

Xəyanətə himayə

Mənbənin bildirdiyinə görə, hələ prezidentin 2006-cı ilin mayın axırında Fransaya səfərindən veriliş vaxtında hazırlansa da, Alışanovun səyi sayəsində efirə bir gün gec verilir. Bu hadisəyə görə I.Əliyev sədr N.Xudiyevi məzəmmət edir. Amma bu dövrdə Xudiyev xeyli gücsüzləmişdi, özünə yaxın hesab etdiyi Alışanov onun ətrafına hörümçək toru çəkmiş, yaxınlarının hamısını, o cümlədən köməkçisi və sürücüsünü pulla ələ almışdı.       
Özünü ona aid olmayan yaradıcı işlərə canıyanan kimi göstərməyə çalışan texnika üzrə sədr müavini Alışanovun Xəbərlər redaksiyasının montaj otağında mütəmadi görünməsi sayəsində rəsmi materiallar tez-tez dolaşıq düşür, vacib kasetlər şübhəli şəkildə “yoxa çıxır”, öz işinin ustası olan rejissorlar birdən-birə “ciddi” texniki səhvlərə yol verməyə başlayırdılar. Belə səhvlərin baş verdiyi günlərin birində teleşirkətdə və çalışdığı srtukturdakı məkrli oyunlardan bixəbər olan və canlı efir üçün məsuliyyət daşıyan veteran rejissor Cahid Nəzərov yaradılmış gərginliyə dözmür, elə montaj otağındaca ürək tutmasından dünyasını dəyişir. Yox, əsla Alışanov fəaliyyətini dayandırmır, əksinə, etdiyi xəyanətlərin mükafatını lap yaxın zamanlarda alacağına ümidi artır. Hətta, ətrafındakılara “hər şeyi pul həll edir” mesajını da verməkdən çəkinmir.
Onun ümidləri tezliklə doğrulur, N.Xudiyev sədrlikdən azad edilir. Hamı onun yerinə Azərbaycanın Istambuldakı konsulu, tanınmış televiziyaçı Ibrahim Nəbioğlunun təyin ediləcəyini düşünür, lakin R.Mehdiyev öz “qabiliyyətli” namizədini irəli verir. O boyda teleşirkətdə və bu boyda respublikada sədr qoymağa bir yaradıcı adam tapılmır, AzTV tarixində ilk dəfə texniki işlərə baxan və həm də ləkəli reputasiyası(?) olan bir şəxs quruma rəhbər təyin edilir. Həm də bu şəxs rəsmi təyinatdan ay yarım əvvəl R.Mehdiyevin göstərişi ilə sədrin otağında əyləşir.

Ramiz Mehdiyevin savadsız və lal deputatı

Bir vaxtlar törətdiklərinə görə həbsxana qorxusu ilə yaşayan Alışanov, indi rahatca büdcə pullarını xırıd edir, təbii ki, təkbaşına yox! Qısa müddətdə şirkətin büdcəsi artırılır, amma işçilərin maaş və qonorarı, həmçinin orijinal verilişlər azaldılir, pul yemək imkanları çoxaldılır, təmir-tikinti işləri və yeni texnika alış-verişi bitib-tükənmək bilmir. Indi ona heç kim “gözünün üstündə qaşın var” deyə bilməz və demirlər də. Məsələn, soruşan yoxdur ki, büdcədən hər il ayrılan 40 milyon manata yaxın pul hara gedir, hər gününə təxminən 142 min manat xərclənən AzTV niyə bu gündədir?
O yalnız Ramiz Ənvəroviçi tanıyır, öz himayədarını. Məhz bu haminin sayəsində Alışanov Abşeron rayonundakı 42-ci dairədən deputat “seçilib”. Mühasib-sədr hər şeyin qiymətini dəqiq bildiyindən ona yaşıl işıq yandırılıb, o, seçənin kim olduğunu gözəl bildiyindən seçki kampaniyası günlərində Abşeron IH-nin başçısı Z.Fərəcovun kabinetindən kənara çıxmayıb, özünün dediyi kimi “cındır” seçicilərlə görüşməyib, AzTV-nin imkanları hesabına 1-2 konsert təşkil etməklə işini bitirib. Nə rəqiblərinin qəzəbi, nə “Alışanov PKK” yazılmış plakatların divarlara vurulması, nə də boynuna eyni plakatlar asılmış itlərin Xırdalan küçələrinə buraxılması onun “seçilməsinə” mane olmayıb…
“Gülərgeyt” əhvalatından sonra çoxları kimi Alışanov da həyəcan içindədir, məsələnin Milli Məclis səviyyəsində qabarmasından, sirrlərinin faş olmasından, deputatlıq muradının nakam qalmasından, vəzifədən kənara atılmasından və həm də pulunun batmasından qorxur. O, belə qorxu hissləri keçirəndə həmişə AzTV-də efirə gedən süjetlərə görə rüşvətin qiyməti artır…

Azad Akifoğlu