İlham Hüseyn
Diqqət etsək görərik ki, faciələrimizi bəsləməklə məşğuluq. Dərdlərimizə nəfəs veririk. Biz özümüzlə tanışlıqdan qaçırıq. Bizi idarə edənlər özümüzü tanımamağımızdan yararlanır. Özümüzü qarşımıza qoyub, danlaya bilmirik. Özümüzlə sual-cavabımız yoxdur. Biz özümüzdə ilişmişik. Ona görə də ölkəyə, dövlətə, ədalətə, hüquqa, azadlığa vaxt ayıra bilmirik. Öz içimizdə itmişik. Biz özümüzə çata bilmirik. Və buna görə də vətən, dövlət, azadlıq anlayışları bizə milyon işıq ili uzaqlıqda görünür. Bizim xalq olaraq qazandıqlarımız itirdiklərimizdən ibarətdi. Əslində qorxduğumuz hər şey başımıza gəlib. Ona görə korrupsiya, repressiya, süründürməçilik, şər-böhtan, səsimizin oğurlanması bizi qorxutmur. 30 il ərzində ölkəni dəlixanaya çevirənlər, bizə “ağıllı kənd” müjdəsi verir. Ağıllı məmur, ağıllı seçki, ağıllı məhkəməni ləğv ediblər. Ümumiyyətlə, bu sistem üçün insanın yox, daş-divarın ağıllı olmağı maraqlıdır. Biz ağlımızı öz missiyamıza yönəltmirik. Ağlımız bizi cəsarətləndirmir, ağılsızlığımız qorxudur. Biz kim olduğumuzu şəxsiyyət vəsiqəsiylə təsdiqlətməyə öyrəşmişik. Ədalətimizlə, etirazımızla, prinsiplərimizlə özümüzü təsdiqlətməyə ehtiyac duymuruq. Biz vətəndaşlıq missiyasına biganə qaldığımız üçün utanmırıq. Bizi utandıran səbəblər də dəyişib. Haqsızlığa susmaq bizi utandırmırsa, haqsızlıq edənə qəzəblənə bilmiriksə, deməli, ciddi xəstəliyimiz var. Bu xəstəliyə xəstəxanada diaqnoz qoya bilməzlər. Bu xəstəlik yoluxucu olub. Bu xəstəliyin vaksini biz özümüzük. Biz özümüzü tanısaq, belə olduğumuza görə utanarıq. Özümüzə nə qədər haqsızlıq etdiyimizi anlayarıq. Əgər verilmiş ömrü bu qədər biganə, bu qədər mədəyə xidmətlə keçirəcəyiksə, başqa canlılardan fərqimiz olmaz. Avtoritarizm insanı başqa canlılarla eyniləşdirir. “İt, pişik, inək, qoyun hüquq tələb etmirsə, insan da etməməlidir” düşüncəsiylə idarə edirlər. Özümüzü tanımadığımıza görə bizə qul kimi baxılmasını normal qarşılayırıq. Düşüncəmizdə inqilaba ehtiyac var. Paslanmış qəliblərdən çıxmalıyıq. Cılız bəhanələrin dəyənəyindən xilas olmalıyıq. Dəyərli olduğumuza əminliyimiz olmalıdır ki, bizə ucuz əşya kimi baxa bilməsinlər.
“Biz kimik” sualına cavab tapandan sonra bütün düyünlər açılacaq. Çünki “biz kimik” sualının cavabı, “biz nə etməliyik” sualını yaradacaq. Və beləcə özümüzə qayıdış başlayacaq. Biz bu ölkənin sahibiyik, Konstitusiyanın 1-ci maddəsiyik, dövlətin təməliyik və hökumət bizə xidmət etməlidir.