Rasim Balayevin iradları doğru imiş…

Cəmil Quliyev ittihamlardan yayındı

Xalq artisti, tanınmış aktyor Rasim Balayev Azərbaycan kinosu və cəmiyyətdə gedən ictimai proseslərlə bağlı müsahibəsində müxtəlif verilişlərdən çıxışlarının silinərək efirə verilməsini belə şərh edib:
“Bu, doğrudur. Cəmil Quliyev mənim müxtəlif tədbirlərdən lent yazılarımı kəsib, efirə o cür verir. Məni lent yazılarından silmək olar, amma Azərbaycan kino tarixindən silmək mümkün deyil. O zaman gərək o filmləri verməsinlər, ya da filmləri də kəsib versinlər. ”Babək”də, “Nəsimi”də mənim rolumu kəssələr necə olar? Bilirsinizmi, bunu dar düşüncəlilik hesab edirəm. Məsələn, bir-iki verilişə baxdım. Rasim Ocaqov haqqında fikir demişdim və həmin verilişi AzTV verib, təkrarını verirlər, görürəm mən yoxam. Leyla Bədirbəyli haqqında da fikir demişəm, hamı var, məni çıxarıblar. Mən 3-5 filmə yox, 100-ə qədər filmə çəkilmişəm. 100 filmi qoy qırağa, görək nə olur. Bu iş deyil axı. Sənə iş veriblər, get işini gör. Sən elə et ki, bizim Kino Ittifaqından daha yaxşı işlə, biz də deyək, bunlar nə yaxşı işləyirlər, gəlin biz dağılışıb gedək”.
“Azadlıq” olaraq, bu məqamla bağlı Cəmil Quliyevin münasibətini öyrənmək istədik. Lakin onunla əlaqə saxlamaq cəhdlərimiz təəssüf ki, baş tutmadı. Çünki müsahibə işıq üzü gördüyü son iki gün ərzində C.Quliyevin mobil telefonu bağlı idi. Ötən gün axşama qədər əhatə dairəsindən kənarda olan telefon nəhayət, iş gününün sonunda açıq olsa da, aramsız zənglərimiz yenə də cavabsız qaldı. Cəmil Quliyev mətbuata açıq fikirli bir sima olduğunu göstərə bilmədi. Bu isə Rasim Balayevin Cəmil Quliyevə qarşı ittihamlarının doğru olduğunu düşünməyə əsas verir.

Informasiya şöbəsi