Qəddarlığın, qisasçılığın, cılızlığın sonu yoxmuş

AXCP sədri Əli Kərimli


Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu indiyə qədər hansı məhrumiyyəti yaşamayıb? Son günlərə qədər elə bilirdim ki, rejim Tofiq bəyə qarşı bütün mümkün pislikləri edib…
Tofiq Yaqublu dəfələrlə siyasi məhbus həyatı yaşayıb.Qızı Nigar xanım da ona görə sərt cəzalandırılıb, illərlə məhbus həyatı yaşayıb. Tofiq bəy dəfələrlə ağır işgəncələrə məruz qalıb. Şərlənərək məhkum olunduğu inzibati qaydada həbslərin isə əminəm ki, özü də sayını itirib. Oğlu Rəhim hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə aparılıb (Rəhim bəyin dizindəki zəruru cərrahi əməliyyat bir də hərbi xidmətini və 2-ci Qarabağ savaşında iştirakını başa vurduqdan sonra aparıldı). Tofiq bəyə təzyiq etmək üçün həyat yoldaşı Maya xanımı da işdən çıxarıblar. Daha nə qaldı, Tofiq bəyin başına gəlməmiş?
Hə, biz də elə bilirdik ki, rejim ona bütün mümkün pislikləri edib. Ancaq yox, İlham Əliyev zərrəbinlə baxıb, axtarıb və tapıb ki, Tofiq Yaqubluya qarşı hələ də edilməmiş pislik qalıbmış. Tofiq bəyin adına Binəqədi rayonunda 3 sot torpaq sahəsi var imiş. Torpaq sahəsini Tofiq bəyin adına nə vaxtsa yaxın qohumu alıbmış. Ancaq rejim üçün nə fərqi var ki, torpağı kim alıb, kimə məxsusdur. Əsas odur ki, Tofiq bəyin adına torpaq sahəsi ola bilməzmiş.
Tofiq bəyin “quru sərhədləri açılsın!” tələbilə təşkil etdiyi piketdən sonra rejim də Tofiq bəyə daha bir pislik etmək qərarına gəlib. Saxta məhkəmə qərarı ilə həmin 3 sot torpaq sahəsini də Tofiq bəydən alıblar.
Tofiq bəy acı həqiqətləri dilə gətirdiyi, kütləvi etiraz aksiyalarında öncüllük etdiyi, müxalifətin birliyi uğrunda çalışdığı, Milli Şuranı tərk etmədiyi üçün bu məhrumiyyətlərə, repressiyalara məruz qalır. Biz də xalq olaraq Tofiq bəyi və digər fədakar mübarizə adamlarını ədalət, hüquq, azadlıq uğrunda mübarizələrində gərək tək qoymayaq.
Açıq və ərklə yazım ki, Tofiq bəyin adına olan 3 sot torpağın da onun əlindən alınmasına cəmiyyətin sanki elə belə də olmalı imiş tipli susqun reaksiyasına, əslində reaksiyasızlığına çox təəssüfləndim.
Dostlar, əziz həmvətənlər, belə olmalı deyil. Sağlamlığını, azadlığını, hətta canını belə xalq uğrunda qurban verməyə hazır olan mübarizə dostlarımız, fədakar insanlar hər dəfə haqsızlığa məruz qalanda ictimaiyyətin və bütövlükdə xalqın da dəstəyini çox aydın şəkildə hiss etməlidirlər. Hamımız birlikdə rejimdən tələb edirik ki, Tofiq Yaqubludan əl çəksin!