Siz hara baxırsız?

İlham Hüseyn

Biz heç kimə minnət qoymuruq. Zalıma qarşı savaşmaq, zülmə etiraz etmək, ədalətli cəmiyyət arzulamaq, avtoritarizmə üsyan etmək mənəvi tələbatdı, insanlığın missiyasıdır, vətəndaşlıq borcudur. Ona görə də biz uzun illərdi xalqın öz taleyinə biganə qalmasına baxmayaraq, rejimlə savaşırıq və bundan sonra da savaşacağıq. Amma susmuş çoxluq, sürünə-sürünə yaşayan milyonlarla insan bilməlidir ki, bugün mübarizənin önündə olan insanlar həm də onların haqqı üçün mübarizə aparırlar. Bu adamlar şəxsi komfortlarını düşünsəydilər prinsiplərini güzəştə gedib, maddi sərvətlər əldə edərdilər. Nəhayət başa düşməliyik ki, quru sərhədlərin bağlanması, qiymət artımları, korrupsiya, hüquqsuzluq, süründürməçilik təkcə müxalifətçilərin qapısını döymür. Tərtər terrorunun qurbanı olan əsgərlər, intihar edən qazilər müxalifətçi deyildilər. Yaxud müxalifətçilərin qohumu deyildilər. Avtoritarizmin qamçısı hamıya dəyir və bu qamçıdan hamılıqla xilas olmalıyıq. Milyonlarla insanın başına düşən daşı, yüzlərlə müxalifətçi qaldıra bilməz. Kompyuter arxasından, ağac dalından, balkondan prosesi izləməyimiz yetər. Bu gün Azərbaycanda etiraz ocağını sönməyə qoymayan insanlar sıradan çıxsa nə olacaq? Heç bu haqda düşünmüsüz? Təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə sinə gərərək mübarizə səngərini tərk etməyən insanlar sıradan çıxsa, bu hökumət susmuş çoxluğu daha rahat və daha kobud şəkildə əzəcək. Cəmiyyətə həqiqət paylayan bu insanlar sıradan çıxsa, xalqa hörmətsizliyin daha qatı formasını görəcəksiz.
Mitinqlərdə, aksiyalarda adam saymayın, prosesə qoşulub say artırın. Səbrin bu boydasına savab düşməz, bu boyda səbr böyük günahdır. Müxalifətin boynuna məsuliyyət yükləmək, heç kimin məsuliyyət yükünü azaltmamılıdır. Müxalifətçilər supermenlər komandası, sehrli çubuqlular deyil. Sadəcə olaraq böyük çoxluq edə biləcəyindən imtina edib, müxalifət isə hamının etməli olduğunu özü üzərinə götürməyə məcbur qalıb. Hansıki, bu ölkədə hamının edə biləcəyi şeylər var və bunun üçün siyasətçi, intellektual olmağa ehtiyac yoxdur. Sadəcə olaraq biganəliyə son qoymaq, bəhanələri rədd etmək, haqqın cərgəsində dayanmaq lazımdır. Başqa çıxış yolu, xilas düsturu yoxdur. “Müxalifət hara baxır” sualıyla özünüzə təsəlli verməyin. “Mən harda olmalıyam” sualıyla özünüzü bezdirin. Müxalifət 30 ildir sənə baxır, səndən kömək gözləyir. Bəs, sən hara baxırsan, siz hara baxırsız?