Yalanlarla dolu müşavirə

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib ki, “əhalinin gəlirləri təxminən 20 faiz artıb, Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb”. Müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev daha irəli gedərək bildirib ki, “minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb.”
Diqqət edin, əvvala bu çıxışlardan belə çıxır ki, Azərbaycanda xərclər deyil, yalnız gəlirlər artır. İkincisi, əmək haqqı artımları yalnız işləyənlərə məxsusdur, o da qeyri-proporsionaldır. Məsələn, ədalətsiz və sifarişli qərarlar qəbul edən hakimlərin, prokurorların, notarius funskiyasını yerinə yetirən parlamentarilərin maaşları dəfələrlə artır, amma müəllimlərin bir qisminin əmək haqqı maxsimum 20 faiz, polislərin məvacibi 40 faiz artırılır.
Üçüncüsü, əmək haqqı artımlarının işsizlərin yaşayışına dəxli yoxdur. Baxmayaraq ki, işləyən və fərdi sahibkarlıqla məşğul olan hər kəs məcburi dövlət sosial sığorta haqqı ödəyir, amma ondan fərqli olaraq işsizlikdən sığorta haqqı yalnız muzdla (əmək müqaviləsi üzrə işləyən şəxslər) çalışan şəxslərə şamil olunur. 2022-ci il üçün işsizlikdən sığorta fondunun xərcləri 181,38 mln. manat məbləğində müəyyən edilsə də onun 4,68 faizi və ya 8.5 milyon manatı şsizliyə görə sığorta ödənişləri kimi nəzərdə tutulub ki, bu da 100 faiz icra olunsa da işsizlərin heç 1 faizini əhatə etməyə imkan vermir. Halbuki ayrılan vəsaitin də hamısı bu məqsədlə istifadə edilmir, hər il icra faizi xeyli aşağı olur.
Nəhayət, pensiyalara və müavinətlərə gəlincə, hərbi qulluqçuların maaşı artsa da ehtiyatda olanların pensiyası dəyişməyib. Mülki vətəndaşların pensiyasına gəlincə, hətta müşavirədə açıqlanan pensiyaların orta artım tempi (10 faiz) belə rəsmi elan olunmuş inflyasiya səviyyəsindən (12,6 faiz) aşağıdır. Belə olan halda pensiyaçılar bahalaşmanın artırdığı məsrəfləri nəyin hesabına qarşılamalıdırlar? Orda birinin cəsarəti çatmadı ki, bu sualı qaldırsın. Sizcə ayda orta hesabla ödənilən 364 manatla pensiyaçılar xərclərini necə çatdırmalıdır. Hələ açıqlanan yüksək pensiyadır. Pensiyaçıların bir çoxu da orta məbləğdən aşağı pensiya alır, bəziləri 240 manat minimum pensiya, bəziləri də 180 manatlıq qocalıq müavinəti ilə dolanır. Bu rəqəmlərə görə, büdcənin və neft fondunun gəlirləri ilə fəxr edən ölkə prezidenti, Əmək və əhalinin sosial müdafiəsi naziri xəcalət hissi keçirirmi? Onlar müharibə veteranlarına ödənilən aylıq müavinətin məbləğinin 80 manat olmasından, maddi mərhumiyyətlərə görə canına qəsd edən Qazilərin sayının durmadan artmasından utanırlarmı? Utanmırlar, utansaydılar, müşavirədə bu qədər qırmızı yalan danışmazdılar!