Polad Həşimov məhz xalqın arzuladığı general idi

AXCP sədri Əli Kərimli

Nəyə görə Polad Həşimov? Şəhid generalımızın xalq tərəfindən bu qədər sevilməsinin, xatirəsinin əziz tutulmasının səbəbi nədir?
Kimsə Polad bəyin şəhid olmuş ilk generalımız olduğuna görə bu qədər sevildiyini və istənilən general şəhid olsaydı, bu qədər seviləcəyini düşünürsə, yanılır.

General Polad Həşimov əslində keçdiyi həyat yolu ilə bu sevgini haqq etmişdi. Şəhidlik isə onun parlaq həyat və xidmət yolunu daha da parlatdı.
Qəhrəman Polad Həşimov əslində xalqımızın çoxillik arzularının, xəyallarının təcəssümü idi.

Xalqımız hey arzulayırdı ki, öz içindən, bağrından çıxan, əksəriyyət kimi çətinliklə, əziyyətlə böyüyən, özü – özünü yetişdirmiş zəhmətkeş övladları da bu ölkənin dövlətinə, ordusuna rəhbərlik edənlərdən olsun. General Polad Həşimov xalqımızın bu arzusunu gerçəkləşdirmiş şəxsiyyət oldu. Polad Həşimovun şəhid olmasından sonra qəhrəmanımızın anası, özü də bir qəhrəman olan Səmayə xanımın söylədiyi “mən Poladı əziyyətlə böyütdüm, ona haram tikə yedizdirmədim” sözləri Polad bəyin xalqın nəzərindəki obrazını tamamladı.

Xalqımız hey arzulayırdı ki, onun rəhbərləri, generalları dürüst adam olsun, rüşvət almasın, haqq etdiyindən zəngin olmasın, təvazökar olsun, özünü sadə insanlardan üstün saymasın. General Polad Həşimov xalqımızın bu arzularının da gerçəkləşməsi idi. Şəhid olduqdan dərhal sonra onu tanıyan, tabeliyində olmuş saysız – hesabsız hərbçilər general Polad Həşimovun necə dürüst, təvəzökar həyat yaşamasından bəhs etdi. Hətta məlum oldu ki, General Polad Həşimov dövlət tərəfindən ona verilmiş mənzili Aprel döyüşlərində şəhid olmuş hərbçisinin ailəsinə verib.

Xalqımız hər zaman xəyal qururdu ki, onun generalları orduya ayrılan vəsaitləri yox, döyüş səngərini əsgərlərilə bölüşsün, təkcə təlim zamanı yox, döyüş zamanı da tabeliyində olan əsgər və zabitlərə nümunə olsun. Tabeçiliyindəki hərbçilərə təkcə hərbi peşəkarlığı yox, həm də cəsurluğu, mərdliyi, qorxmazlığı öz nümunəsilə öyrətsin. General Polad Həşimov xalqımızın bu arzularının da təcəssümü idi.
Xalqımız arzularındakı generalını, rəhbərini tapmışdı. Ancaq çox təəssüf ki, o qəhrəmanın ölümündən sonra. Ona görə də xalqımız çox az yaşamış və gec kəşf etdiyi bu qəhrəman generalını inadına çox yaşadacaq. Sevgisilə, minnətdarlığı və qüruru ilə yaşadacaq şəhid general Polad Həşimovu.