Azərbaycanda meşə yanğınlari cinayətləri adı hal alıb

Azərbaycanda meşə yanğınları təbiət hadisəsi deyil. Yenə yay gəldi yenə meşə yanğınları. Yenə hay həşir. İndi də Xaçmazda meşələr yanır. Azərbaycanda yanğına səbəb olası anomal istilər filan olmayıb. Əksinə son illərin ən yağıntılı ilidir.

O təbii yanğınlar arid meşələrdə olur bizdə isə onlar çox azdır və oralarda nadir hallarda və lokal olur. Rütübətli meşələrdə təbii yanğınlar çox nadir hadisədir və sağlam meşələrdə yanğının yayılma sürəti də az olur.

Demək olar hamısı qəsdən və bəzi halllarda ehtiyatsızlıqdan törədilir. Ehtiyatsızlıq aydındır, maarifləndirmə və nəzarət lazımdır. Amma qəsdən törədilən yanğınlardan danışaq. Bu bir neçə senaridə baş verir

  • qanunsuz qırıntının izini itirmək üçün meşə təsərrüfatları tərəfindən qəsdən törədilir
  • cərimə edilən naraz qalan meşə qıranlar “intiqam alır”.
  • işdən qovulan direktorlar ya gözətçilər “intiqam alır”
  • meşə təsərrüfatının direktoruna qanunsuz tələblərini yeridə bilməyənlər “intiqam alır”.
  • buna qədər isə ağzı olan danışır, ağzı olan meşəni yandıracağı ilə hədələyir.
  • meşəni zəbt etmək istəyənlər qəsdən yandırır, sonradan pis meşə adı ilə zəbt etmək daha rahat olur.
  • qəsdən törədilən yanğınlar adətən insanlardan uzaq, yol iz məhdud olan yerdən və gecə başlayır. Bunu edənlər həm heç kəs görməsin deyə həm də tez söndürülə bilməsin yanğın yayılsın deyə edirlər. Gecə şimşək də çaxmayıbsa təbii yanğın necə baş verə bilər axı.

Meşə cinayətləri az olan rayonlarda meşə yanğınları da az olur. Və ya milli parklarda meşə yanğınları daha az olur nəinki meşə fondunun digər meşələrində. Çünki meşələrin inkişafı xidmətində daha çox intriqa və bazar var nəinki Biomüxtəliflik departamentində. Bə ya Kəlbəcərdə Ağdərədə, Hadrutda niyə meşə yanğınları olmur işğal vaxtı da çox olmurdu. Çünki meşə mafiamız ekologiya nazirliyimiz gedib hələ ora çıxmayıb. İşğal vaxtı da orada əhalinin az olması və Ermənistanın materiala filan tələbatının az olması (alıcılıq qabiliyyəti və əhali sayı) və az tələbatın daha yaxındakı meşələrdən təmin edilməsi (Berd Tavuş rayonları) çox kiçik ölçüdə meşə cinayətkarlığının və buna qarşı çox kiçik bir inzabati nəzarətin olması bu cür intriqaları minimal edirdi.

Nə qədər ki, hər meşə yanğını ilə bağlı cinayət işi açılıb istintaq aparılıb cinayətkarlar cəzalandırılmır, nə qədər ki, meşə yandırmaqla təhdid etmək belə cinayət məsuliyyətinə cəlb edilmir meşə yanğınları davam edəcək.

Bu günə qədər yüzlərlə yanğın olub. Vəzifəli vəzifəsiz neçə nəfər məsuliyyətə cəlb edilib? Lap ehtiyatsızlıq belə olsa, neçə yanğının səbəbkarı tapılıb? Heç neçə.

Bu yanğınlar yanğınsöndürənlərin və yanğın söndürməyə cəlb edilən işçilərin anadan əmdiyini burnundan gətirir. Təbiətə və büdcəyə ziyan dəyir. Amma heç kəs məsuliyyətə cəlb edilmir.

Əkin sahələrində başlayan və yayılan yanğınlara gəldikdə. Əkin sahələrinin yandırılması qanunla qadağan edilib. Bunu ki, sübut etmək çox asandır. Yanğının qarşısını almaq üçün əkin sahələri qoruyucu zolaq salması tələb edilə bilər. Bir neçə metr şumlanmış zolaq bəs edir. Yanğının başladığı əkin sahəsinin sahibi yanğına səbəb olduğu üçün, yanğın yayılan əkin sahələri isə önləyici tədbirləri görməyiblərsə ona görə məsuliyyətə cəlb edilməlidir. Meşə yanmasa da əkin sahələrini yandırmaq ancaq banan respublikalarında baş verir. Normal ölkələrdə bu ancaq epizodik özbaşınalıq ola bilər. Bizdə isə əkin sahələri yandırılan vaxt rayonlara gediləsi deyil. Yol boyunca tüstüdən göyün üzü görünmür.

P.S Yazı “Ecofront” Facebook səhifəsindən götürülüb