AXCP sədri Əli Kərimli
Son günlərdə baş verənlərə birlikdə nəzər salaq:
- Beynəlxalq araşdırmaçı jurnalistlər İlham Əliyevin bacısı Sevil Əliyevanın Parisdə 52 milyon avroluq bahalı mülklərini açıqladı. Aylar öncə də Əliyevlər, Paşayevlər və onların yaxınlarına məxsus ümumi dəyəri 700 milyon dollardan artıq 24 mülk də Londonda açıqlanmışdı. Aydındır ki, ailə üzvləri bu qədər mülkiyyəti London və Parisdə bugünlərdə yox, illər öncə alıblar. Ancaq bu faktlar indi, Rusiyanın çöküşü ilə paralel olaraq bütün dünyada korrupsiya və çirkli pullara qarşı beynəlxalq kampaniyanın başlandığı vaxtda açıqlanırsa, bu hadisə normalda Əliyevlərə mesaj olmalı idi ki, ətrafda həlqə daralır, xalqla ehtiyatla davranmaq lazımdır.
- Ardınca Şri-Lankada sosial zəminlə başlamış xalq etirazları 2 onillik davam etmiş ailə hakimiyyətinə son qoyur. Normalda bu hadisə də Əliyevlər hakimiyyəti üçün ciddi siqnal olmalı idi ki, ailə hakimiyyətlərinin sonu çatır (belələri dünyada onsuz da çox qalmayıb) və bir az ehtiyatlı, xalqa diqqətli olmaq lazımdır. Ancaq rejim heç nəyi dəyişmir.
- İkinci Qarabağ savaşı bitər-bitməz başlamış qazi intiharları təhlükəli miqyas alır. Nəhayət, sayca 36-cı olan, “icra başçısı məni sındırdı” dedikdən sonra özünü icra hakimiyyəti qarşısında yandırmış Mauqli ləqəbli məşhur döyüşçünün intiharı cəmiyyəti çox ciddi silkələdi. Sosial şəbəkələrdə etirazlar o qədər kütləvi ifadə olundu ki, rejim intiharın baş verdiyi Sabirabad rayonuna xeyli xüsusi təyinatlı polis göndərdi.
Ardıcıl baş vermiş bütün bu hadisələri normalda rejim özü üçün xəbərdarlıq kimi qiymətləndirməli, xalqı etirazlara təhrik edən hərəkətlərdən çəkinməli, əksinə kosmetik də olsa, xalqa dlğru addımlar atmalı idi. Ancaq biz nə gördük? Hakimiyyət qaziləri sakitləşdirmək üçün heç bir addım atmadı. Tam əksinə, xalqı qıcıqlandıran, xalqa meydan oxuyan hərəkətlər etdi. Reallıq hissini itirməyən hakimiyyət məhz bu dar, həssas məqamda benzinin qiymətini qaldırmazdı. Azacıq məsuliyyət hissi olan hakimiyyət bu həssas məqamda ətin də qiymətini qaldırıb, onsuz da ağır olan sosial vəziyyəti daha da gərginləşdirməzdi. Məsuliyyət hissini itirməmiş hakimiyyət məhz belə bir həssas məqamda daha bir sifarişli həbs qərarı verməzdi. Ancaq bunlar onu da etdilər. Tərtər cinayətinin qurbanları üçün ədalət arayan Abid Qafarovun şərlənib həbs edilməsi də rejimin öz əleyhinə atdığı addım idi.
İndi isə gəlirəm yazının başlığına. Nəyə görə düşünürəm ki, rejimin sonu çox da uzaqda deyil? İllər öncə 10-larla avtoritar rejimin çöküşü prosesini araşdırmışam. Rejimlər özlərini ən güclü saydıqları zaman adekvatlıqlarını itirirlər və iflas edirlər.
Xalqın barıt çəlləyinə bənzədiyi indiki vaxtda Azərbaycan hakimiyyətinin iki daşın arasında qiymət artımlarına germəsi də özünü çox güclü hesab edib, adekvatlığı itirməsindən xəbər verir. 10-larla qəddar avtoritar rejimin təcrübəsi də göstərir ki, məhz belə davranışlar sonun yaxınlaşdığından xəbər verir.