İlham Əliyevlə Abbas Abbasovun söhbəti alınmayıb, yoxsa başqa səbəb var?
Rusiya Azərbaycan Təşkilatları Ittifaqının yaradılması məsələsinə münasibətimiz mənfidir”. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov deyib.
Ibrahimov bildirib ki, bu kimi təşkilatları Rusiyada olan ümumrusiya azərbaycanlılarının birliyinə zərər gətirə biləcək amil kimi dəyərləndiririk.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan dövləti dünyada diaspor hərəkatının formalaşması, onun strukturlaşmasına cox ciddi fikir verir: “Bu, böyük bir strateji işdir və hər zaman hər hansı dövlətdə müəyyən təşkilatların yaranmasına, yaxud onların istiqamətlənməsinə xüsusi individual diqqət yetiririk. Hər birinə də olan diqqətimiz fərqlidir. Ola bilər ki, hər hansı dövlətdə bir və ya bir neçə təşkilatın yaranmasını alqışlayırıq. Başqa bir dövlətdə isə həmin təşkilatların yaranması Azərtbaycan diasporuna ziyan gətirə bilər, ona görə də mənfi münasibət bəsləyirik. Rusiyada da yaranmaq istəyən, hələlik bir fəaliyyəti olmayan bir təşkilata da öz mənfi münasibətimizi bildirmişik. Bu prosesə biz əvvəldən mənfi münasibət bildirmişdik və hesab edirdik ki, hər hansı azərbaycanlı doğrudan da Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət etmək istəyirsə və yaxud yaşadığı ölkədə bu ölkənin layiqli bir vətəndaşı olaraq, ölkələrmiz arasındakı münasibətlərin inkişafını istəyirsə, mövcud təşkilatların birində çalışa bilər, həmin təşkilatın işini gücləndirə bilər”.
Xatırladaq ki, Ibrahimovun bu açıqlamasından bir neçə gün əvvəl RATI-nin sədri, baş nazirin sabiq müavini Abbas Abbasov ölkə başçısı Ilham Əliyevlə görüşmüşdü. RATI-nin sədri görüşlə bağlı optimist danışsa da, Nazim Ibrahimovun bu bəyanatından sonra güman etmək olar ki, Ilham Əliyevlə Abbas Abbasov razılığa gələ bilməyib və görüş gərgin keçib.
Lakin başqa bir ehtimala görə, Nazim Ibrahimovun bəyanatı RATI-nin təsis olunmasında maraqlı olmayan hakimiyyət daxili qrupların etirazıdır. Bu sırada ilk sırada Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adı gəlir. Nazim Ibrahimovun da PA rəhbərinin komandasına daxil olması bu mülahizənin ortaya çıxmasına səbəb olub.