Hakimiyyət düşmənə qalib gələnləri belə məğlub edir

AXCP sədri Əli Kərimli

Elvin Cəfərov ermənilərlə, düşmən terrorçularla bacarırdı. Həm də yaxşı bacarırdı. İgidliyinə, cəsurluğuna, düşmənə qan uddurduğuna görə dostları onu “Mauqli” çağırırdı. Amma İlham Əlyevin nankor hakimiyyəti onu məğlub edə bildi. Düşmənlə savaşda qələbə qazanan Elvin kimi igidlərimiz Azərbaycan hakimiyyəti tərəfindən məğlub edilir, ölümə təhrik olunur, özünü yandırmağa, intihara sürüklənir.

Elvin Cəfərov ikinci Qarabağ savaşından sonra intihar edib dünyasını dəyişmiş artıq 36-cı qazidir. Azərbaycan hakimiyyəti onları aldadıb, verdiyi sözü tutmur. Qazilərə, müharibə veteranlarına elementar həyat şəraitini, diqqəti təmin etmir. Və hamımızın gözü qarşısında, bizim susqunluğumuzla bu igidləri bir-bir ölümə tərk edir. Hanı o 300-500 minlik maşınlarda bayraqlarla şəhərdə şou göstərənlər? Nəyə görə səsləri çıxmır? Komputer qarşısında, klaviatura arxasında öz aləmlərində mübarizə aparan, Qarabağ uğrunda, Qarabağda savaşan igidlərimizə görə guya canından keçməyə hazır olduğunu deyən populistlərin səsi niyə gəlmir?..

Qarabağ qazilərinə niyə sahib çıxılmır? Axı onlar bizim hamımızın yerinə canlarını fəda etdi. Axı onların həyatı bahasına əldə olunan qələbə sayəsində İlham Əliyev özünə “müzəffər” ləqəbi düzüb-qoşdu, onların qələbəsini istismar etdi, özəlləşdirdi. İndi İlham Əliyev nəyə görə o qazilərə, veteranlara elementar həyat şəraitinin təmin edliməsilə məşğul olmur? Bəlkə ona görə ki, xalqımızı susqun görür, yaddaşımızın qısa olduğunu düşünür? Bəlkə ona görə ki, Azərbaycan xalqını “dəmir yumruğu” ilə artıq əzib sındırdığına əmin olub?

Əziz həmvətənlər, özümüzə qətiyyən haqq qazandırmamalıyıq. Biz hamımız birlikdə o Qarabağ qazilərinin ölümə tərk edilməsinin iştirakçılarıyıq. Əlbəttə ki, səbəbkar Azərbaycanın nankor, vətən və millət sevgisi yalnız dilində olan hakimiyyətidir. Ancaq biz də bu insanların ölümə təhrik edilməsinə susqun baxdığımıza, onların xilası naminə heç nə etmədiyimizə, bu boyda haqsızlıqlara ən sadə üsullarla belə etirazımızı bildirmədiyimizə görə məsuliyyət daşıyırıq. Allah səbrimizi kəssin.