Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini araşdıran təşkilatı ləğv eləmək istəyirlər
Mərkəzi qərargahı Isveçrənin Bazel şəhərində yerləşən Haqq və Ədalət Assosiasiyası xeyli vaxtdır ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətindəki korrupsiyanı, o cümlədən qurumun Isveçrə nümayəndəliyilə bağlı qanunsuzluqları araşdırmaqla məşğuldur. Xeyli vaxtdır ki, Azərbaycanda Əliyev rejimi tərəfindən insan haqlarının pozulmasına qarşı mübarizə aparan təşkilat eyni zamanda, müxalifətin ciddi kəsimilə sıx əməkdaşlıq edir.
Bir müddət əvvəl Bazel Kantonal Bankı təşkilatın bank hesabını bağlayıb. Təşkilatın rəhbəri Qabil Rzayev bankdan hesabın bağlanma səbəblərini soruşsa da, ona qəti və aydın cavab verməyiblər.
Qabil Rzayev bu məsələdə Azərbaycan məmurlarının əli olmasından şübhələnir. Məsələ burasındadır ki, noyabrın 17 də onun rəhbərlik etdiyi təşkilat SOCAR-ın Cenevrədəki nümayəndəliyi qarşısında bu şirkətin qeyri-şəffaf fəaliyyətinə etiraz olaraq, aksiya keçirib.
Xatırladaq ki, Dövlət Neft Şirkəti neft məhsullarını məhz Isveçrədə tor şəbəkəsi formasında qurulmuş şirkətləri vasitəsilə satır.
Yeri gəlmişkən, SOCAR-ın Isverədə Montreux – Cazz festivalının sponsoru olması Isveçrə cəmiyyətinin etirazıyla qarşılanmışdı. Buna səbəb isə Isveçrə cəmiyyətində SOCAR-ın korrupsioner imicə malik olmasıdır.
Onu da qeyd edək ki, Isveçrənin Cenevrə şəhərində Azərbaycandan gəlmiş “PaşaBank” yerli “Kantonal Bank”la aktivlərin idarə edilməsi sahəsində birgə fəaliyyət göstərir.
“ARDNŞ hər il milyon tonlarla neft məhsullarını Isveçrədəki SOCAR şirkətlərinə ucuz qiymətə satır. Sonradan həmin neft məhsulları onların nəzarətində olan offşor şirkətlərə satılır. Həmin offşor şirkətlər isə o məhsulları dünya bazarında daha baha qiymətə satır. Yaranmış həmin fərqlər nəticəsində əldə edilən gəlirlər Azərbaycandakı rejimə rəhbərlik edən şəxslərin ciblərinə daxil olur”, – deyə Qabil Rzayev bildirib.
Onun sözlərinə görə, Cenevrədəki etiraz aksiyasından dərhal sonra Haqq və Ədalət Assosiasiyası Idarə Heyəti üzvlərinə, xüsusən də Isveçrənin fəlsəfə üzrə məşhur doktoru Aleks Schearerə hədə-qorxu xarakterli zənglər gəlib. Belə zənglərdən biri də Cenevrədə nəşr edilən “Tribune de Geneve” qəzetindən daxil olub. Bütün təhdidlər təşkilat üzvləri tərəfindən protokollaşdırılıb. Daxil olan telefon zənglərində bildirilib ki, təşkilatın bank hesabları bağlanacaq, qurumun özü isə ləğv olunacaq. Bundan başqa, təşkilatın internet səhifəsində SOCAR-la bağlı araşdırma yazılarının dərhal oradan yığışdırılması tələb olunub.