Talançı ailə

AXCP sədri Əli Kərimli

Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC-Musavat hakimiyyəti zamanı xalqın talan edilmiş sərvətləri axır ki, tapıldı. Ancaq “soyğunçu” cəbhə hakimiyyətinin xalqdan oğurladığı pullar necə olubsa, gedib çıxıb Heydər Əliyevin qızı, İlham Əliyevin bacısı Sevil Əliyevaya. Sevil Əliyevanın Parisin mərkəzində dəyəri 52 milyon avro olan yeni tapılmış mülkləri münasibətilə xalqımız İlham Əliyevdən AXC-Müsavat cütlüyünün korrupsiya əməlləri barədə növbəti çıxışı gözləyir.

İndi isə ciddi. Sevil Əliyevanın yeni mülkləri aşkarlanan gün Azərbaycanda Kanal13 internet televiziyasının redaktoru, keçmiş siyasi məhbus Əziz Orucov ailəsinin yanında hədələnib. Bu ölkədə jurnalistləri hədələyirlər, döyürlər, həbs edirlər ki, korrupsiya və dövlət səviyyəsində zorbalıq mövzusu ölkə mətbuatında az müzakirə olunsun. Sevil Əliyevanın yeni mülkləri aşkarlanan gün yazıçı-publisist Mirkazım Seyidov da PrimTV internet televiziyasında Naxçıvan MR rəhbəri, İlham Əliyevin daha bir qohumu Vasif Talıbovu tənqid etdiyi üçün hücuma məruz qalıb.

Bu gün biz hakim ailənin yeni-yeni mülklərindən xəbər tutan zaman 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı Yunis Məmmədov Ağcabədi rayon polis şöbəsinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Dünən isə çox dəhşətli faciəyə şahidlik etmişdik. Qarabağ qazisi, polkovnik-leytnant, borclarına görə bank kartları qapadılmış, cibindəki son 2 manatı evinə çörək almaq üçün xərcləmiş Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlamışdı. Şahmurad bəy 2-ci Qarabağ savaşından sonra intihar etmiş və ya ürəyi partladılmış 35-ci Qarabağ qazisi idi.

Belə bir analoqsuz ölkəyik. Bu ölkədə qazilər sosial səbəblərdən özünü öldürməyə məcbur olduqca hakim ailənin də London, Paris kimi dünya mərkəzlərində əmlakı artır. Biz də xalq olaraq bütün bu dəhşətli ədalətsizliyə etiraz etmək əvəzinə “hə, nə olsun ki, yeni mülkləri tapılıb, guya bilmirdik?”, “sərvət onların olmayanda, kimin olacaq ki?”
“kim hakimiyyətə gəlsə, onlar da oğurlayacaq”, “biz nə edə bilərik ki? Tək mənimlə nə olacaq ki?” absurdları ilə günümüzü yola veririk, qorxaqlığımızı saxta “arqumentlərlə” ört-basdır edirik.

P. S. Fotodakı yıxılmaqda olan bina isə milyarderlərin rəhbərlik etdiyi ölkədə Qobustan rayonu Qurbançı orta məktəbidir.