30 ilin “uğur”u

İlham Hüseyn

30 ilə yaxındır ki, ölkədə “sürətli islahat” aparılır, 30 ilə yaxındır ki, sərəncamlar, fərmanalar imzalanır, qurumlar yaradılır, natəmiz məmurlar hədələnir. Və 30 ildən sonra başlanğıc vəziyyətindəyik. Bütün sahələr şikəstdi. “Masonlar imkan vermir”, “Rusiya islahat aparmağa qoymur”, “Ramiz Mehdiyev getsə, hər şey düzələcək”, “Eldar Mahmudovun dəstəsi islahatları sobataj edirmiş” nağıllarıyla 30 ili yola verdik. Başa düşmədik ki, qazinin harayına biganə qalmaq, uşaqpulu verməmək, rüşvət vermədiyimiz üçün evimizin uçurulması, məhkəmədə şərlənməyimiz, dövlət idarəsində işgəncə görməyimiz, işıq-qaz limiti, süni qiymət artımı masonlara ,Rusiyaya, hansısa məmurun özfəaliyyətinə bağlı olan məsələ deyil. Milyonlarla insanın haqqını yeyib, sonra da “Avropa bizə paxıllıq edir”, “müxalifət ermənipərəstdi” deyib, cəmiyyəti çaşdırmaqla məşğul oldular. Düşünmədik ki, Avropanın paxıl, müxalifətin ermənipərəst olmağının oğurluğa nə dəxli var. Axırda məlum oldu ki, ən böyük ermənipərəst, ən böyük islamafob, ən böyük ikilistandartlar müəllifi məhz bu rejimdi. Azərbaycan vətəndaşlarını Avropaya mühacirət etməyə məcbur buraxan mövcud idarəçilikdi. 30 ildən sonra insanların dilindən “bura yaşınılası yer deyil”, “uşaqlarımı ölkədən çıxarmaq istəyirəm”, “bu öıkənin gələcəyi yoxdur” kimi fikirlər eşidirik. Hansıki, 30 ildən sonra bu ölkəyə mühacirət etmək istəyənlər olmalıydı, başqa ölkənin vətəndaşları bu ölkədə yaşamağı arzulamalıydı. Bu ölkədə “YAŞAT” fondu var, amma 35 qazi yaşaya bilmədiyi üçün intihar edib. Bu ölkəni hamımızın vətəninə çevirə bilmədik, ona görə də bir qrup adamın obyektinə çevrildi. 2022-ci ildir və bu ölkədə adam şərləmək adi iş qaydasıdı, ədalət kürsüsündə oturmuş hakimin günahsız insana hökm oxuması sıradan bir hadisədi. Bu ölkədə öyünüləcək hər şey keçmişlə bağlıdı.Bu ölkənin qürur duyulacaq bugününü və sabahını biz yaratmalıyıq. Mövcud idarəçilik bugünü və sabahı baltalamaq üçün ixtisaslaşıb. Əgər “Bir ölkəni necə məhv etmək olar” yarışı keçirilsəydi, bizim hökumət bütün rəqiblərini darmadağın edərdi. Bu boyda zəngin məmləkəti xarabalığa çevirə bilmək üçün, “peşəkar” olmalısan, xalqa-dövlətə səmimi qəlbdən nifrət etməyi bacarmalısan.