Baramaçılığı yenidən batırırlar

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli


İlham Əliyevin dövründə, 2015-ci ildə cəmi 236 kiloqram barama istehsal edilmişdir ki, bu da 1991-ci illə müqayisədə 25 min 102 dəfə azdır. Təsəvvür edirsiniz?! Barama istehsalı 2015-ci ildə 1991-ci illə müqayisədə 25 min 102 dəfə azalmışdı.
2016-cı ildə barama istehsalı 70 tona çatanda İlham Əliyev dedi ki, “baramaçılıqda böyük inkişaf müşahidə olunur”. Belə ki, həmin il Sabirabadda respublika müşavirəsində İlham Əliyev demişdi: “Bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək”. Bunu da təsəvvür edin! Min ton! Bu müddət ərzində Azərbaycanda nəinki “min ton barama tədarük” edilmədi, son bir neçə ildə istehsal 500 tondan da aşağı düşdü.
Bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə barama istehsalı xeyli azalıb. Belə ki, keçən il iyun ayının 14-dək ölkənin barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verildiyi halda bu il cəmi 319 ton 366 kiloqram barama təhvil verilib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 25,4% azdır.

Baramaçılığın və ipəkçiliyin inkişafı adı ilə dövlət büdcəsindən külli miqdarda vəsait ayrıldı. Nəticəsi heç nə…

Hökümət 2017-ci ildə baramaçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul etdi. Həmin proqramda hakimiyyət ölkədə barama istehsalını 6 min tona çatdırmaq öhtəliyi götürüb. Təsəvvür edirsiniz, 6 min ton?!
Dövlət proqramı qəbul edildikdən sonra, 2019-cu ildə ölkədə 643,7 ton barama istehsal olundu. Sonrakı illərdə isə istehsal azalmağa başladı. Belə ki, 2019-cu ilə nisbətən 2020-ci ildə barama istehsalı 30,6% azalaraq 446,6 tona enmişdir. 2021-ci ildə barama istehsalı 497,4 ton təşkil etmişdir ki, bu göstərici də 2019-cu illə müqayisədə 22,7% az olmuşdur. Bu il barama tədarükü artıq başa çatmaq üzrə olduğu halda istehsal 2019-cu ilin göstəricisi ilə müqayisədə 2 dəfə azdır. Son 3 ildə barama istehsalının aşağı düşməsi ondan xəbər verir ki, hökümətin 2017-ci ildə qəbul etdiyi dövlət proqramının icra vəziyyəti qeyri-qənaətbəxşdir. Bu gedişlə 2025-ci ilədək ölkədə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması qeyri-mümkündür. Dövlət Proqramında nəzərdə tutulan hədəfə nail olmaq üçün Azərbaycanda barama istehsalı 18 dəfə artırılmalıdır. Yaxın 3 ildə barama istehsalının bu qədər artırılması real görünmür.

Daha bir xatırlatma. 2015-ci ildə (İlham Əliyevin dövründə) cəmi 236 kiloqram barama istehsal edilmişdir ki, bu da 1992-ci illə (Əbülfəz Elçibəy dövründə 5222 ton) müqayisədə 22 min 127 dəfə azdır…