Bu sifarişi ayrı – ayrı şəxslər, yoxsa, xalq verməlidir?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Xalq Cəbhəsi niyə mitinq etmir, nəyi gözləyir? Bu tələbi səsləndirən dostlara öncə sağ ol demək gərəkdir ki, xalqın gözləntisinin, umidinin ünvanını doğru göstərirlər. Doğurdan da Xalq Cəbhəsindən başqa indi bunu hansı partiyadan gözləmək olar və ya insanlar Əli Kərimlidən başqa hansı liderin çağırışına səs verə bilərlər ki? İndi dost da, rəqib də, əzən də, əzilən də bir hərəkət, etiraz ünvanı tanıyır, bu da Xalq Cəbhəsidir. Bəs bu təşkilat niyə mitinq etmir, niyə Əli Kərimli xalqı meydanlara çağırmır, nəyi gözləyir?
Əvvəla, yaxın tariximiz göstərib ki, Xalq Cəbhəsi dünyada demokratiya məsələsinə indiki qədər diqqət yetirilmədiyi, Tramp kimi qeyri – adekvat birisinin hakimiyyətdə olduğu, Putinin nəinki Qafqazda, hətta dünyada qılıncının dalı və qabağı kəsdiyi ötən on ildə 20 dən artıq mitinq edib. Təkcə 2019- cu ildə AXCP və Milli Şura 7 mitinq qərarı verib. Təfəüratlara keçmədən deyək ki, biz indiyə qədər həm razılıqlı, həm də razılaşdırılmamış mitinqlər etmişik və təkcə buna görə 2019-cu ildə 100 nəfər partiya funksioner həbs olunub.
Bunları ona görə deyirik ki, dəyərli dostlarımız bilsinlər ki, xalqın kütləvi şəkildə iştirak etmədiyi, yalnız partiya üzvləri və az sayda müstəqil fəalların iştirak etdiyi 10-15 min nəfərlik mitinqlərlə ölkənin problemlərini həll etmək mümkün deyil. Hər dəfə xalqın müşahidəçi qaldığı bu cür mitinq təşəbbüsləri ilə biz rejimin inzibati gücü ilə meydanda qarşı- qarşıya gəlmişik və qüvvələr nisbəti rejimin xeyrinə olduğu üçün real nəticələr də əldə etmək mümkün olmayıb. Buna görə məruz qaldığımız təzyiq və itkilərimizə görə də necə deyərlər yaramızı kimsəyə minnət qoymadan özümüz sarmışıq. Bu qarşılıqsız fədakarlığa görə, AXCP, Əli Kərimli təşəkkür yerinə, bəzən hələ bir bizi meydanda tək buraxanlardan zaman – zaman ” bu qədər də müxalifətdə qalmaq olar?” tənəsini də eşidib sinəyə çəkməli olub.
İndi isə 10 nəfərin bir araya toplaşmasının qadağan edildiyi uzun müddətli pandemiya dövründən çıxmış AXCP, öz təşkilati strukturlatını yenidən komplektləşdirir. Bu yaxınlarda keçirilən son iki tədbirdə- Novxanı və Elçibəyin doğum günü mərasimlərində hər kəs gördü ki, qısa müddətdə AXCP reablitasiya mərhələsini keçib və yenə də bütün yerdə qalan təşkilatların hamısının birgə cəmindən daha güclüdür, daha kütləvidir. Ancaq, dostlar, etiraf edək ki, bu, böyük dəyişikliyə gətirəcək aksiyalar üçün yetərli deyil, axı biz öz təşkilati gücümüzü göstərmək üçün deyil, xalqın da kütləvi şəkildə qoşulacağı demokratik bir etiraz hərakatı başlamaqdan ötrü meydanlara çıxmaq istəyirik.
Ona görə də, bizim cəmiyyətdən sosial sifariş gəlmədən partiya olaraq verəcəyimiz mitinq qərarı, yenə də əvvəlki dövrlərdəki aksiyaların təkrarı olacaq. Görürük ki, dostlar tez – tez belə bir fikir təkrarlayırlar ki, guya azsaylı aksiyalarla cəmiyyəti kütləvi mübarizəyə hazırlamaq olar. Ən azı yuxarıda xatırlatdığı keçmiş dövrün təcrübəsi göstərir ki, bu doğru deyil, belə aksiyalarla olsa – olsa Yutub kanallarının müvəqqəti baxış sayı arta bilər, necə ki, əvvələr də belə olub. Təəssüf ki, cəmiyyətimizin narazılıq səviyyəsi ilə, mübarizə ovqatı hələ ki, düz mütənasib deyil. Ona görə də, kütləvi aksiyaların qarşısını kəsən bu ictimai süstlüyün günahını AXCP-nin üzərinə atıb “niyə mitinq etmirsiniz” deməkdənsə, ictimai inama zərbə vurmadan xalqı mitunqlərə hazırlamaq gərəkdir.
Bəs nə etməli? Biz getdikcə cəmiyyətdə sosial iqtisadi problemlərin kəskinləcəyini, Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin xalqın gözləntilərini və siyasi fəallığını yüksəkdəcəyini, paralel olaraq da Qərbin avtoritar Azərbaycan hakimiyyətindən demokratiya tələblərinin də artacağını gözləyirik. Bütün bu amillər bizlərin bu gün gördüyü işlərlə bərabər bir yerdə mitinqlər üçün sosial sifariş yaradanda, AXCP olaraq biz yenə də heç bir təzyiqə baxmadan mitinq qərarı verib xalqımızı öz haqları uğrunda mübarizəyə çağıracağıq. Bundan kimsənin şübhəsi də olmasın. Unutmayaq ki, siyasətdə mitinq qərarı ayrı – ayrı şəxslərin sifarişi ilə deyil, xalqın, cəmiyyətin sosial sifarişi ilə verilir. Biz də indi boş durmamışıq, bu sifarişin yaranması üçün çalışırıq.