Mübarək hakimiyyəti ötürmək üçün plan hazırlatdırır

 

 

Misir prezidenti Hüsnü Mübarək hakimiyyətin dinc ötürülməsi üçün dəqiq qrafiki ehtiva edən “yol xəritəsi” hazırlamağa sərəncam verib.
Bu barədə fevralın 8-də Hüsnü Mübarəklə keçirdiyi görüşdən sonra vitse-prezident Ömər Süleyman bəyan edib. Ömər Süleyman prezidentin istefasını tələb edən aksiyaçıların da təqib olunmayacağını bildirib: “Prezident milli konsensusu alqışlayır və böhranı aradan qaldırmaq üçün hazırda bizim düzgün yolla getdiyimizi təsdiqləyir”.

***

“Misirlilər azadlıq istəyirlər…”

Mübarək komissiya yaradır

Misir prezidenti Hüsnü Mübarək Qahirənin Təhrir meydanında nümayişçilərin arasında baş vermiş və 11 nəfərin ölümü ilə nəticələnmiş qarşıdurmanın araşdırılması üçün müstəqil komissiya yaratmağı tapşırıb.
Prezidentin sözlərinə görə, komissiya «tamamilə müstəqil olmalı və Misir cəmiyyətində ləyaqət və vicdanları ilə tanınan şəxslərdən təşkil olunmalıdır». O komissiyanı «nümayişçilərə qarşı yol verilmiş yolverilməz qanun pozuntularını araşdırmağa» çağırıb.
ABŞ prezidenti Barak Obama hesab edir ki, Misirdəki siyasi vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb. «Misirdə siyasi proseslərin gedişinin müzakirəyə ehtiyacı olduğu gözə qabağındadır. Misirlilər də məhz bu sahədə uğurlara nail olurlar»,- deyə ticarət palatasında çıxış edən Obama bildirib.
Obama Misirdə hakimiyyətin nizamlı ötürülməsinə və müxtəlif siyasi spektrləri təmsil edən şəxslərin hökumətdə iştirakına tərəfdar olduğunu bildirib.
«Misirlilər azadlıq, azad və ədalətli seçkilər, onları təmsil edən və dinləyən hökumət istəyirlər. Biz onlara (Misir hakimiyyətinə) dedik ki, onlar dərhal hakimiyyətin nizamlı ötürülməsinə başlamalıdırlar», – deyə ABŞ prezidenti bildirib.

 

***

Misirdə yanvarın 25-dən başlayan kütləvi etiraz aksiyalarında minimum 297 nəfər ölüb. Rəqəmi Human Rights Watch təşkilatı açıqlayıb. Təşkilatın nümayəndələri bildiriblər ki, həlak olanlar haqqında məlumatlar kütləvi aksiyaların daha geniş vüsət aldığı Qahirə, Süveyş və İsgəndəriyyədəki yeddi xəstəxanadan götürülüb. Misir Səhiyyə Nazirliyi isə indiyə kimi aksiyalarda həlak olanlar və yaralananların sayı ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.