Bizi ölkədən necə qovdular?

İlham Hüseyn

Zaur adlı “aparacı”nın Güneyli müğənnini efirdən qovması haqlı olaraq hamının etirazına səbəb oldu. Bir anlıq özümüzü düşündüm, faciəmizin başlanğıcı yadıma düşdü. Əslində bizi xalq olaraq ölkədən qovublar. Həm də daha kobud, daha hörmətsiz formada qovublar. Əvvəlcə seçkini ölkədən qovdular, sonra müstəqil məhkəməni, sonra şəffaf idarəçiliyi, sonra azad mətbuatı, sonra keyfiyyətli təhsili, sonra sağlam səhiyyəni və.s
Bir də ayıldıq ki, ədalət, həqiqət, qürur, azadlıq, dəyərlər ölkədən itkin düşüb. Hər dəfə dövlətin təməli olan dəyərlər itkin düşəndə, bizim cəsarətimiz gizlənməyə adət etdi. Biz susduqca, yaxşı olan hər şey ölkədən qovuldu. Bizi neft pullarının həndəvərindən qovub, özləri milyardları yedilər. Bizi istirahət məkanlarından qovub, özləri komfort həyat yaşadılar. Arzularımızı qovub, heydən saldılar. Axırda arzularımız mədəmiz boyda oldu. Əgər zəngin bir ölkədə vətəndaş 200-300 manatın girovuna çevrilibsə, əgər bir ölkədə uşaqpulu verilmirsə, əgər müəllimlə deputatın maaşı arasında 20-30 dəfə fərq varsa, əgər bir ölkədə həqiqəti deyənlər “vətən xaini” kimi təqdim edilirsə, əgər bir ölkədə intihar xilas yoluna çevrilibsə, əgər milyonlarla insan ölkəni tərk etmək üçün fürsət axtarırsa, deməli, o ölkədən hamı qovulub. Ən pisi isə budur ki, Zaurun müğənnini efirdən qovması, hökumətin xalqı ölkədən qovmasından daha böyük qəzəb yaradır. Bir sözlə, hökumət bizi ölkədən qovmağa qərar verəndə etiraz etsəydik, indi televizoru açanada səviyyəsiz adamları görməzdik. Televizor maarifləndirməyə xidmət edərdi. Ekrandan müğənniləri qurdalayan Zaurları yox, beynimizi inkişaf etdirən intellektli aparıcıları görərdik. Ölkə necə idarə olunursa, efir də elə idarə olunur. Avtoritarizm cəmiyyətə dəyərləri deyil, ucuz şouları paylamaqda maraqlıdır. Yəni, Zaur bu hökumətin əsəridir. Qovulmuş xalqın qarşısına çıxarılan adam belə olmalıdır. Xalq hakimiyyətin mənbəyi olanda, xalqın qarşısına çıxarılan adam da adekvat olur. Elman Nəsirov ümummilli deputatdırsa, Zaurlar da ümummilli aparacıya çevrilməlidir. 5-10 adam 10 milyon xalqı sağa-sola qovur. Biz də hələ ki, qaçırıq….