shahin-hesenli

“Mübarizə davam edəcək”

shahin-hesenliVicdan məhbusu Şahin Həsənli həbsxanadan birbaşa “Azadlıq”a gəldi

“Mən cismən azadlığa çıxmışam”

“Həbsxanada görürdüm ki, 45 illik həyatımı düzgün yaşamışam”

Dekabrın 27-də son əfv fəramanı ilə azadlığa çıxan vicdan məhbusu, AXCP funksioneri Şahin Həsənli ilk olaraq “Azadlıq” qəzetinin redaksiyasına gəlib. Şahin Həsənli AXCP Ali Məclisinin sədri Həsən Kərimov, partiya sədrinin müavini Gözəl Bayramlı və partiyanın bir neçə fəalı ilə birgə 14 saylı cəzaçəkmə müəssisəsinin qarşısından birbaşa “Azadlıq”ın redaksiyasına gələrək kollektivlə görüşüb, həbsdə saxlandığı müddətdə onu və başqa vicdan məhbuslarını müdafiə etdiyi üçün kollektivə minnətdarlıq edib. Redaksiya əməkdaşları Şahin Həsənlinin, eləcə də başqa siyasi məhbusların haqq etdikləri azadlığa qovuşmalarına görə sevinc hisslərini bölüşüblər.

Şahin Həsənli “Azadlıq”a geniş müsahibə də verib. Müsahibəni təqdim edirik:

– Şahin bəy, əfvə düşəcəyinizi gözləyirdiniz?
– Sözün düzü gözləyirdim. Bilirdim ki, yanvarın 20-də AŞ PA-nın sessiyasında siyasi məhbus məsələsi müzakirəyə çıxarılacaq. Ştrasser də Azərbaycanda siyasi məhbus məsələsini olduqca sərt qoymuşdu. AŞ PA həmməruzəçiləri Jozef Qrex və Pedro Aqramund mənimlə müalicə müssisəsində görüşmüşdülər. Bu görüş zamanı anladım ki, hakimiyyətə böyük təpkilər var.

– Həbsdə olduğunuz müddətdə dostlarınız, əqidədaşlarınız, hüquq müdafiəçilərinin fəaliyyətini necə qiymətləndirirsiniz. Razı qaldınızmı onlardan?
– Başda AXCP sədri Əli Kərimli olmaqla, bütün partiyadaşlarıma minətdarlığımı bildirirəm. Onlar məni 21 ay müddətində yalqız qoymadılar. Daim diqqətdə oldum. Öz partiyamdan çox razıyam. O cümlədən hüquq müdafiəçilərinə təşəkkürümü bildirmək istəyirəm. Hüquq müdafiəçilərinin hamısı məni siyasi məhbus elan ediblər. Həm Leyla Yunus, həm Novella Cəfəroğlu, həm də Eynulla Fətullayev məni siyasi məhbus kimi tanıyıraq, siyahılarına salıblar. Dostlarımdan da çox razıyam. Hərdən həbsxanada da söhbət düşürdü yaxın dostlardan və mən görürdüm ki, 45 illik həyatımı düzgün yaşamışam. Həm dostlar, həm partiya, həm də ailə seçimində uğurlu insanam.
Mətbuatdakı dəstəyə gəlincə, xüsusi olaraq «Azadlıq» qəzetinə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, məkəmələrim Gəncə şəhərində keçirilirdi, amma bütün məhkəmə prosesləri, istintaq dövründə olan proseslər işıqlandırıldı. Buna görə «Azadlıq»ın əməkdaşı Ramin Dekoya da ayrıca təşəkkür edirəm. Mətbuat siyasi məhbus problemlərini həmişə gündəmdə saxlayıb. Həm «Azadlıq», həm də «Yeni Müsavat» qəzetində bizim şəkillər dərc olunurdu.

Avropa Məhkəməsinə müraciət edəcəm

– Siz, dəfələrlə müraciət olunmasına baxmayaraq əhv fərmanı yazmadınız və günahsız olduğunuzu Azərbaycanda, bütün dünyada bilməyən yoxdur. Qanunsuz həbs olunmağınızla bağlı hüquqi mübarizəni davam etdirəcəksinizmi?
– Yerli məhkəmə instansiyalarının hamısını keçmişəm. Bu instansiyalarda günahsız olduğum sübuta yetirilsə də, hakimlər mənə qarşı qərəzli mövqe nümayiş etdirərək, qərarı qüvvədə saxlayıblar. Mən eyni zamanda cəzamın daha yüngül forma ilə əvəzlənməsi üçün müraciət etmişdim. Bu iddiam da təmin edilmədi. Apellyasiya şikayətində də yerli məhkəmənin qərarı qüvvədə saxlanılmışdı. Məhkəmələrdə mənə qarşı olan qərəz özünü açıq şəkildə göstərib. Sənədlərim hazırda Avropa Məhkəməsinə təqdim edilmək üçün hazırlanır. Çünki mən vicdan məhbusuyam, ədalətsiz həbs olunmuşam.

– Bəzən insanlar bir neçə sutkalığa belə tutulmaqdan qorxduqlarından aksiyalara çıxmağa çəkinirlər. Həbsxana qorxulu yer deyil ki?
– Həbsxana qorxulu yer deyil. Baxmayaraq ki, həbsxanalarda hazırda ciddi islahatlar aparmağa ehtiyac var. Son zamanlar həbsxanalarda islahatlar ümumiyyətlə zəif gedir. Həbsxanalar insanların cəza olaraq göndərildiyi yer olmalıdır. Amma insanlar burada yalnız azadlıqdan məhrum edilmirlər. Bir növ türmənin içərisində də bir türmə var. Yəni sən onsuz da cəza olaraq həbsxanaya göndərilmisən və həyat tərzini həbsxanaya uyğunlaşdırmalısan. Amma məhkumlara da verilən müəyyən hüquqlar var ki, onlar həbsxanada təmin edilməlidir. Əfsuslar olsun ki, həbsxana rəhbərlikləri məhkumlara verilən hüquqları tam icra etmirlər. Birdə ki, türmələr Azərbaycanın daxilindədir. Ölkədə olmayan azadlıq həbsxanada da yoxdur. Mən sadəcə olaraq cismani azadlığa çıxmışam. Mən ruhi azadlığa çıxmamışam. Çünki azadlıqda olanda da ruhum azad deyildi. Çünki yaşadığım ideyaları həyata keçirə bilməmişdim. Türmədə də həmin ideyalarla yaşamışam.

Mübarizə davam edir

– Hazırda qarşıdan daha dinamik bir dövr gəlir. Siz də ölkənin aparıcı müxalifət partiyasının rəhbərliyində təmsil olunan şəxsiniz. Mübarizəyə davam edəcəksinizmi?
– Ələbəttə. Biz qarşımıza qoyduğumuz məqsədlərə hələ nail olmamışıq. O məqsədlərə nail olana qədər mübarizə davam edəcək. Bu mübarizədə varıq və bundan sonra da olacağıq.

– Həbsxanada başqa dustaqların siyasi məhbuslara münasibəti necə idi?
– Bütün mərhələlərdə, Gəncədə, Şüvəlanda, Kürdəxanıda, 14 saylı cəzaçəkmə müəssisəsində məhbusların bizə qarşı münasibəti çox yaxşı olub. Çünki onlar da bizi ideya adamı hesab edirlər. İdeya daşıyıcılarına həmişə, hər yerdə hörmətlə yanaşılıb. Məhbusların çoxu etiraf edirdi ki, kaş bizim yerimizə olaydılar.

Xəyal