AB üzvlüyünə namizədlik Ukraynaya ciddi imkanlar açır

AXCP sədri Əli Kərimli

Ukraynaya Avropa Birliyinə rəsmi namizəd statusunun verilməsi Rusiya-Ukrayna savaşının ilk 4 ayının simvolik yekunu kimi də qiymətləndirilə bilər. Rusiya 4 ay öncə müharibəyə başlayanda ümid edirdi ki, Ukraynanı bir neçə günə işğal edib, orada öz agenturasından ibarət əlaltı rejim yaradacaq. Həmin əlaltı rejim də Ukraynanı Rusiyanın imperiya layihəsi olan Avrasiya Birliyinə qoşacaqdı. Ancaq alınmadı. Ukraynalılar dirəndi. 4 aydır ki, Rusiya ilə bərabər tərəf kimi vuruşurlar. Ukraynanın bu fədakarlığı Qərbi də Ukraynaya dəstəyini artırmağa ruhlandırdı. Avropa Birliyi üzvlüyünə namizəd statusu Ukraynanın bu savaşda əldə etdiyi ən böyük siyasi qələbədir. Bir çoxları elə düşünür ki, Avropa Birliyi üzvlüyünə namizəd statusu daha çox mənəvi, siyasi dəstəyin ifadəsidir, ukraynalıları ruhlandırmaq məqsədilə edilmiş siyasi jestdir və guya Ukraynaya elə də ciddi köməyi nəzərdə tutmur. Səhv yanaşmadır və şübhəsiz ki, belə yanlış qənaətlərin yaranmasında Rusiya təbliğatının da rolu böyükdür. Ukraynanın Avropa Birliyi üzvlüyünə namizədlik statusu almasına əngəl ola bilməyən Rusiya öz təbliğat şəbəkəsi vasitəsilə bu statusun əhəmiyyətini azaltmağa çalışır.

Əslində isə AB üzvlüyünə namizədlik statusu Ukrayna qarşısında çox ciddi imkanlar açır. Bu status siyasi baxımdan Ukraynaya təminat verir ki, AB onu quruma üzvü olacaq dövlət kimi görür. Bu qərardan sonra Ukraynanın indiki sərhədlərilə AB-yə üzv olması təkcə ukraynalıların deyil, həm də AB-yə üzv dövlətlərin birgə vəzifəsi və hədəfi olacaq.

AB üzvlüyünə namizədlik statusu Ukrayna üçün çox böyük sosial, iqtisadi imkanlar, imtiyazlar yaradacaq:

  1. AB üzvlüyünə namizəd olaraq Ukrayna sosial, iqtisadi, nəqliyyat, infrastruktur, ekoloji layihələr, insan kapitalının, kənd təsərrüfatının inkişafı proqramları üzrə AB-dən hər il milyardlarla avro yardım alacaq.
  2. AB üzvlüyünə namizəd olaraq Ukrayna təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün milyardlarla avroluq subsidiya və qrantlar ala biləcək.
  3. AB üzvlüyə namizəd dövlətin AB standartlarına çatması üçün çox böyük maliyyə imtiyazları tanıyır. Ukrayna rəsmiləri ümid edirlər ki, ölkələri əhalinin həyat səviyyəsini AB standartlarına yaxınlaşdırmaq üçün birliyin müxtəlif fondlarından ildə üst-üstə 12 milyard avro yardım ala biləcək (qeyd edək ki, müharibə xərcləri bura daxil deyil).
  4. AB üzvlüyünə namizədlik statusu Ukraynaya iri həcmli xarici investisiyaların cəlb olunmasına, uzunmüddətli kreditlərin verilməsinə yaşıl işıq yandıracaq. Müharibə bitəndən sonra AB üzvlüyünə namizəd Ukraynanın öz iqtisadiyyatına hər il təqribən 10 milyard avro xarici investisiya, 10 milyard avro da uzunmüddətli və aşağı faizli kredit cəlb edəcəyi də gözlənilir.
  5. Ukrayna AB-dən ayrıca özünün müdafiə xərclərini ödəmək üçün də ilbəil milyardlarla avroluq yardım alacaq.

Ukrayna 2014- cü ildən bu ilə qədər isə AB-dən artıq 17 milyard avro yardım alıb.

Bu yazını iki məqsədlə yazdım. Əvvəla, istədim ki, AB üzvlüyünə rəsmi namizəd olmanın Ukraynaya hansı imkanlar yaratdığını bilək.
İkincisi, işğalçı Rusiya ilə yardım, inkişaf və tərəqqi vəd edən AB arasında bu gün də seçim etməyə çətinlik çəkən soydaşlarımıza qərar verməkdə azacıq kömək olsun dedim.

Rusiya dövlətləri yanına çəkmək üçün nə edir? Torpaqlarını işğal edir, ordu göndərir, ərazilərində separatçı qurumlar yaradır, həmin ölkələrdə avtoritar, ailə hakimiyyətlərinin qurulmasına çalışır.
Bəs AB üzvlüyə qəbul etdiyi dövlətlərə nə edir? Həmin ölkələrdə islahatları, azadlıq və demokratiyanı dəstəkləyir, onların sosial-iqtisadi inkişafı üçün külli miqdarda yardım edir, üzvlüyə namizəd dövlətlərdə həyat səviyyəsinin AB standartlarına yaxınlaşması üçün bəzi dövlətlərə (dövlətlərin böyüklüyündən asılı olaraq) 10-larla, bəzilərinə 100-lərlə milyard avroluq yardımlar edir.

Əziz həmvətənlər, başına qapaz vurub, sərvətini və hüquqlarını əlindən alanla, əlindən tutub müasir, demokratik, rifah dövləti qurmağına yardım edənin arasında seçim etmək doğrudanmı çətindir?