26dec-manset

Sabiq DIN əməkdaşından növbəti şok məlumat

7-ci idarədə əməkdaşlara hansı işlər təklif olunub?

Daxili Işlər Nazirliyinin 7-ci idarəsinin sabiq əməkdaşı Hikmət Vəliyev “Azadlıq”a yeni maraqlı məlumatlar verib. Hikmət Vəliyevin bu dəfəki məlumatları fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin videosundan tanıdığımız DIN-in 7-ci idarəsinin sabiq əməkdaşı polkovnik Rövşən Abasquliyevlə bağlıdır. Xatırladaq ki, həmin video Mahir Abdullayevin oğurlanmasından az sonra çəkilib. Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də yoxa çıxıb. Bundan bir qədər sonra isə Rövşən Abasquliyev Elşad Abdullayevlə görüşərək qardaşının Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxldanıldığını bildirib. O, bu məlumatı rəisindən aldığını deyib. Bu videodan sonra DIN açıqlama yayaraq Rövşən Abasquliyevin 5 il əvvəl işdən çıxarıldığını bəyan etdi.
Hikmət Vəliyev isə qəzetimizə bildirib ki, birgə çalışdığı Rövşən Abasquliyev 2002-ci ildə öz ərizəsilə işdən çıxıb: “2002-ci ildə bizə bir sıra cinayət xarakterli işlərdə iştirak etmək təklif olundu. Mən hələ bu işlərin nədən ibarət olması barədə açıqlama vermək istəmirəm. Amma gələcəkdə bu barədə də ictimaiyyətə məlumat verəcəm. Lakin biz həmin işlərdə iştirak etməkdən imtina etdik. O zaman Rövşən Abasquliyevlə mənə bildirdilər ki, ya öz ərizənizlə işdən çıxacaqsınız, ya da sizi narkotiklə həbs etdirəcəyik. Biz də öz ərizəmizlə işdən çıxdıq. Elşad Abdullayevin videosundan, həmçinin DIN-in açıqlamasından isə görünür ki, sonradan o, işinə qayıdıb. Bu o deməkdir ki, Rövşən Abasquliyev həmin qara işlərdə iştirak etməyi qəbul edib”.
Hikmət Vəliyevin bu söylədiklərinin nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma həqiqətən də məsələ onun dediyi kimidirsə, deməli, Rövşən Abasquliyev həqiqətən də hansısa qaranlıq əməliyyatlarda istifadə olunmuş kadr olub. Sonradan isə onunla üzülüşüblər.

Siyavuş