Abbas Abbasov İlham Əliyevlə görüşündən danışdı

«Rusiyadakı Azərbaycan təşkilatları ilə bağlı dərin söhbətimiz oldu»

Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov Bakıya gəlib. A.Abbasovun oğlu, deputat Aydın Abbasov APA-ya açıqlamasında atasının dekabrın 25-də dövlət başçısı Ilham Əliyevlə görüşdüyün bildirib. Lakin o, görüş barədə ətraflı məlumat verməyib. Bildirib ki, atası artıq Moskvaya qayıdıb. Görüş isə çox normal keçib.
Bu görüş haqda məlumatın yayılmasından az sonra Abbas Abbasov özü də ANS-ə bu haqda açıqlama verib. O bildirib ki, görüşdə Rusiyadakı azərbaycanlıları özündə birləşdirən təşkilatların gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi olub: “Cənab prezidentlə görüşdükdə bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında, demək olar ki, bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu. Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyələrini verdi və mənə bu məsələlərlə bağlı sıx əlaqə yaratmaqla yaxından məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı. Bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək”.
Qeyd edək ki, A.Abbasovÿbir sıra tanınmış azərbaycanlıların Moskvada yaratdıqları Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) sədridir.
“Milyardelər Ittifaqı” kimi tanınan bu qurumun ilk toplantısı bu il sentyabr ayının 28-də keçirilib. Daha sonra Ittifaq verdiyi bəyanatla ciddi rezonans doğurub. Adı çəkilən qurum siyasətlə məşğul olmayacağını bəyan etsə də, onun çağırışı bəzi dairələrdə narazılıqla qarşılanıb.
Sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısında RATI adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.
RATI Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Orada Abbas Abbasovdan başqa, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyov, iş adamları Isgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman Ismayılov və başqaları təmsil olunur.