Hakimiyyət dəyişəndə siyasi bayramların taleyi necə olur?
Qurtuluş, yoxsa çevriliş – Azərbaycanda 15 iyun 1993-cü il hadisələrinə verilən qiymət bu qədər fərqlidir.
Həmin gün eks prezident, indiki prezidentin atası Heydər Əliyev Ali Sovetin sədri seçilib. Onun bu posta gəlişi Surət Hüseynovun başladığı hərbi qiyam nəticəsində mümkün olub. Əliyev parlament sədri, sonra prezident səlahiyyətlərini ələ alıb.
Hakimiyyətin propaqandası 15 iyunu Azərbaycan xalqı və dövlətinin qurtuluş anı, qaçılmaz tarixi zərurət kimi təqdim edir və 1997-ci ildən bəri bu gün bayram kimi təqvimə salınıb. 1998-ci ildən isə 15 iyun dövlət bayramı statusu alıb. Həmin günün tarixdəki rolu ilə bağlı cəmiyyətdə mübahisələr davam etsə də.
Azərbaycan təqvimində mübahisəli bayramlar olan yeganə ölkə deyil. Siyasi günlərin təqvimdəki taleyi ilə bağlı tarixdən bir neçə nümunəyə nəzər salaq.
İndoneziya 30 sentyabr – Qurtuluş, yoxsa faciə günü
İndoneziya prezidenti Sukarno ölkədə şəxsiyyət kultu tətbiq etməklə tarixə düşsə də, onun adı və həyat yolu ilə bağlı xüsusi təqvim günü yox idi.
1950-60 -ci illər Qərb mətbuatı Sukarnonun 6 iyunda doğulduğuna görə öz ad gününə mistik məna verdiyini (6 rəqəmini şeytan rəqəmi saydığı üçün) və buna görə doğum günündə gizləndiyini yazırdı. Əvəzində onun adına çoxlu universitetlər, şəhər və məktəblər var idi.

İndoneziyada 1967-ci ildə Suhartonun rəhbərlik etdiyi 30 sentyabr hərəkatı hərbi qiyamla rəhbər Sukarnonu devirdi və kommunistlər hakimiyyətə gəldi. G30S kimi adlandırılan 30 Sentyabr hərəkatının şərəfinə hər il həmin tarixdə bayram qeyd olunurdu. Qeyri-iş günü olmasa da, ölkəboyu Sukarno hakimiyyətindən qurtulmağı bayram edirdilər.
Suharto həm də “desukarnoizasiya” siyasəti həyata keçirirdi. Sukarnonun İndoneziya tarixindəki rolunu silməyə cəhd edən Suharto hökuməti əvvəlki prezidentin adına olan universitetlərin şəhərlərin, küçələrin adını dəyişdirmiş, tarix dərslərində tarixi yenidən yazdırmışdılar. Ta 1998-ci ilə qədər…
1998-ci ildə Suhartonun devrilməsindən sonra onunla bağlı olan tarixə də münasibət dəyişdi. İndoneziyalıların təqvimində indi də 30 sentyabr işarələnib. Amma qara hərflərlə. Bu tarix artıq faciə günü kimi anılır.
Haiti – atadan oğula keçən hakimiyyətin sonu
Qurtuluş günü qeyd edən daha bir ölkə Haiti idi. Düvalyelərin hakimiyyəti dövründə hər ilin aprelində ata Düvalyenin ad günü və qurtuluş günü qeyd edilirdi.
Duvalye sülaləsi Haitidə 1957-ci ildən 1986-cı ilə qədər təxminən iyirmi doqquz il davam edən atadan-oğula ailə diktaturası idi.
Fransua Duvalye1957-ci ilin oktyabrında Haiti prezidenti seçildi. O, diktatura, terror və şəxsiyyətə pərəstiş rejimi qurdu. Müxalifət fiziki cəhətdən məhv edildi, narazılar ciddi şəkildə təqib edildi.
1967-ci ilin aprelində ata Düvalyenin hakimiyyətə gəlməsinin 10-cu ildönümü və prezidentin ad günü nə az, nə çox, düz dörd gün davam edən şənliklərlə qeyd edilmişdi. Həmin şənliklərdə bomba partlayışı nəticəsində iki nəfər həyatını itirmişdi.
Fransua 21 aprel 1971-ci ildə vəfat etdi. Onun hakimiyyəti dövründə təqribən 30 min vətəndaş hökumət tərəfindən öldürülmüş, yüz minlərlə haitili isə ABŞ, Kuba və Kanadaya mühacirət etmişdi. Ölümündən sonra hakimiyyətə oğlu Jan-Klod Düvalier gəldi.
1986-cı ilin fevralında Haiti generalları və ABŞ administrasiyası tərəfindən faktiki olaraq dəstəklənən kütləvi etirazlar Jan-Klod Düvalyeni prezidentlikdən getməyə və Haitini tərk etməyə məcbur etdi. Ölkə uzun bir siyasi təlatüm dövrünə qədəm qoydu. O zamandan bəri Düvalyelərlə bağlı bayramlar da ləğv olunub.
Türkmənistanda “Ruhnamə günü”
Türkmənistanda yaxın keçmişə qədər 12 sentyabrda “Ruhnamə Günü”nü qeyd edirdilər. “Ruhnamə” (Ruhun kitabı) Türkmənistanın keçmiş prezidenti Səfərmurad Niyazovun yazdığı kitabdır. Əxlaqi bioqrafik kitabda təqdim olunan faktların çoxunun şübhəli olduğu qeyd olunurdu. Məktəblərdə və universitetlərdə imtahan vermək və istənilən dövlət işini yerinə yetirmək üçün onun mətnini bilmək tələb olunurdu. “Ruhnamə”ni bilmədən hətta sürücülük vəsiqəsi də almaq mümkün deyildi.

Niyazov dövründə “Ruhnamə günü” Türkmənistanda ən mühüm dövlət bayramlarından biri idi. Onun tarixi, 12 sentyabr, “Ruhnamə”nin ilk dəfə 2001-ci ildə nəşr olunduğu günü qeyd etmək üçün seçilmişdir. Lakin S.Niyazovu Qurbanqulu Berdiməhəmmədov əvəz edəndən sonra “Ruhnamə”nin əhəmiyyəti getdikcə azalmağa başladı. “Ruhnamə günü” dövlət bayramları siyahısından çıxarıldı. Niyazovun təqvimə saldığı aşıqlar günü Türkmən baxşi bayramı da posttürkmənbaşı dəyişikliklərinin qurbanı oldu.
Tarix belə nümunələrlə doludur. Təcrübə göstərir ki, şəxsiyyət kultunun ömrü həmin şəxsiyyətin hakimiyyəti qədər olur.
2004-cü ildə prezident İlham Əliyev ensiklopediyanın redaksiya heyəti ilə keçirdiyi müşavirədə də özünün hakimiyyəti bitdikdən sonra tarixə nələr yazılacağından narahatlığını bildirmişdi.
O, Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrün ensiklopediyada durğunluq və korrupsiya illəri olaraq adlandırılmasına, Heydər Əliyev haqqında nəşrdə pozitiv bir kəlmə də olmamasına qəzəblənmiş, ensiklopediyanın məsul katibi İsmayıl Vəliyevi sərt şəkildə müşavirədən qovmuş, sonra isə işdən çıxarmışdı. “Mən burada olmasam, nə yazardınız?” deyə alimləri danlayan prezident İlham Əliyev bu müşavirədən sonra həm də ensiklopediyanın redaksiya heyətinin sədridir.
Toplum tv