Əli Insanov və Fərhad Əliyev əfv siyahısına salınmayıb
Leyla Yunus: «Hakimiyyətin təkcə bu iki şəxslə deyil, başqa siyasi məhbuslarla da problemləri var»
Yeni il ərəfəsi prezidenti əfv fərmanı imzalayacağı gözlənilir. Lakin artıq indidən bəzi siyasi məhbusların adının bu siyahıya daxil edilmədiyi məlumdur. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət Ibrahimqızı mətbuata açıqlamasında sabiq nazirlər Əli Insanov və Fərhad Əliyevin adlarının əfv siyahısına salınmadığını deyib.
Deputatın sözlərinə görə, əfv siyahısına salınanlar əsasnaməyə uyğun olaraq seçilir. Kimliyindən, nə qədər cəza almasından asılı olmayaraq, kim əfv üçün müraciət edirsə, onun müraciətinə baxılır.
Bu iki şəxsin adının əfv siyahısına salınmaması birmənalı qarşılanmır. Bir çox ekspertlərin fikrincə, hakimiyyət seçki ərəfəsində bu şəxslərin azadlığa çıxmasını özü üçün təhlükə sayır. Ancaq hər bir halda Avropa Şurası məruzəçisi K.Ştrasserin siyahısında adı olan siyasi məhbusların AŞ PA-nın sessiyası ərəfəsində əfv edilməməsi hakimiyyət üçün problemlər yarada bilər.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus hakimiyyətin təkcə bu iki şəxslə deyil, digər siyasi məhbuslarla da probleminin olduğunu deyir. Bu siyahıya Vidadi Isgəndərovu, məhkəməsi hələ bitməyən Əvəz Zeynallını da əlavə etmək olar.
Hüquq müdafiəçisinin sözlərinə görə, əfv siyahısına bir qayda olaraq həbs müddətinin yarıdan çoxunu çəkən siyasi məhbuslar salınır. Bəziləri müddətin başa çatmasına az vaxt qalmış azad edilir. Hakimiyyətin siyasi məhbuslara münasibəti məhz belədir. Sabiq nazirlərin nə səbəbdən əfv siyahısına salınmamasına gəldikdə, hüquq müdafiəçisi bu barədə fikir bildirməyə çətinlik çəkdiyini dedi. Çünki, ümumiyyətlə, budəfəki siyahıya kimlərin salındığından xəbərsizdir.
Fizzə