sulheddin

“Bu cinayətlər yalnız rejim dəyişəndə açılacaq”

sulheddin«Geniş koalisiyanın yaradılması qaçılmaz zərurətə çevrilib»

Sülhəddin Əkbər: «Gəlin birləşib mübarizə aparaq və bu mübarizə öz liderini təbii şəkildə ortaya çıxaracaq»

«Rejim özünü cəzalandırmayacaq və çalışacaq ki, faktları da ört-basdır etsin»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ötən gün daha bir videonu ictimailəşdirdi. Əvvəlki video görüntülər kimi sonuncu da hakimiyyət orqanlarının bir sıra yalanlarını ortaya qoydu. Lakin yenə də açıqlanan videoya cəmiyyətin böyük marağı müşahidə olundu. ACP sədri Sülhəddin Əkbərin fikrincə, cəmiyyətin baş verənlərə reaksiyası təəccüblü deyil. Çünki E.Abdullayevin açıqladığı videolar Azərbaycandakı idarəetmə üsulunu açıq formada ifşa edir:

– Artıq söhbət konkret faktlardan və baş verənlərdə əli olan adamlardan gedir. Bu adamlar Azərbaycanın dövləti idarəetmə sistemində mühüm post tutanlardır. Bu videolar bir tərəfdən parlamentin hansı yolla formalaşdığını ortaya qoyur. Başqa bir tərəfdən də hakimiyyətdəkilərin kriminala baş vurduğunu göstərir. Hər dəfə videolar açıqlanandan sonra yeni hallar meydana çıxdığına görə cəmiyyətdə böyük marağa səbəb olur. Hakimiyyətin vəziyyəti pisləşdikcə, qruplaşmalararası savaş  dərinləşdikcə bu tip məlumatların meydana çıxması artacaq.

– Siz də parlament seçkiləri zamanı namizədliyinizi irəli sürmüsünüz. Iştirak etdiyiniz seçkiləri necə xarakterizə edərdiniz?
– Konkret olaraq seçkini idarə edən şəxslər özləri etiraf edirdilər ki, nəticələrin necə olacağını gözəl bilirsiniz. Hətta seçkilərin azad və ədalətli keçirilməsini istəsək belə, son anda, protokolların yazıldığı bir zamanda nəticələr saxtalaşdırılacaq. Bu baxımdan Azərbaycanda seçki prosesi eyni mərkəzdən və oxşar üsullarla idarə olunur. Mənim namizəd olduğum dairədə hətta seçicilərin pul ilə ələ alınması belə müşahidə olunurdu. Təəssüf ki, bir sıra seçicilər bu pulu alıb, səslərini satırdılar.

Hüquq-mühafizə orqanları özlərini ifşa etməyəcək

– Bu videolar eyni zamanda daha bir dəhşətli faktı, hakimiyyətdə təmsil edilənlərin insan oğurluğunda əlləri olmasını ortaya qoydu. Bu faktı necə dəyərləndirmək olar?
– Normal demokratik ölkələrdə vəzifəli şəxslər bu cür hallarda hətta günahkar olmasa belə tutduğu postdan istefa verir. Çünki o öz reputasiyasını nəzərə alır ki, rəqibləri gələcəkdə onu vəzifəsində qalaraq istintaqın gedişinə təsir etməkdə qınamasın. Amma çox təəssüf ki, Azərbaycanda normal, demokratik quruluşdan söhbət gedə bilməz. Ölkədə avtoritar rejim hakimiyyətdədir. Bu halda hətta fakt üzrə cinayət işi açılmır. Açılsa belə, istintaq getsə, onun gedişi zamanı dəlilər toplanmalı, şahidlər dinlənilməlidir. Burada söhbət hüquq-mühafizə orqanlarından gedirsə, onlar özləri cinayətlərini açası deyilir ki? Ona görə də bu cinayətlərin açılması yalnız rejim dəyişikliyi baş versə və ya hakimiyyət daxilində komandalardan biri digərini sıradan çıxaracağı halda mümkündür.

– Sevinc Babayeva Interpol vasitəsilə axtarışa verilib. Burada müəmmalı məqamlar mövcuddur. Çünki sual olunur: Bu cinayətdə adı halanan əsas şəxs ölkəni necə tərk edə bilər?
– Burada bir neçə məqam var. Bir tərəfdən ittiham olunan tərəf güclü mövqeyə malikdir və bu statusundan istifadə edir. Digər tərəfdən, açıq da olmasa, gizli şəkildə bu faktların aşkar olunmasında hakimiyyət daxilində maraqlı qruplar var. Bu, mübarizə aparan hakimiyyətdaxili qrupların qarşıdurmasının təzahürüdür.

Azərbaycan cəmiyyəti siyasi, mənəvi, psixoloji böhran yaşayır

– Azərbaycanda hakimiyyətlə bağlı ortaya çıxarılan olaylar hər hansı başqa ölkədə olsaydı orada ciddi təlatümlər yaşanardı. Amma Azərbaycanda cəmiyyət hələ ki, prosesləri seyr etməklə kifayətlənir. Bunun səbəbini necə dəyərləndirirsiniz?
– Bu ona görə baş vermir ki, rejim özünü cəzalandırmayacaq və çalışacaq ki, ortaya çıxan faktları da ört-basdır etsin. Ikincisi, təəssüf ki, Azərbaycanda ictimai-siyasi passivlik hökm sürür. Azərbaycan cəmiyyəti siyasi, mənəvi, psixoloji böhran yaşayır. Diqqət edirsinizsə, cəmiyyət ayrı-ayrı ölkələrdə inqilabi proseslərin başlanğıcı ola biləcək hadisələrə belə reaksiya verə bilmir. Yəni paradoksal vəziyyət yaranıb. Bu da cəmiyyətdə hər hansı köklü dəyişikliyin olacağına inamsızlıqla bağlıdır. Bütün müşahidə olunanlar yalan, qorxu siyasətinin nəticəsidir. Insanlar reaksiya verməyə belə çəkinirlər. Ictimai rəyin zəif olduğu bir ölkədə isə hakimiyyət bu tip əməllərini davam etdirəcəkdir. Düşünmürəm ki, bu faktlar ortaya çıxandan sonra kimsə rüşvət alırdısa, onu dayandıracaq. Bu sistemi poza biləcək bir hadisə baş verməyənə qədər rejimin siyasəti davam edəcək.

– Gülər Əhmədova ilə bağlı videolar açıqlanandan sonra hakimiyyətdəki qruplaşmalar bu faktlardan bir-birinə qarşı istifadə etməyə başladılar. Qarşıdan da seçki gəlir. Belə olan halda qruplaşmalararası qarşıdurmanını təzahürünü necə görürsünüz?
– Hazırda hakimiyyət daxilində nüfuz sahibliyi uğrunda mübarizə gedir. Çünki hakimiyyətdə kim daha çox nüfuz, mülkiyyət sahibidirsə, daha gücü olur. Ona görə bu tip rejimlərdə bu iki istiqamətdə mübarizə həmişə gedir. Qarşıdan gələn seçkilərdə də qruplaşmalar təmsil etdikləri rejimi qoruyub saxlamağa çalışacaqlar. Gözlənilməz olayalar baş verməsə, planlı inkişaf olarsa, hakimiyyətin namizədi yenə Ilham Əliyev olacaq. Ilham Əliyevin namizəd olduğu təqdirdə də hakimiyyətdəki qruplaşmalar onun ətrafında üstün mövqeyə sahib olmağa çalışacaqlar. Ola bilsin ki, fərqli qruplar fərqli namizədlər barədə düşünsünlər. Amma hələ ki, bu niyyətlərindən geri çəkilmiş kimi görünürlər.

Siyasi liderlərə qarşı yeni sui-qəsdlər istisna deyil

– Bu yaxınlarda cəmiyyətə məlum olan daha bir qalmaqalı məlumat AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd planının hazırlanması barədə oldu. Məlum oldu ki, 2005-ci il parlament seçkiləri zamanı MTN müxalifət liderinin fiziki məhvinə belə hazırlaşıbmış. MTN-in belə fəaliyyətini necə dəyərləndirmək olar?
– Azərbaycanda təhlükəsizliyə qeyri-rəsmi cavabdeh olan əsas xarici güclər arasında bir centelmen razılaşması var ki, onlar siyasi qətllərə yol verməyəcəklər. Ona görə də bu hal məni xüsusilə maraqlandırdı. Fikrimcə, bu işi nə hüquq-mühafizə orqanları, nə də xüsusi xidmət orqanları araşdıracaq. Amma bu işdə xarici xüsusi xidmət orqanları müəyyən rol oynaya bilərlər. Bunun da indiki şərtlər daxilində nə dərəcədə mümkün olduğu ciddi sualdır. Aydın məsələdir ki, mövcud hakimiyyət bu faktı araşdıran deyil. Halbuki KIV-də gedən məlumatlar araşdırma obyekti olmalıdır. Nə qədər cəmiyyət psixoloji kütlük vəziyyətindədir, hakimiyyət bu cür əməllərini davam etdirəcək. Hətta hakimiyyətdaxili böhran dərinləşdikcə, ayrı-ayrı qurumlar mərkəzi hakimiyyətin nəzarətindən çıxdıqca bir sıra qurumların oxşar addımları olacaq. Hətta bəzi dairələr hakimiyyətə sadiqliyini göstərmək üçün hakimiyyətin opponetlərinə qarşı belə çirkin əməllərə getməkdən çəkinməyəcəklər.

– Yeri gəlmişkən, Naxçıvan MTN-i ilə bağlı xəbərlər də cəmiyyətdə şok effekti yaratdı. Turac Zeynalovun MTN-də qətli barədə məlumatın yayılmasından sonra onun ailəsinə qarşı çirkin təzyiqlərə əl atılıb. Bunu necə qiymətləndirmək olar? Axı bütün bunlar bu strukturun fəaliyyətinə daxil deyil?
– Bu, yolverilməz, qəbuledilməz və ikrah doğuran hadisədəir. Adından göründüyü kimi, Milli Təhlükəsizliklə məşğul olmalı olan orqan vətəndaşın özünə və ailəsinə qarşı görünməmiş amansızlıq edir. Bu bir daha hakimiyyətin və onun xüsusi xidmət orqanlarının mənəvi böhran yaşadığının əlamətidir. Biz belə bir vəziyyətdə çıxış yolu haqqında düşünməliyik. Cəmiyyətin siyasi qüvvələri, aparıcı ziyalıları, gələcəyi qurmalı olan gənclər düşünməlidirlər ki, Azərbaycanı bu vəziyyətdən necə çıxaraq. Yeganə çıxış yolu Azərbaycanın bütün demokratik potensialının səfərbər olunmasındadır. Bu, xalq hərəkatına gedən yoldur. Bunun üçün kütləvi siyasi hərəkat yaradılmalıdır. Kütləvi siyasi hərəkatı isə demokratik qüvvələrin potensialını səfərbər etməklə formalaşdırmaq olar. Artıq müxalifətin geniş koalisiyasının yaradılması qaçılmaz zərurətə çevrilib. Təəssüf ki, bu vəzifənin icrasına bu günədək nail ola bilmirik.

AXCP ilə mövqeyimiz üst-üstə düşür

– Qarşıdan seçki ili gəlir. Hazırda seçkiylə bağlı mətbuatda müxtəlif fikirlər səslənməkdədir. Bəzilərinin fikrincə, demokratik düşərgə dərhal vahid namizədlə çıxış etməlidir. Digərləri isə düşünür ki, vahid namizəd elan olunması yalnız demokratik qüvvələrin geniş koalisiyasından sonra mümkün ola bilər. Siz bu barədə nə düşünürsünüz?
– Həm ACP-nin, həm də Demokratik Qüvvələrin Məşvərət Məclisinin mövqeyi bundan ibarətdir ki, ilk növbədə yaranmış vəziyyətdə Azərbaycanın bütün demokratik potensialı səfərbər olunmalı, ölkədə demokratik seçki mühiti yaradılmalı, seçki qanunvericiliyi dəyişdirilməlidir. Bundan ötrü isə Azərbaycanda demokratiya və azadlıq uğrunda xalq hərəkatına ehtiyac var. Bu hərəkat üçünsə geniş koalisiya yaradılmalıdır. Əgər bu vəzifələrin öhdəsindən gələ biləriksə, bu birlik içərisindən ən şanslı namizədi irəli sürüb, onu dəstəkləmək lazımdır. Bununla bu rejimi dəyişdirib, demokratik idarə üsulu qurmaq olar. Bizim konseptual baxışımız bundan ibarətdir. Bizim üçün çox xoşdur ki, artıq AXCP də öz mövqeyini açıqlayıb və bizim mövqelər üst-üstə düşür. Düşünürəm ki, Ziyalılar Forumu da bu xətti dəstəkləyir. Çünki onlar da ölkədə vəziyyəti dəyişmək barədə düşünürlər. Bu gün Azərbaycan vətəndaşlarını gələcək ölkə başçısının kim olması narahat etmir, onları narahat edən əsas məsələ bu acınacaqlı vəziyyətin bir an öncə dəyişməsidir. Biz deyirik ki, gəlin birləşib mübarizə aparaq və bu mübarizə öz liderini təbii şəkildə ortaya çıxaracaqdır. Necə ki, Xalq Hərəkatında bu baş verdi və Elçibəy lider kimi önə çıxdı. Demokratik qüvvələrin qarşısında duran bu vəzifələri həll etmədən namizədliyin irəli sürülməsi iki baxımdan demokratik qüvvələrə zərbədir. Bir baxımdan bu addım Ilham Əliyevin əlini möhkəmlədir. Çünki Ilham Əliyevin məsələhətçiləri ona məsləhət görürlər ki, üçüncü dəfə namizədliyini verdiyinə görə çalışmalıdır ki, mütləq bu seçkilər legitim olsun. Bu legitimliyin ilkin şərti isə real müxalifət namizədinin seçkidə iştirakıdır. Bu şərtlər dəyişmədən biz namizədlik irəli sürməyə başlayırıqsa, Ilham Əliyev beynəlxalq təşkilatlara bildirmək imkanı əldə edəcək ki, mənim real alternativlərim indiki şərtlərlə də seçkiyə getməyə hazırdırlar. Digər tərəfdən, namizədlikləri indiki halda irəli sürürlərsə, Ilham Əliyev beynəlxalq birliyin ondan tələb etdiyi demokratik islahatlara da getməyə ehtiyac duymayacaq. Bu baxımdan namizədliyini irəli sürmək istəyən demokrat dostlarımızdan istəyimiz odur ki, mövqelərini yenidən dəyərləndirsinlər və öncə ölkəmizin demokratik inkişaf perspektivini, cəmiyyətin maraqlaranı nəzərə alsınlar.

Xəyal