Elşad Abdullayevi Fransadan almaq istəyirlər

Bu məqsədlə ölkənin Bakıdakı səfirilə uğursuz danışıqlar aparıldığı deyilir

Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin Azərbaycana ekstradisiyası üçün fəal iş aparılır.
“Avropa.info”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl ölkənin siyasi gündəminə təsir imkanları böyük olan iri ranqlı məmurlardan biri Fransanın Azərbaycandakı səfiri Paskal Mönienlə bu mövzuda danışıqlar aparıb. Görüş başlar-başlamaz Azərbaycan rəsmisi hücuma keçərək Elşad Abdullayevi “cinayətkar” adlandırıb, Fransa hökumətini onu himayə etməkdə suçlayıb. Bildirilib ki, Elşad Abdullayev Azərbaycana verilməyəcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərə zərbə dəyəcək.
Səfir isə öz növbəsində Fransanı təmsil etdiyini və heç kimin onunla təzyiq formasında danışmağa haqqı olmadığını deyib. Bundan sonra azərbaycanlı məmur səfirlə mülayim tərzdə danışaraq, Fransa hakim dairələrindəki nüfuzundan istifadə edərək Elşad Abdullayevin ölkəyə gətirilməsinə yardımçı olmasını xahiş edib. Səfir Paskal Mönien isə bunun ölkəsinin qanunlarına zidd olduğunu və sabiq rektorun Fransa hökuməti tərəfindən qorunduğunu deyib. Paskal Mönien bu işdə heç bir köməklik göstərə bilməyəcəyini məmurun diqqətinə çatdırıb.
Elşad Abdullayevin sözçüsü, Fransada yaşayan bloqçu Elnur Məcidli də “avropa.info”ya açıqlamasında sabiq rektorun ölkəyə qaytarılması üçün cəhdlər olduğunu təsdiqləyib: “Azərbaycan hakimiyyətinin Elşad Abdullayevi Azərbaycana ekstradisiya etmək cəhdləri uğursuz alınıb, bu baxımdan Siyavuş Novruzov və bənzər məmurların səsləndirdiyi fikirlər boş qazanın səsindən başqa bir şey deyil, qulaq batırır, ancaq içi boşdu.
Hazırkı hakimiyyət hüquqi, diplomatik, siyasi, interpol və s. yollardan istifadə etməklə Elşad Abdullayevi geri qaytarmaq istəsə də, bu baş tutmayıb. Elşad Abdullayev Fransa dövlətinin qoruması altındadır, ekstradisiya cəhdləri bundan sonra da uğursuz olacaq, istənilən qədər pul xərcləsələr, adam tapıb pul versələr belə, mümkün olan deyil, özləri də bunu bilirlər. Bu baxımdan Bakıdan Parisə hədə-qorxu gəlmək, sadəcə, gülünc vəziyyət yaradır.
Mən tövsiyə edirəm, hətta bir vətəndaş olaraq, bu hakimiyyətin sözçülüyünü edənlərdən, başında duranlardan tələb edirəm ki, bu cür əməllərlə gülünc duruma düşməkdənsə, Elşad Abdullayevin ortaya qoyduğu video-faktlar və sənədlər əsasında iş görsünlər, heç olmasa, cinayət işlədiyi təsdiqlənmiş şəxsləri cəzalandırsınlar”.