Ilham Əliyevin, daha doğrusu, Ramiz Mehdiyevin müşavirə keçirib, rüşvətlə bağlı nazirlərlə müvəqqəti moratorium qoyması, dil-ağız eləməsi, nazirlərin də gedib öz işçilərini toplayıb eyni şeyi onlara çatdırması maraqlı təəssüratlar doğurur.
Hakimiyyət televiziyaları (başqası varmı ki?) bu müşavirədən bir inqilabdan danışırmış kimi danışırlar. Həm də bircə müşavirə ilə qələbə çalmış inqilab kimi. Bu öz yerində. Təbii şeydi. O müşavirə elə ona görə keçirilib ki, televiziyalar bu haqda bar-bar bağırsın. Efirdən kül üfürmə kampaniyası aparılsın. Təəccüblənmirəm.
Ancaq bəzi köşə yazarı dostlarımızın bu mövzuda yazdıqlarından belə çıxdı ki, gerçəkdən artıq rüşvət alan yoxdu, xalqın rüşvəti qalıb əlində, dünənəcən alanlar bu gün pəhriz saxlayırlar. Əlbəttə, dostlarım bununla demək istəmir ki, rüşvətin kökü kəsilib və ya kəsiləcək. Ancaq nə fərqi, hər hansı səbəbdən sən rüşvətin alınmadığını yazırsansa və bunu filan qədər oxucuya tirajlayırsansa, deməli, elə rəy yaradırsan ki, sanki bu zibil hər nə səbəbdən olur-olsun, yığışdırılıb. Müşavirə keçirənlərə də elə bu lazımdı. Təbii, hakimiyyət bu günəcən apardığı təbliğatda da rüşvətin olduğunu dilə gətirməyib. Əksinə, ölkədəki qanun-qaydadan danışıblar. Ancaq dərisi soyulan adamlara “sənin dərin yerindədi” deməklə nə onun dərisini yerinə qaytara bilərsən, nə də dərisinin soyulmadığına inandıra. Ancaq azad media yazarları da “camaatın verəcəyi rüşvət əlində qalıb” deyirsə, bilmədən şər hakimiyyətinin işinə yaramış olur və az da olsa adamları çaşdırır.
Adda-budda baş verən rüşvətdən imtina halı isə çox lokaldı və bütövlükdə YAP idarəçiliyinin dəyişilməsi anlamına gəlmir. Və həmin bu adda-budda rüşvətdən imtina hələ korrupsiyanın bitməsi, durdurulması deyil. Rüşvət korrupsiyanın içində dəryada balıq kimi xırda bir şeydi. Korrupsiyanın kökünü kəsmədikcə rüşvətin aradan qalxması mümkün deyil. Korrupsiyanın kökünün kəsilməsi isə bu ölkədə indiki hakimiyyət durduqca mümkünsüz bir şey. Çünki, hakimiyyətləri onun sayəsində ayaqda durur və inşallah elə onun – korrupsiyanın sayəsində də çökəcək.
Alınmayan iki-üç rüşvət faktına qalanda isə – lap bunu yüzlərlə hesab eləyək “Ilham Əliyev deyibsə rüşvət almayın və almırlarsa – nəzərə alsaq ki, o nə desə, ona əməl eləyirlər, onda məntiqlə belə çıxır: bugünəcən Əliyev ”alın” deyirmiş, onlar da alırmış. Yaxşı, dünənəcən alın deyirmişsə, niyə deyirmiş, bundan belə almayın deyirsə, niyə deyir? Hər ikisinin bir cavabı var: – HAKIMIYYƏTDƏ QALMAQ. Və hər ikisinin bir nəticəsi ola bilər: HAKIMIYYƏTDƏN GETMƏK.
Ola bilər nə indi, nə qabaqlar heç nə deməmiş olsun. Onda da bütün məmurlar üzü yuxarı baxmalı. Baxıblar da. Nəticə də çıxarıblar. Çıxarılan nəticənin də o nəticəsi olub ki, indi onlara “rüşvət almayın” deyirlər.
Nə isə, mənim yekun qənaətim belədi ki, Mehdiyev hakimiyyət mənsubları ilə evcik-evcik oynayır. Düzdü, evcik-evcikdə oyunu udan olmur, ancaq yenə də bir “oyunçu aparsın” desək üzüyümüzün qaşı düşməz.
Cibinə narkotik atılmaqla şərlənib tutulan gənc fəal Cabbar Savalantürkün həbsi isə göstərir ki, qozbeli qəbir düzəldər. Bir yox, yüz Savalanın həbsi belə tarixin qarşısını kəsə bilməz. Bu sonuncu fakt göstərir ki, bu rejim dəhşətli dərəcədə iflasa uğrayıb, metastaz verir, çürüntüsünün üfunətinə belə dayanmaq mümkün deyil. Mənim isə, indi daha çox o narkotiki Savalanın cibinə qoyan polis nəfərinə yazığım gəlir. Tay-tuşları ona “işverən” deyəndə neynəyəcək?
Savalana qalanda isə, o yüz belə dövranı yola salıb, özü isə hələ də dim-dik durur.