Mən çox təəccüblənirəm, ətrafımda bir çox sadə insan hakimiyyətin “korrupsiyaya qarşı mübarizə” şousunun işə az-maz yarayacağına ümidlidir. Ən azı bundan sonra JEK-dən hansısa əl boyda arayışı süründürməsiz ala biləcəklərinə inanırlar.
Amma kimsə yaxın tarixə ekskurs etməyi sevmir. Yaddaşını qurcalamağı, bu cür şouların beynəva millətə sonradan necə baha başa gəldiyini xatırlamağı sevmir.
Oysa, hələ ata Əliyevin zamanında biz bu cür “antikorrupsiya” iclaslarını, müşavirələri nə qədər görmüşdük. Nə qədər ümidlənmişdik, nə qədər sevinmişdik hər dəfə. Və hər dəfə də yaşadığımız xəyal qırıqlıqları o ümidlərin, o sevinclərin özündən böyük olmuşdu.
Bir daha belə olmasın istəyirəm. Bir daha kabab iyinə gəlib eşşək dağlandığını görüncə dizimizə-başımıza döyməyək, istəyirəm. Odur ki, çox da uzaq olmayan keçmişə dönüb hakimiyyətin “antikorrupsiya” müşavirələrindən birini xatırlatmaqla hafizənizi təzələməyə çalışacam. Bu müşavirə ata Əliyevin iqtidarı illərinə təsadüf edir.
Heydər Əliyevin oradakı çıxışından sitat: “Mən rayon icra hakimiyyəti başçılarına, rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə və bütün rəhbər orqanlara deyirəm ki, gətirilən yanacaqdan səmərəli istifadə olunmalıdır. Yanacaq ayrılıb, gətirilib və ondan kənd təsərrüfatı işləri üçün istifadə edilməlidir. Amma yerlərdə yanacağı satır, ondan başqa məqsədlər üçün istifadə edir, respublikadan kənara daşıyır, özlərinin varlanması üçün cürbəcür yollarla mənimsəyirlər…”
Bu sitatın 15 illik tarixi var, nə dəyişib? Hələ də fermerlər onlara ayrılan yanacağın, gübrənin mənimsənilməsi haqqında gecə-gündüz fəryad etməklə məşğuldurlar.
Başqa bir sitat: “…mən bütün vətəndaşlarımıza, xüsusən kənd təsərrüfatı sahəsində işləyən vətəndaşlarımıza, pambıqçılıqla məşğul olan vətəndaşlarımıza müraciət edirəm ki, daha tələbkar olsunlar, pambıq zavodlarında çalışan adamlara, təsərrüfat rəhbərlərinə, icra hakimiyyəti başçılarına, icra hakimiyyəti orqanlarında, kənd təsərrüfatı orqanlarında işləyən adamlara imkan verməsinlər ki, şəxsən varlanmaqla məşğul olsunlar, iqtisadiyyatımıza və xalqın rifah halına zərbələr vursunlar”.
“Ulu öndər”in bu göstərişini zatən uzun-uzadı şərh etməyə ehtiyac yoxdur, çünki sonrakı illərdə onun necə yerinə yetirildiyi hamıya məlumdur. Belə ki, Azərbaycanda pambıqçılıq haqqında danışmaq ölünün arxasınca danışmaq kimi bir şeyə çevrilmişdir.
Hələ bir də başqa məşhur müşavirə vardı – Bakı aeroportundakı qanunsuzluqlarla bağlı. O nə müşavirə idi, o nə söhbətlər idi? Sonu? Bakı aeroportunda səliqə-sahmanın ömrü cəmi iki ay çəkdi. O iki ayda nə qədər ziyana düşdülərsə, hələ də burada özbaşınalığın dozasını ha artırırlar, yenə də əmələ gəlmir – bəlli ki, zərər çox böyük olmuşdur.
Indi məndən məsləhət, bu günlər üçün çox da sevincək olmayın. Papağınızı göyə atmağa tələsməyin. Keçmişdən dərs alın. Ötən illərin acı təcrübəsini unutmayın. Yaşadığımız ölkədə hər yeni günün dünənə, “korrupsiyaya qarşı mübarizə” şousunun da korrupsiyanın özünə rəhmət oxutdurmaq üçün başladıldığını anlayın artıq. Yoxsa sonunda uduzan yenə siz olacaqsınız. Bu günlərə az sevinin ki, sabah peşmançılığı da böyük olmasın.
Qısası, “korrupsiyaya qarşı mübarizə” şousu neçə həftə, neçə ay sürər bilmirəm, bildiyim tək bir şey var: bunlar axırda o neçə həftə, o neçə ay boyunca itirdiklərinin yerini doldurmaq üçün bir daraşacaqlar canınıza, bir də “korrupsiyaya qarşı mübarizə” deyiləndə ürəyiniz ağzınıza gələcək, tükləriniz tikan-tikan olacaq.
Məndən söyləməsi, sonra “biz hardan biləydik belə olacağını, ovcumuzu iyləməmişdik ki?” deməyin.