Vəfa Quluzadə: «İvanişvili bu cür siyasətlə tam uduza və tamamilə süpürülüb atıla bilər»
«Gürcüstanda qalmaqal bizim xeyrimizə deyil»
Gürcüstanda baş nazir postuna seçiləndən dərhal sonra ölkəsində enerji tariflərinin yüksək olmasından narazılığını dilə gətirən Ivanişvili bu günlərdə Bakı-Tiflis-Qars dəmiryol magistralının yarımçıq qala biləcəyinə dair bəyanatlar səsləndirdi. Baş nazir bildirib ki, Bakı-Tiflis-Qars dəmiryol magistralı “hansısa mərhələdə” onun ölkəsinə sərfəli olmaya bilər. Ivanişvili layihə ilə bağlı onda bir sıra suallar və şübhələr meydana çıxdığını, bu barədə Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı danışıqlar aparacağını da deyib. Bunun ardınca isə Qara dəniz sahilində yerləşən Poti limanında ARDNŞ-ə məxsus olan strateji əhəmiyyətli Kulevi terminalında kütləvi tətil başlayıb və orada çalışanlar bir sıra iqtisadi xarakterli tələblər irəli sürüb.
Kulevi terminalı ARDNŞ-in Gürcüstandakı törəmə şirkətlərindən biri olan “Black Sea oil Terminal” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Bütün bunlar Azərbaycanla Gürcüstan arasında münasibətlərin gərginləşə biləcəyindən və baş verənlərin arxasında üçüncü qüvvənin dayandığını da deməyə əsas verə bilər. Əslində nə baş verir?
Məsələ ilə bağlı politoloq Vəfa Quluzadənin mövqeyini öyrəndik.
“Gürcüstanı Rusiyaya doğru çevirmək Ivanişvilinin gücündə deyil”
– Ivanişvili baş nazir seçiləndən qısa müddət sonra Gürcüstanda enerji tariflərinin bahalığından şikayətləndi. Bu günlərdə isə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində şübhəli məqamların olduğunu deyib. Bütün bunlar nədən xəbər verir?
– Birincisi, Gürcüstanın iqtisadi, maliyyə cəhətdən acınacaqlı vəziyyəti məlumdur, olduqca kasıbdılar. Ona görə hesab edirəm ki, Ivanişvili Bakı-Tbilisi-Qars marşrutuna Gürcüstanın payını verməmək üçün bu sözləri deyir. Yəni Azərbaycan bütün xərcləri öz boynuna götürmək razılığını versin. Tarif söhbətləri də həmin məsələdir. Bu məsələlərdən onlar pul qazanmaq istəyir. Mən burda siyasi məsələ görmürəm. Ona görə hesab edirəm ki, o Bakıya gəlib danışıqlar aparandan sonra problemlərin hamısı normal çözüləcək. Inanmıram ki, Gürcüstanı Rusiyaya doğru çevirmək Ivanişvilinin gücündə olsun. Bu mümkün olan məsələ deyil. O bunu etmək fikrində də deyil. Ona görə burda əsas pul məsələsidir. Pula gələndə də, mən olsaydım, Gürcüstana kömək edərdim. Azərbaycanın pulu, böyük neft-qaz gəlirləri var. Gürcüstanın bu çətin vəziyyətində Azərbaycan da, Türkiyə də ona kömək etməlidir ki, Gürcüstan batmasın, orda xaos başlamasın. Bu bizim xeyrimizə deyil. Biz bu başlanan xaosda maddi baxımdan daha çox itirərik, nəinki məsələni ona kömək edib həll etməklə.
“Ivanişvili bu cür siyasətlə tam uduza və tamamilə süpürülüb atıla bilər”
– Belə ehtimallar var ki, Ivanişvilinin Saakaşvilinin imzaladığı razılaşmaları şübhə altına qoyması prezident seçkilərinə hesablanmış məsələdir. Bu nə ilə nəticələnə bilər?
– Bu da ola bilər. Çünki hesab edirəm ki, Ivanişvili Saakaşviliyə qarşı çox ədalətsiz addımlar atdı. Saakaşvilinin əleyhinə qalxan adamlar Rusiyanın, Şevardnadzenin adamlarıdır. Korrupsiyaya batmış adamlardır ki, Saakaşvili onların hamısını aradan götürdü, işdən uzaqlaşdırdı. Müxalifətin yarısı bu adamlardan ibarətdir. Onlar da Ivanişviliyə müxtəlif təzyiqlər edir. Axırda Ivanişvilinin özünü çökdürəcəklər. Özünü süpürüb atacaqlar. Ivanişvili bu vəziyyətdən istifadə edib hakimiyyətə gəlib. Amma bu o demək deyil ki, o prezident seçkilərinə qədər qalacaq. Prezident seçkilərinə qədər Ivanişvili bu cür siyasətlə tam uduza və tamamilə süpürülüb atıla bilər. Çünki mürtəce müxalifət Rusiyanın xeyrinə hesablanan bu addımlara tabe olursa, deməli, vəziyyəti pis olacaq. Gürcüstanda da qalmaqal bizim xeyrimizə deyil, biz onu istəmirik. Burda maddi, pul, kontraktların bağlanması və bölüşdürülməsi məsələləridir. Ona görə bunun arxasında siyasət axtarmaq lazım deyil. Yəni demək istməzdim ki, burda Rusiyanın, ya başqasının əli var. Ivanişvili bütün bu kontraktları və əlaqələri tamamilə şəffaf görmək istəyir. Ancaq indi kontraktların şəffaflığına şübhəsi var. Başqa bir şey yoxdu.
“Gürcüstan bu kursla getsə, Azərbaycanın bütün maraqları təmin olar”
– Belə bir fikir var ki, Azərbaycan Ivanişvilinin bu bəyanatlarını cavabsız qoymayacaq və Gürcüstana satdığı qazın qiymətini qaldıracaq. Siz necə hesab edirsiniz?
– Azərbaycan hər tərəfdən öz mənafeyini güdməlidir. Yəni Gürcüstanda stabilliyin olması Azərbaycanın mənafeyinə xidmət edir. Ikincisi, Azərbaycan Gürcüstanla gözəl əməkdaşlıq edir. Əgər Gürcüstan bu kursla getsə, Azərbaycanın bütün maraqları təmin olar. Yox, əgər Ivanişvili xaos yaradıb Gürcüstanı Rusiyanın qucağına atacaqsa, Rusiya da gəlib bütün tranzit xətlərini bərbad vəziyyətə salacaq, kəsəcək, imkan verməyəcəksə, onda bizim də işlərimiz xarab olacaq. Bunu Azərbaycan da, Türkiyə də indidən nəzərə almalıdır.
Fizzə


