Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Dövlət Neft Fondu Rusiya bazarlarında 497 milyon dollar batırıb və mayanın 79 faizini itkiyə verib. Fondun Rusiya siyasəti tam iflas edib.
https://oilfund.az/storage/uploads/4jclnrjjmi.pdf
2022-ci il, 1-ci rübün sonuna aparılan yenidən qiymətləndirmənin nəticələrinə görə Neft Fonduna məxsus Moskva şəhərində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin və Bank VTB-nin 3 faizlik səhmlərinin üst-üstə dəyəri 136 milyon dollar düşüb. Halbuki 2012 və 2013-cü illərdə həmin ofis-ticarət mərkəzinin və səhmlərin satın alınmasına 633 milyon dollar vəsait xərclənmişdi. Yəni 8-9 il əvvəl 633 milyon dollara satın alınmış ofis binasını və səhmləri bu gün birtəhər 136 milyon dollara satmaq olar. Bu hesabla Neft Fondu Rusiyada 79 faiz itki verib. Müqayisə üçün deyim ki, 2021-ci il, 3-cü rübün sonuna olan vəziyyətə görə itkilər 51 faiz, 2021-ci ilin sonuna olan vəziyyətə görə isə 57 faiz təşkil edib. Bu il isə 79 faiz! Hələ yalnız bu tendensiya açıq şəkildə göstərir ki, Rusiya bazarlarında on milyonları üstələyən itkilərin qarşısını almaq üçün yetərincə vaxt olub, nəticə çıxarmaq, ziyanın yarısından qayıtmaq şansları olub. Lakin sağlam düşüncənin gördüyünü görə bilməyib, görmək istəməyib Neft Fondunun rəhbərliyi. Şüurlu şəkildə on milyonlarla ölçülən itkilərə göz yumulub. Peşəkar yerli mütəxəssislərin çağırışları eşidilməyib, nüfuzlu beynəlxalq reytinq təşkilatlarının “Rusiya” xəbərdarlıqları da qulaqardı edilib. Rusiya-Ukrayna müharibəsinin başlanmasından ayıq düşüb yüz milyonlarını, milyardlarını Rusiya bazarlarından çəkən iri biznesmenlərin, investorların kütləvi hərəkətliliyi də Neft Fondunun rəhbərliyini ayılda bilməyib. Bu da rüsvayçı son: 79 faiz itki! Açığı, heç indi də nəticə çıxarana oxşamırlar… Amma itkilər tək bununla da bitmir: 633 milyon dolların 8-9 ildə qazandırdığı milyonların izləri də yoxa çıxıb. Heç şübhəsiz ki, o milyonlar da batıb… Dövlət Neft Fondu unutmamalıdır ki, onun idarəetməsinə verilmiş valyuta vəsaitlərini, o cümlədən Rusiyada yerləşdirdiyi 100 milyonları təhlükəsiz saxlamaq və səmərəli idarəetmə yolu ilə davamlı şəkildə artırmaq onun başlıca məqsədidir. Belə olan halda Neft Fondunun rəhbərliyi özündə cəsarət tapmalı, irəli durmalı, Rusiya bazarlarında verdiyi 79 faiz itkinin və ya 497 milyon dolların ölkə ictimaiyyətinə hesabatını verməli, imkanlar olduğu halda 100 milyonlarla itkilərin qarşısını niyə almamasının, almaq istəməməsinin gerçək səbəbləri üzərinə aydınlıq gətirməlidir.