Yanlışa “bu mənim hüququmdur” deyə haqq qazandırmaq

Azərbaycanda istədiyini etməyə, istədiyin addımı atmağa nə var ki?! Yanlış olduğunu söyləsələr, sənə irad tutana cavab verəcəksən ki, sənin də yanlışın var. Məsələn, filan vaxtı belə olmuşdu, elə etmişdin! Bədbəxtlikdən, hamının qürrələnməyə keçmişi varsa, hamı da hamıda qüsur tuta bilir. Sənin qüsurunu deyəcəklər, sən də onun qüsurunu üzünə çəkəcəksən. Ən uzağı deyəcəksən ki, bu, mənim hüququmdur.
Yanlışa sadəcə şəxsi hüququndan istifadə kimi haqq qazandırmaq dünyanın təzə söhbəti deyil. Azərbaycanda isə az qala dəb halını alıb…
Amma nə edək indi? Biz zorla, güclə əli-qolu bağlanmaqda olan cəmiyyətik. Həyatımızın hər yanı zorla əhatələnib. Siyasi rejim əslində zor rejimidir və onun siyasiliyindən əsər-əlamət qalmayıb. Ona görə də bu durumdan qurtulmaq bunu istəyənlərdən yanlışa yol verməmək tələb edir. Gələcək naminə. Axı indi elə dövrdür ki, nə keçmiş var, nə gələcək. Zorla qapadıldığımız acı bir indiki zamanın içindəyik. Sanki zorla bir otağa salınmışıq.
Bu otaqdan çıxmaq asan deyilsə, deməli, bizdən də tələb olunan bir şeylər var. Əslində bunlardan biri odur ki, səhv etmək hüququndan imtina edəsən. Amma biz nə görürük? Görürük ki, öz yanlış addımına şəxsi hüququndan istifadə adı ilə haqq qazandırmaq cəhdləri geninə-boluna istifadə edilir. Ona görə də bizim həyatımız hələ dəyişmir, hələ də həyatımız həyatın dibidir.
Bəzən yazıda haradan hara gəlib çıxdığını bilmirsən. “Həyatın dibi” kəlməsi də Bəxtiyar Hidayətin eyni adda olan şeirini yadıma saldı. Amma səbəbsiz də deyil. Əvvəlcə onu deyim ki, əyalətdə yaşayan Bəxtiyar çox istedadlı bir yazardır, bunu tam məsuliyyətimlə, inanaraq deyirəm. Həm də çox mübariz bir insandır. Hələ 2003-cü ildə prezident seçkilərindən sonra məhbus olmuşdu. Bu günəcən də öz mübarizəsinə sadiq qalıb. Bu yaxınlarda isə yeni nəşr olunan şeirlər kitabı paytaxtın bəzi kitab mağazalarından yığışdırılmışdı. Dekabrın 22-də isə Bəxtiyar Hidayət Gürcüstandan gələrkən “Sınıq körpü” Keçid Məntəqəsində gömrük işçiləri onu vəhşiliklə döyülüb, təhqir edib. Bəxtiyar ən çətin durumda, ən çətin şəraitdə duruş gətirənlərdəndir. Amma böyük dəstəyə layiq olsa da, qədərincə dəstək də almır. Döyüləndən sonra da Bakının ədalət cinahından ona dəstək səsləri heç gur gəlmədi. Amma inanıram ki, onu başa düşənlər, onu düşünənlər var – Qazaxda da, Bakıda da…
Həyatın dibi
…Mən hamıdan yüksəkdə özümə yer eləyib də
Allaha ən yaxın olanda da
Yəni vaqonun 3-cü mərtəbəsində – yük yerində
Bakıya gedib-gələndə də
Həyatın dibində olmuşam əslində.
Mən bir əyalət yazarı
Kimi stolunun başında bilir söz yerimi
Kimi bir qəbir daşında bilir söz yerimi
Kimi də yazdığımda özünü görüb
Məni qızıl-ala qan içində görmək istəyir
Mən isə həyatın dibindəyəm.
Dişlərim öyləsinə sıxılı ki
Heç radikal dindarlar Allaha belə bağlı deyil
Yumruğum öyləsinə sıxılı ki heç müxalifət belə birləşməyib
Gözlərim öyləsinə kinlə dolub ki
Heç iqtidar adamlarının cibi elə dolmayıb
Amma bu dindarlardan, bu müxalifətdən, bu iqtidardan üstünlüyümlə yenə
Mən həyatın dibindəyəm.
Ayağa düşənlər başa düşməz məni
Mən zamanla ayaqlaşmadım ki
Mən zamanla qoç kimi kəllələşdim
Zaman divar oldu önümdə
Başımı divara döydüm yəni
Amma istər ağ qoç, istər qara qoç deyin mənə
Yenə zülmətlərdəyəm
Yenə həyatın dibindəyəm.
Uşaqlıqda çox qazan dibi qazıtlamışam
Indi də həyatın dibini qazıtlayıram
Gor qazıram özümə
Elə burdaca, elə həyatın dibindəcə.