Büdcə pulları hakim ailənin təhsil müəssisələrinə gedir

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

2021-ci ildə dövlət büdcəsindən ayrılmış subsidiyaların inzibati təsnifat üzrə bölgüsündən məlum olur ki, Azərbaycanda fəaliyyət göstərən bütün Universitetlərə 41,4 milyon manat subsidiya ayrılıb. Büdcə subsiyasından 5 Universitet pay götürüb. Cəmi subsudiyaların 46,37 faizi və ya 19.2 milyon manatı “ADA” Universitetinə (rektoru Paşayev Hafiz Mircəlal oğlu), 29,95 faizi və ya 12.4 milyon manatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına (rektoru Paşayeva Nərgiz Arif qızı), 17,63 faizi və ya 7,3 milyon manatı İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına (rektoru Əliyev Əziz Cəmil oğlu), 4,1 və 1.7 milyon manatı faizi Bakı Dövlət Universitetinə, nəhayət, 1,9 faizi və ya 0.8 milyon manatı Azərbaycan Tibb Universitetinə ayrılıb. Digər Universitetlərə isə 1 qəpik də subsidiya ayrılmayıb. Göründüyü kimi Universitetlər üçün nəzərdə tutulan büdcə subsidiyaların 93,95 faizi ailə Universitetlərinə çatıb, yəni bu istiqamətə ayrılan hər 100 manatdan 93 manat 95 qəpiyi “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının payına düşüb. Görürsünüz də nə ədalətli bölgüdür?
Bildiyim qədər “ADA” Universiteti təhsil haqlarına görə Azərbaycanın ən bahalı Universitetidir, bütün infrastrukturu da dövlət büdcəsi hesabına tikilib. Belə olan halda bu qədər vəsaitin ayrılması nəyə xidmət edir. Eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Azərbaycanda fəaliyyətinə ehtiyac vardır. Nədən Azərbaycanda yalnız Rusiyanın Universitetlərinin filialları fəaliyyət göstərməlidir?
Fəaliyyət göstərsələr belə nədən büdcədən rus universitetlərinə subsidiya ayrılmalıdır?
P.S. Məlumat üçün qeyd edim ki, “QS Quasquarelli Symonds” təqdiqat mərkəzi tərəfindən tərtib edilən “QS World University Rankings”də ən yaxşı universitetlərin reytinqində ilk 1000-də Azərbaycandan yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti yer alır.