Ivanişvili Bakıda nələrdən danışacaq?

«Bakı-Tbilisi-Qars Gürcüstanın digər istiqamətlər üzrə əmtəə dövriyyəsini azalda bilər»

Gürcüstanın baş naziri Bidzina Ivanişvili dekabrın 26-da Azərbaycana ilk rəsmi səfərə gələcək. Bu barədə o, dekabrın 24-də keçirilən mətbuat konfransında bildirib. Yanvarda Ivanişvilinin Ermənistana səfəri planlaşdırılıb. Bundan sonra Türkiyəyə gedəcək. Ivanişvili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə mənfi münasibətini bildirib.
O əsasən bu dəmir yolu magistralı istismara verildikdən sonra hazırda mövcud “Gürcüstan Dəmir Yolları” istiqamətində yük dövriyyəsinin azala biləcəyindən ehtiyatlanıb.
“Layihə çox maraqlıdır, lakin ilkin mərhələdə iqtisadi xarakterli məsələlər qalır. Əsasən Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu istismara verildikdən sonra ölkənin ”köhnə” dəmir yolu ilə yük dövriyyəsi, Gürcüstan limanlarında olduğu kimi azala bilər”,- baş nazir vurğulayıb.
Ivanişvili ümidvar olduğunu bildirib ki, sonda sözügedən problem tənzimlənəcək.
Bununla yanaşı o qeyd edib ki, dekabrın 26-da Azərbaycana nəzərdə tutulan səfəri zamanı Qars-Axalkalaki-Tbilisi-Bakı   layihəsini müzakirə etmək niyyətində deyil. “Bu məsələ üzərində qrup işləyir və bu, kifayətdir. Mən Bakı səfəri zamanı bu məsələni müzakirə etmək fikrində deyiləm”, – Ivanişvili vurğulayıb.
Bundan əvvəl Ivanişvili “Rezonansi” qəzetinə müsahibəsində bildirmişdi ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu magistralının tikintisi bir sıra suallar doğurur.
“Ola bilsin ki, Azərbaycana səfərim zamanı bu məsələləri qaldırdım və bizə dost ölkəyə yumşaqcasına bildirdim ki, hansısa mərhələdə bu, bizim üçün faydalı olmayacaq və bu məsələnin nizamlanması lazımdır”, – o qeyd etmişdi.
Öz növbəsində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, sözügedən dəmir yolu magistralının inşasından imtina “Gürcüstanı Avropadan uzaqlaşdırar və Rusiyadan asılı vəziyyətə sala bilər”.