Corc Soros: “Yeganə yol Putini mümkün qədər tez məğlub etməkdir”

Amerikalı milyarder George Soros xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya təcavüzü sivilizasiyanın sonunu gətirib çıxara biləcək “3-cü Dünya Müharibəsinin başlanğıcı” ola bilər.
“Bu işğal, ola bilsin ki, III Dünya Müharibəsinin başlanğıcıdır. Müharibəni mümkün qədər tez bitirmək üçün bütün resurslarımızı səfərbər etməliyik. Sivilizasiyamızı xilas etməyin ən yaxşı və bəlkə də yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir”, – Soros Davos Forumunda çıxışı zamanı bəyan edib.
O hesab edir ki, dünyanı dərin böhran gözləyir, diktatorların dünyada sayı isə artır. George Soros həmçinin Çin lideri Xi Jingping-i kəskin tənqid edib.
Onun sözlərinə görə, Putin və Xi azad cəmiyyət üçün “ən böyük təhlükə kəsb edən iki diktatordur.”
George Soros avtokratik rejimlərin indi yüksəlişdə olduğunu, qlobal iqtisadiyyatının isə tənəzzül həddinə yaxınlaşdığını bildirib.
O, ABŞ və Avropanın Ukraynaya dəstəyini yüksək qiymətləndirib, lakin Avropa ölkələrinin Rusiya yanacağından aşırı asılılığını tənqid edib.
Onun fikrincə, bu asılılığın yaranmasına səbəb Moskva ilə özəl sövdələşmələr bağlayan Almaniyanın keçmiş kansleri Angela Merkelin yeritdiyi siyasət olub.