Ramiz Mehdiyevi seçkiyə kimi istefaya göndərmək planı

ramiz mehdiyevPaşayevlər administrasiya rəhbəri ilə niyə üzülüşmək istəyirlər?

Prezident Adminitrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəqibləri 2013-cü ildə keçiriləcək prezident seçkisinə qədər onu istefasına nail olmaq istəyirlər. Bu barədə qəzetimizə məlumatı hakimiyyətdaxili mənbə verib. Mənbənin sözlərinə görə, PA rəhbərinin istefasında xüsusilə Paşayevlər qrupu maraqlıdır və bunun da ciddi səbəbləri var.
Məsələ burasındadır ki, Ramiz Mehdiyev və komandası prezident seçkisində Ilham Əliyevin namizədliyini irəli sürməsinin tərəfdarıdır. Bu, komandanın mövcudluğunu və hakimiyyətdəki təsir imkanlarını saxlamaq baxımından vacibdir. Paşayevlər dünyanın böyük güclərilə münasibətlərin gərgin olduğu bir dönəmdə Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi və saxtakarlıqla prezident postuna yiyələnməsini bütövlükdə hakimiyyət üçün fəlakətə səbəb olacağı qənaətindədirlər. Paşayevlər Avropa qitəsində Belarus prezidenti Aleksandr Lukaşenkodan başqa heç kimin bu addımı atmadığını Ilham Əliyevə xatırladaraq onu inandırmağa çalışırlar ki, 3-cü dəfə prezident olmasını dünya gücləri xüsusilə Qərb qəbul etməyəcək. Ən yaxşı halda Ilham Əliyev Aleksandr Lukaşenko kimi tamamilə dünyadan təcrid olunmuş duruma düşəcək. Bu baxımdan da o riskə getməməli, hakimiyyətdən başqa bir şəxs namizədliyini irəli sürməlidir. Paşayevlər bu namizədin ölkə başçısının xanımı Mehriban Əliyeva olmasına çalışırlar. Lakin Ramiz Mehdiyev hakimiyyətdə təmsil olunduğu müddətdə onlar bu planı həyata keçirə biləməyəcəklərini anlayırlar. Ona görə də seçkiyə qədər Ramiz Mehdiyevin istefaya getməsinə nail olmaq istəyirlər. Mənbə bildirib ki, Ilham Əliyevin də növbəti seçkilə bağlı qəti qərar verməməsi bununla bağlıdır. Yəni, ölkə başçısı hətta Rusiya prezidenti Vladimir Putinin də atmadığı bir addımı atmağa tərəddüd edir.
Mənbənin sözlərinə görə, Paşayevlər Ramiz Mehdiyevi sıradan çıxarmaq üçün bütün mümkün vasitələrə əl atır. Elşad Abdullayevin yaydığı videolar da onlar üçün göydəndüşmə olub. Lakin Ramiz Mehdiyev heç bir halda geri çəkilmək niyyətində deyil və Ilham Əliyevi 3-cü dəfə prezident etməkdə israrlıdır. Bu isə o deməkdir ki, Paşayevlər-Mehdiyev qarşıdurması getdikcə daha da dərinləşəcək.

Namiq