2009-cu ilin noyabr ayında 15 gün Misirdə oldum.
Misir Xarici Işlər Nazirliyinin təşkil etdiyi tədbirin şəxsən mənim üçün elə bir önəmi olmasa da, qaldığımız hotelin Nil çayına baxan eyvanından Qahirənin əsrarəngiz gözəlliyini seyr etmək olduqca ilginc idi.
Herodotun dünyanın yeddi möcüzəsindən biri saydığı Xeopsun piramidasını və Qahirə Milli Muzeyini ziyarət xüsusilə yaddaqalan oldu.
Saymaqla qurtarmaz, Qahirə, Isgəndəriyyə başdan-başa mədəniyyət incilərini qoynuna alıb.
Üç qitənin – Avropanın, Asiyanın və Afrikanın sivilizasiyasını özündə birləşdirən Misirdə gözün gördükləri könül oxşayırdı.
Təkcə bir şeydən başqa.
Misirin gözəlliyinə xələl gətirən Hüsnü Mübarək idi.
Az qala əsrin üçdə birini Misirin mütləq hakimi olan Hüsnü Mübarək 80 milyonluq Misir xalqının qənimi idi.
Ölkənin dörd tərəfi Mübarəkin iri portretlərinin nəzarəti altında idi.
Getdiyimiz dövlət müəssisələrinin hamısını Mübarəkin şəkilləri, büstləri bəzəyirdi.
Bir detalın altını cızmağa dəyər, səfər yoldaşlarım – YAP-dan olanlar və yapsevərlər Qahirəni bürümüş bu portretləri görəndə gözləri gülürdü.
Ulu öndərlərini xatırlayırdılar.
Bu 15 gündə özlərini qələm əhli adlandıranların bircəciyi belə cəsarət edib demədi ki, Misirdə avtoritar rejim var.
Bəlkə də ürəklərində dedilər, bilmirəm.
Ucadan deyə də bilməzdilər axı.
Nəzarətçilərdən çəkinirdilər.
Müxalif olmağın üstünlükləri belə səfərlərdə üzə çıxır.
Vicdanlı yapçılar təsdiq edər, səfər müddətində rəsmi və qeyri-rəsmi görüşlərdə, Hüsnü Mübarək də daxil, dünyanın cümlə diktatorlarının və avtoritarlarının ünvanına layiq olduqları sözləri çatdırdım.
Və hətta Misir Universitetinin professorlarından biri yarızarafat-yarıciddi dedi ki, bu söhbətlərin nəticəsi pis ola bilər.
Bunları ona görə yazdım ki, Misirin Hüsnü Mübarək rejiminə qarşı üsyanına ürəkdən sevinmişəm.
Qədim Misir gözəlliyinə xələl gətirən bir bəladan xilas olur.
Buna necə sevinməmək olar?
Misir xalqı özünü Xeopsdan da güclü firon hesab edən Hüsnü Mübarəkdən qurtulur.
Bundan böyük sevinc ola bilər?
Mübarək 80 milyonluq Misir xalqının yuxudan oyanmasına mane olurdu.
Gününü eyş-işrətlə keçirənlər, XXI əsrdə belə XV əsrin feodal ab-havasını başında gəzdirənlər də eynən Mübarək kimi hərəkət edirlər.
Düşünürlər ki, XALQ yuxudan oyanmayacaq.
Budur, Misir xalqı yuxudan oyanıb.
Hüsnü Mübarəklə haqq-hesab çəkilir indi.
Misir sonuncu fironu ilə vidalaşmaq ərəfəsindədir.
Onun şəkilləri, portretləri yandırılır, büstləri dağıdılır.
67 milyard dollar sərvətə sahib olduğu dilə gətirilir.
Əhalisinin böyük bir hissəsi dilənçi kökündə yaşayan Misirdə Hüsnü Mübarək bu qədər sərvəti necə toplayıb?
Qahirənin Təhrir meydanında xalq bu gün bu suala cavab axtarır.
Proses təkcə Hüsnü Mübarəklə bitməyəcək.
Növbə 10-15 arvada sahib ərəb şeyxlərinə, müsəlman dünyasının qəddar mini-diktatorlarına da çatacaq.
Növbə Azərbaycana da çatacaq.
O Azərbaycana ki, bıçaq sümüyə dirənir.
O Azərbaycana ki, Misirə çox bənzəyir.
Tunis başladı və estafeti Misirə verdi.
Gülə-gülə Hüsnü Mübarək!
Gözün aydın, Misir!