Elçibəyin xanımı prokurorluqda dindirildi

Həlimə Əliyeva həyat yoldaşının zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işilə əlaqədar ifadə verib

Milli Azadlıq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin ailəsi onun zəhərlənməsi iddiası üzrə Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar ifadə verib. Bu barədə “modern.az” saytına mərhum prezidentin qardaşı Almurad Əliyev bildirib.
Onun sözlərinə görə, dindirmə bu yaxınlarda baş tutub. Ifadə zamanı Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva və onun qardaşı (Elçibəyin qaynı) Mirmövsüm Mahmudov iştirak edib.
“Cinayət işi ilə bağlı hələ ki, heç bir yenilik yoxdur. Mən bir dəfə sözümü demişəm. Elçibəyin ailəsi də cinayət işinin bağlanmasını istəyir. Elçibəyin həyat yoldaşı ilə Mirmövsüm ağa da dindirmədə iştirak edib. Onların ifadələri alınıb. Biz konkret olaraq, bu məsələnin birdəfəlik dayandırılmasını tələb edirik”, – deyə A.Əliyev bildirib.
Qeyd edək ki, Bakı şəhər prokurorluğunda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.