İlham Əliyev diktator Lukaşenkonu xalqımızın hesabına dəstəkləyir

AXCP sədri Əli Kərimli

Avtoritar rejim başçıları çevrəsində həyəcan.
İlham Əliyev dostu, Belarus diktatoru Lukaşenkonu xilas etməyə çalışır. Lukaşenkonun vəziyyəti çox ağırdır. Sonuncu KTMT zirvəsində boş yerə qışqırmırdı ki, “birləşməsək, hamımızı məhv edəcəklər”. Təbii ki, onu Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan hakimiyyətlərinin “məhv olması” ehtimalı narahat etmir. Zatən həmin ölkələri və ya onların hakimiyyətlərini heç bir məhvolma təhlükəsi də gözləmir. Ancaq Lukaşenko hakimiyyəti özü labüd iflas həddindədir. Hələ Rusiya – Ukrayna savaşından öncə Belarusa qarşı tətbiq olunmuş sanksiyaların ölkə iqtisadiyyatına illik zərəri 10 milyard dollara çatmışdı. Ancaq o zaman Lukaşenko ölkəsini tam olaraq Putinin nəzarətinə verməklə ümid edirdi ki, illik 10 milyardlıq zərəri də Rusiyanın boynuna qoya biləcək. Ancaq Rusiya – Ukrayna savaşı Lukaşenkonun vəziyyətini radikal şəkildə pisləşdirdi. Əvvəla, Rusiyanın Ukraynaya hücumuna hərtərəfli dəstəyinə görə Belarusa qarşı əlavə sanksiyalar tətbiq olundu. Beləliklə, Belarusun beynəlxalq sanksiyalara görə illik zərəri 18 milyard dollara çatdı. İkincisi, indi artıq Belarusun borc hesablarını bağlayan zəngin Rusiya da yoxdur. Rusiya artıq heç öz ordusunun təchizatını yüksək səviyyədə təmin edə bilmir, Belarusun illik 18 milyardlıq zərərini necə ödəsin? Bütün bunlara görə Lukaşenko həyacanlıdır. KTMT iclasında məhv olmaq perspektivini dilə gətirirdi.

Son ümid yeri kimi Lukaşenko əqidə dostu İlham Əliyevə üz tutub. Belarus baş nazirinin rəhbərliyilə Azərbaycana gəlmiş nümayəndə heyəti Azərbaycanla sərfəli ticarət əlaqələrini maksimum artırmağa çalışır. İlham Əliyev dostu Lukaşenkonu xilas etmək üçün artıq xeyli iş görüb. Azərbaycan – Belarus ticarət dövriyyəsi bir ildə 1.9 dəfə artaraq illik bir milyard dollara çatmaq üzrədir. Azərbaycan hakimiyyəti Belarusdan daha çox mal almaqla batmaqda olan bu diktaturanı ayaqda saxlayır. Lukaşenko özü fəxrlə danışır ki, İlham Əliyev səxavət kisəsini açaraq onu bir dəfə də əvvəllər maddi sıxıntıdan xilas edibmiş. Belarus lideri o zaman hansısa borcu təcili qaytarmalı imiş. Lukaşenkonun dediyinə görə, ona lazım olan 300 milyon dolları İlham Əliyev bircə gündə çatdırıb. Bəli, Əliyev avtoritar rejimləri ayaqda saxlamaq üçün bir çox ölkələrə Azərbaycanın dövlət sərvətləri hesabına yardımlar edir. Azərbaycanlı işsizlərdən, pensiyaçılardan, yoxsullardan, uşaqlardan fərqli olaraq dünyadakı avtoritar rejim başçılarının “yardım edin!” harayı ona tez çatır. O da dərhal Azərbaycanın bütün imkanları ilə həmin rejimlərin köməyinə tələsir.