Azərbaycandan İvanişviliyə cavab

Azərbaycanın Nəqliyyat Nazirliyi Gürcüstanın baş naziri Bidzina İvanişvilinin “Rezonansi” qəzetinə müsahibəsində Qars-Axalkalaki dəmiryol magistralı layihəsinin effektivliyi və lazımlığı barəsində öz şübhəsini bildirməsi ilə əlaqədar bəyanatla çıxış edib. Nəqliyyat Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Trend-ə açıqlamasında bildirib ki, heç şübhəsiz ki, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi regional və qlobal xarakteri daşıyır. Qars-Axalkalaki dəmiryol magistralı bu layihənin seqmentlərindən biridir: “Bu layihənin həyata keçirilməsinin hüquqi əsası dövlət başçılarının üçtərəfli bəyanatları və Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri arasında əldə edilən razılaşma müqaviləsidir. Bu müqaviləyə uyğun olaraq tərəflər (Azərbaycan, Gürcüstan və Türkiyə) layihənin həyata keçirilməsi barəsində öz
üzərinə öhdəliklər götürüblər. Bildiyiniz kimi, bu müqavilə əsasında Azərbaycan hökuməti Gürcüstan tərəfinə layihənin Gürcüstan hissəsinə 775 milyon ABŞ dolları məbləğində güzəstli kredit ayırıb”.

Onun sözlərinə görə, regionun əksər ölkələri, o cümlədən Orta Asiya və Avropa ölkələri bu layihəyə böyük maraq göstərib və onun reallaşmasını dəstəkləyib.

“Azərbaycan əmindir ki, bu layihənin regionda və regiondan kənar böyük strateji, iqtisadi əhəmiyyəti var. Həmçinin onu da qeyd etmək lazımdır ki, onun icrasından sonra bu layihə regionda təhlükəsizlik sisteminin bir hissəsi olacaq. Azərbaycan həmişə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib və yerinə yetirir. Eyni zamanda müqaviləyə əsasən bu münasibəti öz tərəfdaşlarından da gözləyir”, – deyə Namiq Həsənov söyləyib.