Onminlərlə vətəndaş dövlət orqanlarının fırıldağının qurbanı necə oldu?

Nazim Bəydəmirli

Hörmətli Vergilər xidmətinin rəisi, mən özüm üçün müraciət etmirəm, bəlkə 100-lərlə, minlərlə, ola bilər ki, 10 minlərlə bilgisiz insanların düşdüyü durumdan bir nümunə üzərindən Sizə və İqtisadiyyat nazirinə müraciət edirəm.
Son ciddi devalvasiyadan sonra özlərini iqtisadçı adlandırıb, internet tv-lərin ekranlarından “manat ucuzlaşmalıdır, 1 dollar 3-5 manat olacaq və s.” kimi danışan ekspertlərin təsiri altına düşərək bir çox vətəndaşlarımız əllərində olan manatı xarici valyutalara çevirməyə başlayıblar. Mərkəzi Bankın qanunsuz, qeyri-rəsmi göstərişini nəzərə alan kommersiya bankları həmin qaragünlü vətəndaşların bilgisizliyindən yararlanaraq, onların 20 min manat və daha çox pulu xarici valyutaya dəyişməyin yolunun ancaq VÖEN almaqla mümkün olduğunu dedikdə, çarəsiz vətəndaşların çox hissəsi elə yerindəcə bank əməkdaşlarının əli ilə “vergiödəyiciləri” olublar. Bir müddət sonra İqtisadiyyat nazirliyinin, Vergi xidmətinin “kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində” bu zavallı vətəndaşların özlərindən bixəbər kameral vergi borcları yazılır, toplu şəkildə məhkəmələrə verilir, məhkəmə qərarları artıq İcra və Probasiya şöbələrinə gəldikdən sonra bu zavallıların xəbəri olub ki, dövlətə “vergi borcları” var…
Əlqərəz, bu insanlar indi qalıblar icra məmurlarının əlində, qara günləri üçün, xəstəlikləri üçün və ya qəpik-qəpik toplayıb ev-mənzil sahibi olmaq istəyən vətəndaş Sizin “kölgə iqtisadiyyatı ilə mübarizə” kimi düşündüyünüz (normal ölkələrdə belə məsələlərdə vergi xidmətinin günahı olmadığını söyləyə bilərəm) İcra məmurları sizin adınızdan vətəndaşları təhdid edir, məhkəmələr sizin adınızdan vətəndaşların ölkədən gedib-gəlməsinə məhdudiyyət tətbiq edir, insanları intiharlara sürükləyir və s.
Əsl günahkarlar, Mərkəzi Bank və onun qanunsuz, qeyri-qanuni göstərişlərini yerinə yetirib “saxta vergiödəyiciləri istehsal edib dövriyyəyə buraxan” kommersiya bankları qalıb kənarda sizin xidmət və naziriniz cəmiyyətə “monstr” kimi təqdim edilir. 10 minlərlə vətəndaş, hansılar ki, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıblar, onlar da məhkəmələrdə, icra şöbələrində əsir-yesir qalıblar. Sizcə, “islaxat” budur?
P.S. Əgər sizə hansı məmurun, harada və nə qədər gizli biznes fəaliyyətini aşkarlamaq lazımdırsa, mənə deyin, yerini göstərim, ancaq 10 minlərlə vətəndaşın “yaxasından əl çəkin”…
Slava Ukraine, Geroyam Slava!