Putinin hikkəsi bumeranq effekti verir

AXCP sədri Əli Kərimli

Rusiyadakı tək adam rejimi görün ölkəni nə vəziyyətə saldı. Putin Ukrayna ilə (əslində isə bütövlükdə Qərblə) qarşıdurmanı hansı tələblə başlamışdı? Rusiya iddia edirdi ki, Ukraynanın NATO-ya üzv olması NATO – Rusiya sərhədlərini genişləndirmək və NATO-nu Rusiyaya yaxınlaşdırmaqla Rusiyanın guya mövcudluğuna təhlükə yaradacaq. Rusiya məhz bu bəhanə ilə Ukraynaya qarşı müharibə başlatdı və bununla da qonşu dövlətlərin hamısını narahat etdi. Nəticədə Finlandiya və İsveç kimi neytral ölkələrdə də NATO- ya üzv olmaq ehtiyacı yarandı. Yaxın günlərdə hər iki ölkə NATO üzvlüyü üçün rəsmi müraciət edəcək. NATO rəhbərliyi də artıq bəyan edib ki, hər iki ölkə rəsmi müraciətdən sonra ən qısa müddətdə NATO-ya üzv qəbul ediləcək. İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsi NATO-nu Rusiya qarşısında daha da gücləndirəcək. Əvvəla, Finlandiyanın Rusiya ilə olan 1271 km sərhəddi olacaq NATO – Rusiya sərhəddi. Yəni Rusiya guya öz aləmində NATO-nu sərhəddində görmək istəmirdi, amma əksinə oldu – NATO ilə sərhəddi birdən birə 1271 kim böyüdü. Bu üzvlüklərdən sonra Baltik dənizi faktiki olacaq NATO-nun daxili dənizi.

İkincisi, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü NATO-nun mövqeyini təkcə coğrafi baxımdan deyil, həm də hərbi güc balansı baxımından çox ciddi şəkildə gücləndirəcək. İsveç və Finlandiya böyük dövlətlər olmasalar da, çox yaxşı silahlanmış və yüksək hərbi hazırlığı ilə fərqlənən ordulara malikdirlər. Ona görə də İsveç və Finlandiyanın NATO üzvlüyü perspektivi hərbi güc balansı baxımından Rusiyanın vəziyyətini daha da pisləşdirəcək.

Bir çox ekspertlər ehtimal edir ki, Rusiya məhz hərbi baxımdan bu uyğunsuz vəziyyətin qarşısını almaq, İsveç və Finlandiyanın NATO üzvlüyünə imkan verməmək üçün həmin dövlətləri NATO-ya rəsmi üzv olana qədər işğal etmək fikrinə düşə bilər. Çünki Finlandiya və İsveçin NATO-ya üzvlük proseduru ən sıx qrafiklə belə 1 ilə qədər vaxt ala bilər. Finlandiyada və İsveçdə bir çoxları məhz həmin üzvlüyə qədərki 1 ilə yaxın müddətdən qorxurlar. Onlar başa düşürlər ki, NATO-ya üzv ola bilsələr, güclü təhlükəsizlik təminatları olacaq, Rusiya onlara daha hücum etməyə cəsarət etməyəcək. Ancaq üzvlük rəsmiləşənə qədər Rusiya təhlükəsi də qalır. Qorxurlar ki, NATO üzvlükləri rəsmiləşənə qədər Rusiya aqressiyasına məruz qala bilərlər.

Məhz belə bir vaxtda siyasi səhnəyə yenidən Böyük Britaniya baş naziri Boris Conson çıxır. Boris Conson həm İsveç, həm də Finlandiya ilə təhlükəsizlik sazişi imzalayaraq NATO üzvlükləri rəsmiləşənə qədər hər iki ölkəyə təhlükəsizlik təminatı verir. Və bununla da İsveç və Finlandiyaya mesaj verir ki, ürəklə NATO üzvlüyünə müraciət edin. Üzvlüyünüz rəsmiləşənə qədər isə Rusiya aqressiyasından qorxmayın. Belə bir aqressiya olsa, nüvə dövləti, NATO-nun aparıcı dövlətlərindən biri olaraq Böyük Britaniya (deməli həm də NATO) sizinlə çiyin – çiyinə olacaq.

Böyük Britaniya baş nazirinin bu cəsarətli hərəkəti Rusiyanı fakt qarşısında qoyur ki, İsveç və Finlandiyaya hətta NATO üzvlüyünə qədər başlanası savaş belə həm də NATO ilə savaş demək olar. Rusiya da buna risk etməz. Beləliklə, Boris Conson qətiyyətli hərəkətilə İsveç və Finlandiyanın NATO yolundakı maneəni aradan qaldırmış oldu. Böyük Britaniyanın baş naziri Boris Conson vədinə sadiqdir. O Putinizmi məğlub etmək üçün həqiqətən də əlindən gələni əsirgəmir.