Xalq artisti çekistlərə izahat vermədiyini deyir
Xalq artisti Aygün Kazımovanın MTN-ə çağırılması barədə məlumat yayılıb. “Yeni Müsavat”ın xəbərinə görə, ATV telekanalındakı əsas proqramlara sponsorluq edən “Karolina Valiant” xəz-dəri mağazasında və bu şirkətin bütün strukturlarında MTN tərəfindən ciddi araşdırmalar aparılıb.
Bildirilir ki, ATV öz sponsoru ilə əlbir olaraq onun xeyrinə reklam vasitəsilə istehlakçıları və bütün televiziya auditoriyasını, dövlətin müvafiq qurumlarını aldadıb. Sən demə, Italiya, Yunanıstan, Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən “Karolina Valiant” xəz-dəri geyimləri əslində Çin istehsalı imiş.
Aygün Kazımovanın da bu şirkəti reklam etdiyinə görə MTN-ə çağırıldığı deyilir.
Xalq artisti isə “Azadlıq”a açıqlamasında bu məlumata təəccübləndiyini bildirib: “Bəli, mən ”Karolina Valiant”ı reklam edirəm və hazırda da bu şirkətin reklamı davam edir. Heç də deyildiyi kimi, qadağan olunmayıb. Mənim MTN-ə çağırılmağıma gəlincə, bu xəbər də əsassızdır. Mən heç yerə çağırılmamışam və izahat verməmişəm”.
İnformasiya şöbəsi