Tort böyüdükcə…

Gəncədə başlayan ənənə Sumqayıta gəlib. Icra başçısı Eldar Əzizov prezidentin ad gününə yenə də nəhəng tort bişirtdirib və bu dəfə də ölkəyə səs salıb. Əslində, bu ənənənin Gəncədən gəlməsini, yaxud Eldar Əzizovun gətirməsini demək tam doğru deyil. Bu, şanlı ölkəmizdə hər il durmadan inkişaf edən yaltaqlıq ənənəsinin sadəcə gözədəyən bir misalıdır. Mövcud hakimiyyətin ilk günündən başlayıb bu ənənə, hələ də bitmir. O tort isə şirin və yekə bir yaltaqlıqdan savayı bir şey deyil. Sadəcə böyüyür…
Böyüdükcə də, bu ölkədə pisliklər böyüyür. O şirin tort böyüdükcə, bu ölkədə yaşamaq daha acı olur. Mən dəqiq bilirəm ki, çox az illərdən sonra hamı bu günlərə görə utanacaq. Bu rüsvayçılığa ad tapmayacaq heç kim. Bu günlərə necə düşdüyümüzü anlamayacağıq. Izah tapa bilməyəcəyik. Niyə belə oldu axı? Indi almanlar faşizmə görə necə utanırsa, biz də onda xalq olaraq bu yaltaqlığa görə utanacağıq və utanmalıyıq da. Bu, hər xalqın, hər toplumun utanmalı olduğu bir haldır. Bunu heç bir xalq öz adına yaraşdıra bilməz…
Bilmirəm, bəlkə hətta indiki halda da həyatımızda xalqımızın xeyrinə nələrsə var, hətta bu gün də ola bilsin fəxr edəcəyimiz məqamlar çoxdur. Amma ölkəni bürüyən bu yaltaqlığa görə yalnız utanmaq olar. Heyf bizdən! 21-ci əsrdə düşdüyümüz duruma bax!
Hər il doyunca deyib gülürük bu torta, doğrudan da gülməlidir. Amma içimiz göynəyir. Xəcalət çəkirik. Bu qədər də olmazdı. Bu qədər “banal”, bu qədər bisavad, bu qədər nadan yaltaqlıq necə gəlir insan ağlına? Bizim toplum necə daşıyır bunu?!
Başa düşürəm, tanınmış yazıçılar, sənət adamları, elm adamları yaltaqlıq edəndə, “JEK” müdiri təfəkküründə olan icra başçıları o cür yekə tortla ortaya çıxmalı idi. Anlayıram ki, kitablar müəllifi Anar mədhiyyələr yazanda, kitab oxumayan məmurlar da belə biabırçılıqlar etməli idi. Bunu anlamağa nə var! Amma bir xalq olaraq bu durumu necə həzm etdik biz? Bir toplumun bu qədər yaltaqlığı həzm etməsi bir insanın 51 metrlik tortu yeyib həzm etməsi kimi görünür və inanılmazdır. Qəbuledilməzdir!
Heykəllər və portretlər, tortlar, tostlar insana qalib gəldi. Insan alçaldı. Bu tort böyüdükcə, insan kiçildi. Bu tor böyüdükcə, xalqımız daha da kiçilir.
Bu yaxınlarda Azərbaycanda Internet Idarəçilik Forumunda iştirak edən Helen Goodman cümə axşamı üzvü olduğu Britaniya parlamentində Azərbaycanla bağlı debat keçirib və deyib: “Bakıda camaat hələ də Kafka dövründə yaşayır, orada qəzet köşkləri əslində qəzet satmır”.
Bütün dünyada insanlar dahi yazıçı Kafkanın əsərlərindəki aləmi qaramat sayırlar. Onun əsərlərindəki vəziyyət dəhşətdir. Onun əsərlərində axtarış və cəhdlər bitmir. Kafkanın əsərlərində insan böcəyə dönür. Onun əsərlərində insan qanun qapılarında donub qalır. Yaxud bütün həyatı boyu idarəçilərin qəsrinə gedib çıxa bilmir, yollarda qalır, ömür bitir, zillət bitmir. Insan acizdir, insan labirintdədir, insan yanılıb. Orda həyatın və tortun dadı yoxdur…
Bakıda köşklərin qəzet satmaması fikri isə tez-tez yazdığım bir fikri mənə xatırlatdı. Ilk qəzetimiz olan “Əkinçi”nin getdiyi kəndlərimizə bu gün qəzet getmir. Orada qəzet oxumamalı, amma tort yeməlidirlər…