(«Bazar oxuları» – 9)
Pol Oster Amerikanın yaşayan ən böyük yazıçılarından biridir. Əzablı bir tərcümeyi-halı var. Uşaqlığında və gəncliyində xeyli təlatümlər yaşayıb. Ənənəvi Amerika romançılığını “dəfn” etməsi ilə məşhurdur. Süjet qurmaq bacarığı heyrətamizdir. Onu bir detektiv yazar kimi tanımalayanlar var, oysa o, klassik detektivizmi bir “qiyafə” kimi istifadə edir, əslində, təpədən dırnağa bir post-modernistdir.
Bunlardan kənarda da bir demokratdır. Bir müsahibəsində demişdi: “Sinaqoqa, məscidə, kilsəyə getməyən bir çoxları özünə demokratiyanı din olaraq seçdi. Mənim də dinim demokratiyadır. Demokratlıq – qanunlar qarşısında bərabərliyə inanmaqdır; hər kəsin ayrı bir ruhu, ayrı bir iç dünyası olduğuna inanmaq, hər kəsin həyatının dəyərli olduğunu bilməkdir”.
Üstəlik, yalnız sözdə demokrat deyil. Davranışlarında da dediklərinə sadiqdir.
Keçənlərdə Türkiyəyə aldığı dəvəti bu ölkədə 100-ə yaxın qəzetçinin həbsə atılmasını, düşüncə və ifadə azadlığının basqı altına alınmasını əsas gətirib geri çevirmiş, dərhal da Ərdoğanın qəzəb və nifrininin hədəfi olmuşdu.
Oysa, yalnız Türkiyədə yox, Çindən Rusiyayadək harda azadlıqlara təhdid varsa, oranı boykot etməsilə tanınır Pol Oster.
Ikiüzlü deyil – zaman-zaman Amerika hökumətlərinə qarşı da sərt çıxışları var. Onları demokratik ideallara sədaqətsizlikdə, riyakar münasibətdə suçladığı məlumdur. Bir müsahibəsində demişdi: “Amerikanın idealları onun üçün hər şeydən öndə gəlir, o, bütün dünyaya hakim olmaq istəyir, amma ironiya burasındadır ki, özü heç vaxt bu ideallara sadiq olmur”.
Bu adi, çoxumuzun bildiyi bir həqiqətdir, amma razılaşaq ki, bunu Amerikanın yaşayan ən böyük yazıçılarından birinin dilindən eşitmək bu sadə həqiqəti daha cəzbedici, daha anlamlı, daha inandırıcı edir.
Vyetnam müharibəsinin də ən qatı əleyhdarlarından idi, Iraq savaşının da.
Buşa nifrəti sonsuzdur, onun Səddamdan sonrakı Iraqda yaşanan vəhşətin bir nömrəli suçlusu olduğuna inanır və buna görə “Amerikanın utancı” kimi tanımlayır. Demokratiyanı boğan bir çox rejimlər kimi, Əliyevlərin də yaxın dostu, kirli alver yoldaşı olaraq bilinən Çeyni haqqında isə demişdi: “O, cinayətkardır və cəzalandırılmalıdır”.
Əminəm ki, Pol Oster Azərbaycanda azadlıqların başına corab hörən Armitac, Eskudero kimi həmyerliləri haqqında eşitsə, buna görə də utanar, onları lənətləyərdi.
Əksər müsahibələrində, çıxışlarında dünyanın daha çox ədalətə, daha çox bərabərliyə və daha çox azadlığa ehtiyac duyduğuna inanan, yalnız bu yolla dünyanın xilasına inanan Pol Oster romanlar üzərindən siyasətlə məşğul olmağı doğru saymasa da, romanlarında siyasi referansları həmişə qoruduğunu dilə gətirir.
Haqlı olaraq, soruşa bilərsiniz:
Pol Osterlə bağlı bu kiçik, ümumiləşmiş qeydlərin anlamı nədir? Yalnız onu Azərbaycan oxucusuna tanıtmaqmı?
Əsla.
Pol Osterin üzərindən qələmə aldığımız bu yazının məqsədi çox açıq, çox aydındır: yaşadığımız çağda dünyanın ən usta qələmlərindən sayılan bir yazıçının timsalında ədəbiyyat adamlarının bizdə gözardı edilən, qəbuledilməz sayılan missiyasına diqqət çəkmək. Yazıçının siyasətlə iç-içə olmasını, ictimai funksionallığını, yalnız qələmi ilə deyil, həyatdakı kimliyi ilə də Şər, qaranlıq güclərə qarşı dayanmasını yersiz, hətta zərərli hesab edənlərin öz köləliklərini və qorxaqlıqlarını malalamaq üçün uydurduqları “arqumentlər”in puçluğunu ortaya qoymaq.
Bir daha onu göstərmək ki, yazıçı heç vaxt öz sakit hücrəsindən ibarət ola bilməz. O, ölkəsinin və dünyanın cari təbəddülatlarından kənarda dayana bilməz. O yalnız qələmi ilə kimliyi birləşəndə, bütövləşəndə böyük olur.
Yazıçının həqiqətin, ədalətin qələbəsinə kömək etmək üçün ədəbi missiyasından başqa həyati missiyasının da olduğunun keçmişdə qaldığını düşünənlərə Pol Oster ən yaxşı cavabdır.
Bu cavabla da kifayətlənməyənlərə başqa nə demək olar ki?!
Nobel Akademiyası 12 il əvvəlki “səhvinimi” düzəltdi…
Ədəbiyyat üzrə son Nobel ödülçüsü Mo Yanın Çindəki anti-demokratik rejimdən yana olmasının doğurduğu təpkiləri bilirsiniz. Onun keçənlərdə senzuranı vəsf etməsi də (yeri gəlmişkən, Rauf Arifoğlunun sözü olmasın, çox ilgincdir ki, Mo Yanın təxəllüsünün mənası da “sus” anlamına gəlir!) o təpkilərin nə qədər doğru olduğunu göstərdi.
Indi də məsələyə bir az başqa bir bucaqdan baxaq.
12 il əvvəl Nobel ədəbiyyat ödülü ilk dəfə bir Çin yazıçısına verildi. Bu, Qao Sintszyan idi.
Sintszyan Çin rejiminin ən ağır tənqidçilərindən biridir. Elə bu baxışlarına görə də Çindən sürgün edilmişdi.
Onun Nobel ədəbiyyat mükafatı alması Pekini çox əsəbiləşdirdi. Çin hökuməti “Bu qədər çinli yazıçı varkən, niyə məhz Qao Sintszyan?” deyə mükafatı verən Nobel Akademiyasını uzun müddət “top atəşinə” tutdu.
Və aradan 12 il keçdikdən sonra eyni mükafatın bu dəfə Çin hökumətindən yana bir yazıçıya verilməsi istər-istəməz suallar yaradır. Nobel Akademiyasının seçimi Çin hökumətinin könlünü almağa hesablanmış ola bilərmi? Nobel Akademiyası Çin hökumətindən qorxaraq, aradakı buzları əritmək niyyəti ilə belə bir seçim etmiş ola bilərmi?
Düzdü, Akademiya üçün Pekində onlar barədə nə düşündüklərinin heç bir isti-soyuğu yoxdur, amma basqıya, senzuraya, zora tərəfkeşlik edən bir yazıçının Nobelə layiq görülməsini anlamsız, yersiz, haqsız sayanların belə bir şübhə içində olmasını da başa düşmək çətin deyil.
Doğru olmayan, haqsız seçimlər belədir: özü ilə geriyə suallardan, şübhələrdən başqa heç nə buraxmır.
Bu sözlərə diqqət!
“Təzahür” yerinə “görsəniş”…
“Üsyan” yerinə “ayaqlanma” (ağlınıza dərhal Osmanlı türkcəsi gəlməsin, dilimizdə “dirsəklənmək”, “ürəklənmək”, “dillənmək” sözlərini rahat-rahat işlədə biliriksə, “ayaqlanmaq” niyə olmasın – “xalq ayağa qalxdı” yerinə “xalq ayaqlandı”, “xalq üsyanı” yerinə “xalq ayaqlanması” yazmaq daha gözəl deyilmi?)…
“Məsləhət” yerinə “gənəşik” (“məsləhətli don gen olar” – “gənəşikli don gen olar”, məsləhətləşmək – gənəşmək)…
“Sərmayə” yerinə “yatırım”…
“Mütaliə”, “qiraət” yerinə “oxu” yazmağı düzgün sayıram.
Dilə, ürəyə, şüura yatımlı olan da budur.
Elə ərəb-fars ağırlıqlı dini zehniyyətdən, getdikcə sürətlənən ərəbləşmə-farslaşma meyllərindən qurtulmağımızın yollarından biri də budur.
Dilimiz təmizlənəcək ki, beyinlərimiz də təmizlənsin.
(Örnəklər davam edəcək…)