Jurnalistin boğazına çəkilən bıçaq İlham Əliyevin əlindədir

Milli Şuranın sədri, professor Cəmil Həsənli

İrtica tüğyan edir. Qorxusuz, hürküsüz jurnalistin boğazına bıcaq dirəyirlər. Niyə də dirəməsinlər? Əgər dövlət mətbuatı təqib edirsə, jurnalistin ağzını bağlayırsa, hökumət qələm əhlinin qələmini sındırırsa onlara bağlı mafiya, terror qurupları, qeyri-rəsmi çete örgütləri də jurnalistin boğazına bıcaq çəkəcək, onu övladı ilə təhdid edəcək, nəyi yazıb yazmamağı bıcaqla başa salacaq.

Söhbət dünən axşam ölümlə üz-üzə dayanan Aytən Məmmədovadan gedir. Aytən xanım öz peşəsini vicdanla yerinə yetirən, sözünə və qələminə hörmətlə yanaşan, yazdığı hər sözün, hər sətrin məsuliyyətini dərindən duyan bir qələm əhlidir. Çoxdan tanıyırım bu fədakar xanımı. Görüşlərimiz daha çox məhkəmələrdə olub. Məhkəmə reportajları hazırlamaqda onun müstəsna qabiliyyəti var. Bir qayda olaraq siyasi işlərdə məhkəmə zallarına diktafon və digər səsyazma cihazları buraxmırlar. Amma Aytən xanım məhkəmənin gedişini diktafondan da dəqiq yazır.

Onu şübhəsiz ki, “Nərmin işi”nə görə ölümlə hədələyiblər. Yox, hədələməyiblər, əslində ölümlə üz-üzə qoyublar. Nərminin faciəsi bütün ölkəyə Aytənin qələmindən süzülüb gəlib, İlkinin əzabları, iztirabları, süni şəkildə “günah keçisin”ə çevrilməsinin ifşası Aytənin peşə hazırlığının nəticəsi olub. Onun reportajları bu işin arxasında keçmiş və hazırda fəaliyyətdə olan polis işçilərinin dayanması ehtimalını gücləndirdi. Başına gələnlər də bununla bağlıdır.

Ona görə də, indi tək Nərminin işində yox, Aytənin işində də bu ehtimal daha güclüdür. Bütün hallarda Nərmin əhvalatından DİN bixəbər olmayıb, məhkəmə reportajları bu işdə polisin hüquq mühafizə orqanlarından daha çox Şahlar Cəfərovun simasında maraqlı tərəf olduğunu açıq-aşkar ortaya qoyur. Aytən xanımın həyatı ilə təhdid edilməsi də bununla bağlıdır. Çünki İlham Əliyev hələ 2005-ci ildə bəyan etmişdi ki, nə qədər mən prezidentəm bu ölkədə bir nəfər də polis işçisi cəzalandırılmayacaq. O, hələ də prezidentdir və Nardaranda 6 günahsız vətəndaşın öldürülməsinə, Gəncədə öldürülən vətandaşların çiynindən avtomat asmağa, ovcuna tapanca qoymağa, Əli Kərimlinin vəhşicəsinə döyülməsinə, İbrahim İbrahimlinin boğulmasına, Oqtay Gülalıyevin şikəst edilməsinə, Tofiq Yaqublunun oğurlanmasına, başına torba keçirilib ölümcül döyülməsinə, ictimai fəal Bəxtiyar Hacıyevin oğurlanıb təhqir edilməsinə görə heç bir polis işçisi cəza almayıb, əksinə mükafat alıb, rütbə alıb, vəzifə alıb. Aytən Məmmədovanın işi də bu silsilənin davamıdır.

Əlbəttə ki, Aytən Məmmədovun boğazına çəkilən bıcaq azad sözün, azad mətbuatın boğazına çəkilən bıcaqdır və o bıcaqın qəbzəsi də İlham Əliyevin əlindədir.