AXCP sədri Əli Kərimli
Ölkədən ilbəil 7-11 milyard dollarlıq sərvəti oğurlayıb Böyük Britaniyaya daşıyanlar milli ünsürdürmü?
İlham Əliyev estafeti ötürüb ətrafına. İndi də Əliyevin deputat təyin etdikləri və rejimin haram pulu ilə maliyyələşən muzdlu media Əliyevin leksikonu ilə danışır. Rejimin oğurluqlarını ifşa edən hər kəsi anti-milli ünsür adlandırırlar. Öz aləmlərində guya bir güllə ilə iki hədəf vururlar – həm İlham Əliyevin sözlərini təkrarlamaqla ona yaltaqlanırlar, həm də öz məhdud ağıllarına görə müxalifətə dəhşətli zərbə vurmuş olurlar.
Azərbaycan xalqının haqqını müdafiə etmək, oğurlanan sərvətlərinə görə məsuliyyət tələb etmək, korrupsionerləri ifşa etmək, Azərbaycanın milli maraqlarını “müttəfiqinə” güzəştə gedənlərdən hesab sormaq nəyə görə anti-millilik olsun ki? Əgər bu sadaladıqlarım anti-millilikdirsə, onda millilik nədir?
Azərbaycan xalqının 100 milyard dollardan artıq sərvətini oğurlayıb ofşor hesablara daşıyanlar milli ünsürmü sayılmalıdır? Yoxsa, milyonlarla soydaşına çatmalı olan sərvətləri oğurlayıb oliqarx olanlar, harın, azğın həyat tərzi yaşayanlar milli ünsürlərdir? Bəlkə qəhrəman ordumuzun Qarabağı separatçılardan təmizləməsi prosesini durdurub, Rusiya ordusunu Azərbaycana qaytaranları milli ünsür saymalıyıq? Bəlkə uydurma Tərtər işi üzrə saysız-hesabsız hərbçimizə işgəncə verib, 13 hərbçimizi işgəncə ilə öldürənləri milli ünsür saymalıyıq? Bəlkə 30 il torpaq həsrətilə yaşamış qarabağlının ata-baba torpaqlarını ailə şirkəti üçün əkdirib, pul qazanmaqdır milli ünsürlük?
O səviyyədəsiniz ki, danışdıqca batdığınızın da fərqində deyilsiz. Azərbaycan xalqı sizə haqq etdiyiniz qiyməti çoxdan verib. Həmin qiyməti meydanlardakı izdihamın dilindən eşidəcəyiniz zamana da çox qalmayıb.