«İçməli suya həsrət qalmışıq, su idarəsinin işçilərinə vermək üçün bizə 1000 manat yardım edin!»
Tovuz rayonu, Qovlar qəsəbəsinin sakinləri “Azadlıq”a maraqlı bir müraciət göndərib. Müraciət dövlət başçısı və onun xanımına, güc strukturları və digər dövlət orqanlarına ünvanlanıb. Qəsəbə sakinləri məktubda yazır:
“Biz hər ay su pulunu versək də, Məhərrəm Quliyev adlı bu işə məsul əməkdaş qanunsuzluqla məşğuldur. O, su pulunu alsa da, bəzən qəbz verir, bəzən də vermir. Hər ay bizdən 5 manat su pulu alınsa da, problem həll olunmur. Su çox az gəldiyinə görə evimizin çöl tərəfində hovuz qazdıraraq ordan suyu nasos vasitəsilə işlətmək istəyirik. Məhərrəm Quliyevə deyirik ki, ana xətdən hovuza tökülən suya hesablayıcı qoyulsun. M.Quliyev isə hesablayıcı qoymağı lazım bilmir, hovuzdan istifadə etmək üçün bizdən 1000 manat pul istəyir. Bizim bu qədər pulu verməyə imkanımız yoxdur. Məhərrəm dəfələrlə evimizə gələrək bu pulu verməyəcəyimiz təqdirdə suyumuzu kəsəcəyini dedi. Pulumuz olmadığı üçün o, dediyi kimi, bizim suyu kəsdi. Hazırda içməli suya həsrət qalmışıq.
Su xəttinə hesablayıcı qoyulmasını və suyumuzun verilməsi üçün yardımınızı göstərməyi xahiş edirik.
Mehriban xanım, su işçilərinə vermək üçün bizə 1000 manat yardım edilməsinə kömək edin”.
Sosial şöbə


