Milli Şuranın sədri, professor Cəmil Həsənli
Ali Yavuz Akpinar hocamızın “Bayraklaşan şahsiyet: Mehmet Emin Resulzade” kitabını bu gün oxuyub başa çatdırdım. Doğrusu zövq aldım. Görünür hele uzun müddət bu gözəl, nəcib və nəfis kitabın təsiri altında olacağam. Yavuz hoca sanki işıq axtarışına çıxıb və o işığı da Rəsulzadənin simasında tapıb. Kitabın üzü də, içi də işıqdır, işıq!
Kitab poliqrafik baxımdan çox gözəl tərtib edilib. Məzmun dizayn ilə vəhdət təşkil edir. Üz qabığındakı Məmmədəmin bəyin nadir fotosu oxucuya çox bilgilər vəd edir və kitabı oxuduqca Rəsulzadənin çoxlarına örnək olan həyat yolu bir film kimi adamın gözlərindən, fikir və düşüncəsindən gəlib keçir. Bir vaxtlar Sabir vəfat edəndə Abbas Səhhət yazmışdı ki,
Vaxt gələr heykəl yaparlar namına.
Yavuz hocanın bu nəfis kitabı maraqlı bir əsər olmaqdan əlavə Məhəmmədəmin Rəsulzadənin adına və əməllərinə yapılmış bir abidədir, heykəldir. O heykəl ki, 30 ildir onu öz vətənində qoymağa can çəkirlər, dəyişik cildlər girirlər, ceşidli yalanlar uydururlar.
Və bu kitabda Rəsulzadə zəmanəsinin içində, onu yetirən mühitin aynasında, dava arkadaşlarının əhatəsində verilir. Ön sözdə kitabın qayəsi açıqlanır, istiladan istiqlala adlı giriş bölümündə XIX – XX yüzilin əvvəllərində Azərbaycanın keçdiyi siyasi, milli və mənəvi, mədəni proseslər əhatə olunur. Bu giriş bölümündə sanki oxucu Rəsulzadənin doğuşuna, tarix səhnəsinə çıxışına hazırlanır. Kimlər zikr olunmur bu bölümdə? Abbasquluağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Vazeh, Seyid Əzim Şirvani.
Bu kitabı oxuduqca Həsən bəy Zərdabi və onun mübarək “Əkinçi”si, Ünsizadələr, və onların “Ziya”sı, “Kəşkül”ü, Məhəmmədağa Şahtaxtlı və onun “Şərqi rus”u, Əli bəy Hüseynzadənin “Həyat”ı, Mirzə Cəlilin “Molla Nəsrəddin”i, Əhməd Ağaoğlunun “İrşad”ı gəlib keçir oxucunun gözləri qarşısından. Və doğrudan da görürsən ki, min bir əziyyət hesabına işıq üzü görən bu mətbuat risalələri milləti necə oyadıb, zəmanə ilə ayaqlaşdırıb, diri saxlayıb, dünya xalqları içərisində imza axtarışına çıxarıb. 60 səhifəyə yaxın bir giriş səyahəti admı heç yormur, əksinə Rəsulzadənin gəlişinə hazırlayır.
Və Rəsulzadə! Kitabın canını, mayasını, məna və məzmununu təşkil edən böyük fikir və əməl adamı kimi Məmmədəmin bəy doğuşundan ucaltdığı bayrağa, baraqlaşana qədər həyat həqiqətləri, acıları, iztirabları, milli dirilik axtarışında verilir. Yavuz hoca Rəsulzadənin gerçək bir həyat hekayəsini maraqlı bir süjet xəttində yaza, yarada bilib. Onun Bakı mətbuatında cilalanan qələmini, siyasi düşüncəsini ardıcıllıqla izləyib, birinci rus inqilabı dövründə ideya axtarışını önə çəkib, iki Azərbaycana xidmətini, türk ocaqlarında, “Türk yurdu”nda milli dirilik fəlsəfəsinə vaqif olduğunu göstərə bilib.
“Dirilik nədir?” Kitabda göstərilir ki, Rəsulzadə bu mühüm suala məhz İran və Türkiyədə topladığı nəzəri və əməli təcrübədən sonra “Dirilik” jurnalında 1914-cü ildə çıxan “Milli dirilik” silsiləsində cavab verir. (Seh.96) Elə bu dirilik fəlsəfəsi ilə Rəsulzadə “Açıq söz”ə gəlir, bir sıra mətləbləri çox açıq şəkildə ortaya qoyur və gələcəyə yol açır. (Seh. 96-98). Biz kitabın hər səhifəsini oxuduqca, hər vərəqdə Rəsulzadənin istiqlala doğru irəllədiyinin şahidi oluruq.
Əlbəttə ki, Rəsulzadənin ən böyük əsəri Azərbaycan istiqlalıdır, Xalq Cümhuriyyətidir. Yavuz bəy də onu bu istiqlalın fonunda verib, iki ilin zəfər və faciəsinin vəhdətində təqdim edib. Məhz bu istiqlal davasında onun siyasi portretinin formalaşması tamamlanır, şəxsiyyəti obrazlaşır, bütün millət onun və əqidədaşlarının ucaltdığı bayrağın kölgəsinə sığınır. (Seh.101-105).
Şübhəsiz ki, müsavatçılıq ruhu kitabın canına hopub və bütün əsər boyu əsas süjet xətti olaraq diqqəti cəlb edir.
Kitabın önəmli bir qismi Rəsulzadənin mühacirət dövrü barədədir. Belə demək mümkünsə Prof.Dr. Ali Yavuz Akpinar Məhəmmədəmin Rəsulzadənin mühacirət dövrünün ən yaxşı tədqiqatçısıdır. Çünki o, Rəsulzadəni mühacirət həyatının ən qaynar dövrünü əhatə edən Türkiyə illərinin bütün tərəflərinə bəllədir. Bütün “Yeni Kafakasiya”nın 1923-1927-ci illərdəki saylarını ayrıca kitab halında nəşr edib. (Seh.107-118). “Azəri türk” dərgisini şayba-say izləyib, “Odlu yurd”dan keçib.
Kitabın ikinci bölümü “Rəsuzadənin ideal dünyası” adlanır. Bu dünyanın da təməl daşını türkləşmək, islamlaşmaq, müasirləşmək təşkil edir. (Seh.135-186) Türk dünyasına Rəsulzadənin baxışı İran türklərindən başlanır və bu da əlbəttə təsadüfü deyil (Seh. 156-162). Kitabın müxtəlif bölmələrində tez-tez Prof. Şirməmməd Hüsenovun hazırladığı 5 cildliyə, tanınmış tarixçi Aydın Balayevin, Nəsiman Yaqublunun, Səbahəddin Şimşirin və digərlərinin Rəsulzadə ilə bağlı əsərlərinə istinad edilir.
Kitabda günümüz üçün önəmli olan “Qadın hakları” (Seh.173-176) və “Demokrasi” (177-186) məsələlərində də ayrıca yer verilmişdir. Yavuz hoca haqlı olaraq Rəsulzadənin milli idealını ulus-millət, demokratiyasında, xalqçılıq görüşlərində axtarır. Kitab 3-cü bölümdə “Rəsulzadənin yazılarından örnəklər”lə tamamlanır.(Seh.189-282). Ən gözəl yazılar, ən maraqlı örnəklər, qalıcı nümunələr, oxucunu sehrinə salam parçalar seçilib Məmmədəmin Rəsulzadədən. Bu əsərlər Rəsulzadənin ömür yolunu tamamlayır.
Kitab çox maraqlıdır.
Deməklə, yazmaqla əhatə etmək çətindir. Gərək özünüz oxuyasınız və görəsiniz Prof. Dr.Ali Yavuz Akpinar hocamız böyük öndər Rəsulzadəyə necə qalıcı bir abidə qoyub. Gərək nəşriyyatlarımızdan biri bu kitabı Azərbaycan dilinə tərcümə edib nəşr etsin və oxucularımız da Rəsulzadə idellarına Türkiyədən baxışla tanış olub bu böyük şəxsiyyətin əzəmətini onun əməlləri fonunda yaddaşın həkk etsin, ruhunu təzələsin.