Rusiya hərbçiləri ukraynalıların evlərindən götürülmüş əşyalardan ibarət bağlamalardan 130-nu Rubtsovska – istehlak kreditlərinin ən yüksək həddə olduğu ən kasıb Rusiya bölgələrindən birində yerləşən şəhərə göndərmək istəyiblər. Orda yalnız həbsxana işçiləri, FSB əməkdaşları və bir də hərbçilər özləri yaxşı maaş alırlar.
BBC müharibə dövründə şəhər sakinlərinin necə yaşadığını öyrənib.
Rubtsovsk Altay diyarının cənubunda – Qazaxıstanla sərhəddən 40 km, bölgənin paytaxtı Barnauldansa təxminən 300 km məsafədə yerləşir.
Bir çox sənaye şəhərləri kimi, Rubtsovskun da inkişafı 90-cı illərdə dayanıb – şəhəryaradıcı müəssisə bağlanandan sonra.
Bu şəhəri 1942-ci ildə Xarkov, Odessa və Stalinqrad traktor zavodlarının evakuasiyası zamanı yaradıblar. 2010-cu ildə isə Rubtsovsk artıq xarabalığa çevrilib.
Keçən il şəhərin memarlıq simvolu dağılıb. Rubtsovskun 31 yaşlı sakini Andrey (Öz xahişilə adı dəyişdirilib) BBC-yə mərkəzi küçədə boş qalmış ərazinin videosunu göndərib. Onun sözlərinə görə, “Qüllənin altındakı ev” adlı məşhur tikili orda yerləşirmiş. Bu bina yetmiş il boyu əsas ekskursiya ünvanlarından biri olub, açıqcalarda təsvir edilib, amma hökumət təmirinə pul ayırmadığı üçün 2021-ci ildə uçub.
Binanı bərpa etməyiblər, tamam söküb dağıdıblar. Meriya onun yerində bağ salmağa söz verib.
Həmin yerdən 500 metr aralıda – Lenin meydanında yerləşən “stalinka”nın fasadı yağlı şlaklarla suvanıb. Aprel ayında ora iki qara baner vurulub. Sol tərəfdəkində Rusiyanın Ukraynaya hücumunu xatırladan “Z” hərfi və “СвоихНеБросаем” (“ÖzümüzünküləriAtmırıq”) sözləri, sağdakında “vətənpərvər” “V” hərfi və “Brat-2” filminin qəhrəmanı Danila Baqrovun «СилаVправде» (“GücHəqiqətdədir”) sözləri yazılıb.

Qələbə bayramının qeyd olunmasına 20 gün qalmış bu banerləri “Svetofor” ucuzluq mağazasının reklamı əvəz edib.
“Pul hər şeyi həll edir. Heç kim şəhərin mərkəzindəki yaxşı yeri hansısa hərflərə görə administrasiyaya müftə verməz, ona görə də pul qalib gəlib. Sifarişçi gəldi və öz afişalarını asdı” – Andrey belə deyir.
Xalq arasında “dilənçilər marketi” adlandırılan “Svetofor”un Rubtsovskda dörd filialı var. Ticarət zallarında piştaxtalar yoxdur; malların karton qutularda və ya soyuducularda saxlandığı nəhəng anbarlar var. Qiymətlər həqiqətən aşağıdır – donuz əti gulyaşının 1 kiloqramı 239, çəkilmiş hinduşka ətinin yarım kilosu isə 125 rubla satılır. Yerli sakinlərin sözlərinə görə, kassalarda həmişə növbə olur.
Orduda xidmət və “subordinasiyaya riayət etmək ” bacarığı
Andrey Rubtsovskda anadan olub və həmişə orda yaşayıb. Vaxtilə çağırışçı kimi orduda xidmət edib, indi Fövqəladə Hallar Nazirliyində işləyir və ayda 40 min rubla yaxın maaş alır. Dediyinə görə, son illərdə burada şəhəryaradıcı müəssisələr rolunda zavodlar yox, Federal Penitensiar Xidmətin (FSİN) administrasiyası, gömrük və sərhəd nəzarəti idarələri çıxış edib.
Rubtsovskda “cığıraçanlar” üçün açılmış ümumi rejimli ilk həbsxana (İK-5) Böyük Vətən Müharibəsindən sonra – Xarkov Traktor Zavodu bura köçürülən dövrdə yaradılıb. Bu zavod üçün binalar tikməyə məhkumları cəlb ediblər, Rubtsovskun bir çox başqa tikilisi də onlara həvalə olunub. 2022-ci ildə Ukraynadakı fəaliyyətinə görə pis şöhrət qazanmış 6720 saylı hərbi hissə 50-ci illərdə həmin həbsxanaları qorumaq üçün formalaşdırılıb.
Rubtsovskda bu gün xeyli məhbus var: şəhərin şimal hissəsində yerləşən dörd islah koloniyasında (IK) eyni vaxtda təxminən altı min insan saxlamaq olur. Orda 2017-ci ildə azad edilmiş tanınmış müxalifət lideri İldar Dadin də olub. Altay diyarının rüşvətxorluğa görə həbs edilmiş keçmiş vitse-qubernatoru və paytaxt Barnaulun vitse-meri isə cəzalarını çəkməyə davam edirlər.
Rubtsovskda zamanın sınağından keşmiç ən etibarlı işəgötürənlər həbsxanalardır. İş elanı saytlarında Rubtsovsk İK-ya aid onlarla vakansiya var. Əsasən “təhlükəsizlik müfəttişi”, yəni nəzarətçi işinə dəvət edirlər. Tələblərsə bunlardır – orta təhsil, hərbi xidmət və “subordinasiyaya riayət etmək” bacarığı.
“Belə bir zarafat var – şəhərin yarısı işləyir, yarısı “yatır”” – Rubtsovsk sakini, 33 yaşlı tibbi masaj ustası Dmitri belə deyir. O, Federal Penitensiar Xidmətdə işləməyin prestijli olduğunu bildirir; qeyd edir ki, bu işdəki “sosial üstünlüklərə” görə orda çalışmaq istəyənlərin sayı vakansiyaların sayından xeyli çoxdur.
Dmitri həbsxanada işləyən dostundan bəhs edir: “Maaşı mənimkindən üç dəfə çoxdur, üstəlik, güzəştli iş stajı yazılır. Tezliklə pensiyaya çıxacaq və aldığı təqaüdlə dolana biləcək”.
“Avito” saytı Rubtsovskayla bağlı təxminən 350, “hh.ru” saytı təxminən 250 və bir bu qədər də yerli məşğulluq mərkəzi vakansiya təklif edir. Yüz min rubldan yuxarı maaş yalnız növbəli işlər üçündür: “60/30, rahat vaqonda qalmaq”.
Digər işlər üçün 15-40 min rubl arası əməkhaqqı verilir. Həkimlər (cərrahlar 80.000 rubla qədər), mal-qara kəsənlər (60.000 rubla qədər) və hərbçilər üçün vakansiyalar istisna təşkil edir. Sayca ən çox olanlar sonunculardır.
Hazırda 6720 saylı hərbi hissəyə 40 atıcı lazımdır. Əməkhaqqı 25 min rubla qədərdir, sosial müavinətlər də var. Yerli FTX-də də vakansiya çoxdur: 60 minə yaxın maaşı olan 15 iş yeri təklif olunur, namizədlər üçün yeganə şərt məktəbi və hərbi xidməti bitirmiş olmalarıdır.
“Əgər minimum əməkhaqqıdan az maaş verilməsi müraciət edən şəxs üçün problem deyilsə, o zaman iş probleminin olmadığını demək olar. Məşğulluq mərkəzində 15 mindən yuxarı maaş tapmaq böyük uğurdur” – köçürülmə proqramı çərçivəsində Özbəkistandan Rubtsovska köçmüş Ənvər (Ad dəyişdirilib) belə deyir.
O, 24 yaşına kimi həm özbək yeməkləri verilən kafedə, həm də avtomobil çilingəri olaraq çalışıb.
Rubtsovsklu iş adamı Sergey Leviçev deyilənlərlə razılaşmır:
“İş çoxdur, işləmək istəmirlər”.
O, hələ məktəbliykən şəhər bazarında Çin malları satıb, tələbəykən mühasibat şöbəsində yarımştat işləyib. 21 yaşında qəza keçirib, ayağını itirib.
“Dəhşətli ağrılarım olurdu, yata bilmirdim” deyən Sergey sağalandan sonra protez taxdığını, bizneslə məşğul olduğunu bildirir. İndi Rubtsovskda Leviçevin məşhur reklam qəzeti, kabel kanalı, sürücülük məktəbi və çörək zavodu var.
Sonuncusunu müflis olmuş sahibkardan, borclarıyla birlikdə alıb, həm də daha çox sentimental mülahizələrlə: özü də daxil, bütün şəhəri öz çörəyilə “böyüdən” zavodun bağlanmasını istəməyib.
Leviçevin bütün müəssisələrində kadr çatışmazlığı var:
“Daim işçilərə ehtiyacımız var – süpürgəçidən tutmuş mühəndisə qədər. Maaşlar da normaldır, 30 mindən yuxarıdır. Orda zibili toplamaq yarım saat çəkir, azacıq süpürmək lazımdır. Amma 10 min təklif etsən, inciyəcəklər, getməyəcəklər”.
İş adamı hesab edir ki, Rubtsovskda insanlar “şikayətlənməyə öyrəşiblər” – “ya ona görə ki, snobdurlar, ya da əyalət çarəsizliyinə görə”.
“Bütün zabitlər əclaf deyil”
Təxminən 150 min sakini olan Rubtsovsk şəhərində cəmi iki kinoteatr var – “Raduqa” və “Jemçujina”. İkincisində martın sonundan etibarən iki həftə boyu Balabanovun “Qardaş” və “Qardaş-2” filmləri nümayiş etdirilib. Şəhərdə bir neçə ticarət mərkəzi, kababxanalar və pivəxanalar da fəaliyyət göstərir.
Qazaxıstandan qaçaqmalçılıq yoluyla gətirilən spirtli içki və siqaretlərin mağazalardan iki dəfə ucuz satıldığı köşklər xalq arasında populyardır. Yerlilər belə məhsulu “kazaşka” (qazax qız) adlandırırlar. Şəhər əhalisinin dediyinə görə, onları Rubtsovska “icazəylə və nəzarət altında” gətirirlər.
Zibili nadir hallarda təmizləyirlər, yollar çala-çuxurdur. Aprelin əvvəlində polis idarəsinin də yerləşdiyi yaşayış binasında divarın bir hissəsi uçub, unitaz binanın zirzəmisinə düşüb.
Yazda Rubtsovski yanan otların, digər aylarda isə yerli İES-ə aid tullantıların dumanı bürüyür. 2016-cı ildə Sibir İstehsalat Şirkəti (SGK) Rubtsovskun istilik təchizatını yaxşılaşdırmağa başlayıb, nəticədə istilik təchizatında tariflər 25% artıb.
Xilasedici Andrey bizimlə söhbətində bu şirkətin sahibi haqqında da danışıb:
“Milyarder Melniçenko, eşitmisizmi onun haqqında? Qiyməti 530 milyon avro, uzunluğu 143 metr olan yaxtası vardı, müharibə başlayandan sonra – mart ayında İtaliyada həbs qoyulub”.
Rubtsovskun çuxurlu mərkəzi küçələrində bir neçə “web-şop” mağazası və SDEK ofisi var. “Dosye” Mərkəzinin araşdırmasına görə, 6720 saylı hərbi hissəsinin zabitləri ukraynalıların evlərindən götürülmüş əşyaları – cəmi 130 bağlamını bu şəhərə göndərməyə cəhd ediblər. Jurnalistlər bağlamalardan yalnız üçünün Rubtsovska çatdığını yazırlar. Qalanları SDEK-in Belarus şöbəsində – hərbçilər əşyaları təhvil verdikləri məntəqədə ilişib qalıb.
Qərbin sanksiyalarının təsirləri artıq bu şəhərdə də hiss olunur. Hər şey bahalaşıb.
Masajçı Dmitri müharibədən əvvəl gündəlik 300 rubl qazancla “yaxşı yaşadığını” deyir: kolbasa, çörək alıb, həftədə bir dəfə dostlarıyla hamama gedib. O, bütün bunların indi neçəyə başa gəldiyi haqda suala cavab vermir, ümidsizcəsinə əlini yelləyir.
Fövqəladə Hallar Nazirliyində işləyən Andreyin sözlərinə görə, əvvəl 900 rubla olan uşaq bezləri indi 1300 rubla satılır, avtomobil yağı və filtrlərsə iki dəfə bahalaşıb.
Daha əvvəl Andrey boş vaxtlarında bahalı materiallardan – mamont sümüyündən, Afrikanın qara ağacından və Dəməşq poladından hədiyyəlik bıçaqlar düzəldib, onları həm Rusiyada, həm də xaricdə satıb. İndi isə ona əlavə gəlir qazandıran hobbisi sual altındadır. Materiallar bahalaşıb, 1,5 rublluq vintin qiyməti isə hətta 2 dəfə artıb. Andreyin xaricdən ödənişlər üçün istifadə etdiyi “PayPal” Rusiyanı tərk edib. “Özünü çox yormadan ayda 10 min rubl təmiz qazanc əldə etmək olurdu” deyə, xilasedici şikayətlənir.

Andreyin dostları arasında çoxlu hərbçi də var. O, talanlarla bağlı xəbəri oxuduğunu, amma o əsgərlərin heç birini tanımadığını deyir, onları “aclar” adlandırır.
Medianın aşkara çıxardığı 13 bağlama Rubtsovsk da daxil olmaqla, artıq göndərildikləri ünvanlara çatdırılıb. Daha 10-u SDEK-in Rusiya ofislərində sahiblərini gözləyir. “Vajnıe istorii” (“Mühüm hekayələr”) nəşri 69 bağlamadan 46-sının geri qaytarıldığını yazıb. Rubtsovskda dolaşan şayiələrə görə, hərbçilərə Ukraynadan əşyalar göndərmək qadağan olunub, hərbi prokurorluq videosu yayılmış faktı araşdırır.
“Zabitlərin hamısı əclaf deyil. Elələri var ki, onlar üçün şərəf və ləyaqət də önəmlidir” – Andrey belə deyir.
O özü müharibədə iştirak etmək istəmir:
“Müharibə vəhşilikdir. Ümumiyyətlə, bu, həyatda baş verə biləcək ən pis şeydir. İştirak edənlər və etməyənlər üçün bütün bunların nəticəsi uzun müddət hiss ediləcək və çox ağrılı olacaq”.
“Bir az loyal olmağı xahiş etdilər”
“Moskvada, ya da Sankt-Peterburqda yaşasaydım, böyük pullar qazana bilərdim. Həftənin yeddi günü, səhər 8-dən gecəyə qədər işləyirəm. Elə bilirsiz, çox qazanıram? Xeyr! Ayda maksimum 30-40 min rubl. Özünü buza çırpan balıq kimiyəm burda. Şəhərin heç bir perspektivi yoxdur, normal iş və ləyaqətli maaş da yoxdur” – aktivist Olesya Dilareva belə deyir.
O, 16 yaşında yerli radio şirkətində jurnalist kimi fəaliyyətə başlayıb, sonra əri və həmkarlarıyla birlikdə foto və video istehsal edən şirkət yaradıb. Ardınca Rubtsovskda bir neçə mağaza açaraq 10 il bayram ləvazimatlarının – lövhə və şamların satışıyla məşğul olub. Amma keçən il aktivist mağazaları bağlamaq məcburiyyətində qalıb.
Dilarevanın sözlərinə görə, buna “Telegram”dakı kanalı, “Vkontakte”dəki səhifəsi və “İnstaqram”dakı “Bloger Rubtsovsk” profili səbəb olub. Artıq iki ildir ki, o, “Minikuper”lə şəhəri dolaşaraq məmurları ifşa edir: pis yolları, vaxtında daşınmayan zibil yığınlarını, keyfiyyətsiz şəhərsalma işlərini və korrupsiya faktlarını göstərir.
Dilareva hər gün yerli hakimiyyət orqanlarını tənqid edir.

Aktivist deyir ki, bu, məmurların xoşuna gəlməyib. 2021-ci ildə onun mağazasına gəlib şar alıblar, onlara qəbz verilmədiyi üçün UBEP (İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi) və vergi orqanları onun obyektlərində yoxlamalara başlayıblar. Hökumət nümayəndələri Olesyanın ərini və qohumlarını da incidiblər, “bütün mümkün üsullarla təzyiq etməyə çalışıblar”. Nəticədə o, bütün obyektlərini bağlamalı olub.
Yol təmiriylə bağlı müqavilələrə baxan Dilareva deyir ki, “adamların bu qədər pul oğurlaması və bunu bacara bilməsi” onu qorxudur. Hərçənd qeyd edir ki, sosial şəbəkələrdə yazdığı tənqidlərə reaksiya verməyə başlayıblar – haradasa yolu təmizləyirlər, haradasa zibili daşıyırlar.
“Qubernatorun müavini mənimlə danışmağa gəlmişdi. Xahiş etdi ki, bir az loyal olum. Dərhal cavab verdim ki, loyal, qeyri-loyal, mən hamıya eyni cür yanaşıram və ancaq həqiqəti göstərirəm. Bu kiminsə xoşuna gəlmirsə, qoy özünü islah etsin, mən nə edə bilərəm?”

Qırıq yelləncəklərdən və dağılıb tökülmüş suvaqdan başqa, Dilareva sosial şəbəkələrdə vətənpərvər fləş-moblar haqqında da məlumat verir, “Z” simvollu şəkillər paylaşır, müharibəni “xüsusi əməliyyat” adlandırır. O, Rubtsovsk haqqında reportajın Rusiya hərbçilərinin reputasiyasına ziyan vurmasını istəmir:
“Siz talançılarla bağlı məsələni düz başa düşmürsüz. Qətiyyən başa düşmürsüz. Rubtsovskda heç kimə bağlama gəlməyib”.
“Ayda 30 min rubl çox böyük puldur”
“Silahlı qarşıdurma insanların vəhşiləşdirir – zorlamalar, qətllər, talanlar olur. Belə faktlar baş veribsə, təəccüblənmərəm. Təəccüblənmərəm, çünki şəhər kasıbdır” – Rubtsovsk sakini, “Qolos solidarnosti” (“Həmrəyliyin səsi”) adlı müstəqil qəzetin baş redaktoru Vyaçeslav Sadıqov belə deyir.
Altay diyarı həqiqətən də Rusiyanın ən kasıb bölgələrindən biridir. Əhalinin, demək olar ki, 20 faizi yoxsulluq həddinin altında yaşayır, yəni ayda 11 min rubldan da az qazancı olur. Orta əməkhaqqı 31 min rubldur (müharibədən əvvəlki məzənnəylə 400 dollar). Bölgə sakinlərinin yalnız 10 faizinin ayda 45 min rubldan çox gəliri var.
1990-cı illərdə “Qan donorluğu haqqında” qanun yenilənib və özəl treyderlərə “donor qanını və onun komponentlərini əldə etmək, emal etmək və saxlamaq” qadağan olunub; bu iş yalnız Səhiyyə Nazirliyi sisteminə və ya digər federal idarələrə aid olan qurumlara həvalə edilib.
Kömür qıtlığı, “mal-qaranın həyətlərdə kəsməmək” qadağası və apteklərin həbləri tək-tək satmaqdan imtinası şəhərin əsas problemlərindəndir.
66 yaşlı Sadıqov təqaüddə olan fərdi sahibkardır, təxminən 15 min rubl pensiya alır. Bu məbləğlə yaşamaq olarmı sualına Sadıqov gülərək cavab verir: “Sadəcə mövcudluğunu davam etdirə bilərsən, buna həyat demək olmaz. Sahibkar olduğum üçün pensiyam indeksləşdirilmir. Eyni zamanda, mən Pensiya Fonduna hər il 30-40 min rubl ödəyirəm”.
O, 1990-cı illərdə hemofiliyanın müalicəsi üçün dərman istehsal edən, bu sahədə Rusiyanın ən böyük müəssisəsi olan Rubtsovsk şəhər qanköçürmə stansiyasının baş həkimi olub. Qanundakı boşluqlara görə 2000-ci ildə stansiyanı hay-küylə ləğv ediblər. Sadıqov biznesini xilas etmək üçün mübarizə aparıb, buna görə haqqında iki cinayət işi açılıb – xüsusilə böyük miqyasda mənimsəmə və səlahiyyətdən sui-istifadə ittihamlarıyla. Əvvəlcə onu 13 il həbslə hədələyiblər, sonra 5 il şərti cəza veriblər, daha sonrasa amnistiyaya düşüb.
Bir neçə illik mübarizəsi ərzində qanunları öyrənən Sadıqov həmyerlilərini məhkəmələrdə təmsil etməyə başlayıb, onların əmək və tibbi yardım hüquqlarını müdafiə edib.
Hələ 2015-ci ildə Sadıqov öz qəzetində yerli səhiyyənin problemlərini işıqlandırıb. O dövrdə hansısa mütəxəssisin qəbuluna düşə bilmək üçün Rubtsovsk sakinləri gecə saat ikidə poliklinikanın (150 min nəfərlik şəhərdə cəmi dörd poliklinika var) həyətinə gedib növbə tuturmuşlar.

Sonrakı illərdə növbələr azalıb, amma problem tam həll olunmayıb. Məsələn, 2019-cu ildə insanların 30 dərəcə şaxtada klinikanın açılmasını gözləmələriylə bağlı video yayılıb. Bu ilin aprel ayında psixiatr analıq məzuniyyətinə getdiyi üçün onun müayinəsindən keçməli olan yüzlərlə uşağı bağçaya götürə bilməyiblər. Bu postda daimi işləyəcək yeni bir həkim tapa bilmirlər.
“Bizim poliklinikalarda heç sahə həkimləri də qalmayıb. Barmaqla saymaq olar. Onları feldşerlər əvəz edir. Halbuki qanun buna icazə vermir. İş yükünün artmasına görə feldşerlərin maaşı 30 min rubla qədər yüksəlib. Bu, Rubtsovskda çox böyük puldur!”- Sadıqov belə deyir.
“Mən ona isti əlcək alıram, o isə plazma televizorun kreditini ödəyir”
Rubtsovsk sakinlərinin görünməyən gəlir mənbəyi də var. 1949-1989-cu illər aralığında bu şəhərdən 400 km məsafədə – Qazaxıstanın Semipalatinsk poliqonunda təxminən 500-ə yaxın hava, yer və yeraltı nüvə partlayışı həyata keçirilib. Bölgənin Sosial Müdafiə Nazirliyinin hesablamalarına görə, 2016-cı ildə Altayda nüvə sınaqlarına görə radiasiya təsirinə məruz qalmış 47 min insan yaşayıb.
Onların sosial dəstək hüququq var. Radiasiya dozası 5-25 cSv (rem) aralığında olanlara (atom elektrik stansiyası işçilərinin birdəfəlik şüalanma dozası) dəstək olaraq ayda 793,09 rubl ödəniləcəyi vəd edilir.
Daha yüksək dozada şüalanmaya məruz qalanlar üçünsə mənzilhaqqının, su və elektrik enerjisi ödənişlərinin 50% -inə kompensasiya güzəşti də var və belələrinə ayda 2532,98 rubl verilir. Rubtsovskda kommunal xidmətlər şəhər əhalisinə ayda 5-10 min rubla başa gəlir – təxminən Moskva vilayətindəki kimi.
65 yaşlı İnna Popova (Ad dəyişdirilib) yüksək dozada şüalanıb. 12700 rubl təqaüd alan qadın həmin kompensasiyanı da almaq istərdi, amma bu işi axıra çatdıra bilməyib.
“Əvvəlcə mənə gülməli gəldi, məbləğin çox az olduğunu düşündüm. Sonra başa düşdüm ki, lazımdır, çünki mənzil üçün də güzəşt var. Arayış apardım, dedilər ki, dişləriniz rentgen etdirəndə yox, məhz poliqona görə şüalandığınızı sübut edin. Bir müddət sonra da sənədlərimi itirdilər”.
Popova deyir ki, Xarkov Traktor Zavodu Rubtsovska evakuasiya ediləndə texnikayla birlikdə bu müəssisədə çalışmış ukraynalılar da gəliblər. Rubtsovsk yaxınlığındakı kəndlərdə Voronejskaya, Xarkovskaya adlı küçələr olub – onların qoyub gəldikləri yerlərin şərəfinə belə adlandırıblar:
“Mənim atam surjik dilində danışırdı. Əvvəllər Altayda bu dili çox adam bilirdi. Üstünə xaşxaş toxumu səpilmiş ruletlər, Ukrayna mətbəxi, ukraynalılara xas yumşaqlıq, diribaşlıq, dostcasına mehribanlıq. Hamısı əvvəllər olub” – Popova belə deyir.
O, 90-cı illərdə Rubtsovskdan Çinə alış-veriş turları təşkil edib, sonra yerli “Vahid Rusiya” fraksiyasının rəhbəri tərəfindən nəşr olunan “RTV-3 təqdim edir” qəzetində doqquz il korrektor kimi çalışıb.
Popova şəhərdə televizora baxmayan və krediti olmayan tək-tük insanlardan biri olduğunu deyir.
Altay diyarı uzun müddətdir ki, Rusiyanın ən çox istehlak krediti verilmiş beş regionundan biridir. Orta hesabla bir altaylının bank borcu 278,4 min rubl təşkil edir. Krediti olanlar gəlirlərinin təxminən 80%-ni onların qaytarılmasına sərf edirlər.
Popova deyir ki, “Mənzillərinə girsəniz, heç nə görməyəcəksiz, amma az qala divar boyda plazmaları var, günlərlə televizora baxırlar. Xalam qızı kənddə yaşayır, güc-bəlayla dolanır, uşaqlıqdan fiziki məhdudiyyətlidir, üstəlik, bir inəkləri də var. Mən ona isti əlcək alıram, amma evində plazması var. Ona görə kredit ödəyir. Oğlunun toyu üçün boşqabları ona mən aparmalıydım, çünki yoxuydu. Gedib gördüm ki, divardan nəhəng bir plazma asılıb, kreditlə alıb”.
“Müharibəsiz dünya necə də yaxşıdır!”
Rubtsovsk sakinlərinin kreditlə aldıqları televizorlardakı xəbərlərdə Ukraynanın bombalanmasının zəruriliyindən, rusiyalıların həyatının Qərbin aqressiyasına görə pisləşdiyindən danışırlar. Şəhər sakinlərinin çoxu bunlara asanlıqla inanır.
“Federal kanallara baxdım. Sonra İvan Oxlobıstin adlı blogerin yazdıqlarını oxudum. Hər şey üst-üstə düşdü. Orada çox şey düzdür” – masajçı Dmitri belə deyir. Halbuki artan qiymətlərə və yarıboş film afişalarına görə ətrafındakıların çoxu fərqli fikirdədirlər. Amma o “xüsusi əməliyyatı dəstəkləyir, çünki nasistlər bezdirmişdilər”.
BBC-nin həmsöhbətləri deyirlər ki, Rubtsovsk sistem müxalifətinin şəhəridir, burda SSRİ-yə güclü nostalgiya var, ona görə də Dövlət Dumasına son seçkilərdə Rubtsovsk dairəsindən kommunist Mariya Prusakova qalib gəlib.
Şəhərdə müstəqil gənclər təşkilatları yoxdur, yalnız hökumətyönlülər fəaliyyət göstərir. Martın 18-də Rubtsovsk Uşaq və Gənclər Mərkəzi “Yutub”a “Biz özümüzünküləri atmırıq” adlı musiqili video yükləyib. Orda rəngbərəng kağızlardan dövlət bayrağı hazırlamış birinci sinif şagirdləri on dəqiqə ərzində “Katyuşa” mahnısını oxuyan hərbi geyimli pensiyaçıları əvəz edirlər. Növbəti kadrda əllərində Rusiya bayrağı olan insanların “Z” hərfi şəklində düzüldüyü göstərilir. Ağ donlarına “Z” hərfi çəkilmiş qızlar da var. Balaca bir qızcığazsa günəşin çevrəsinə “Z” hərfini çəkir. Kadr arxasında “Lyube” qrupu “Gəl, həyatın şərəfinə içək, müharibəyə lənət olsun” mahnısını oxuyur.

Bu il Rubtsovskda Qələbə Gününü bir həftə bayram edəcəklər. Proqram mayın 4-də gənclərin “Mənim Baharım, mənim Qələbəm!” adlı təbliğat kampaniyasıyla başlayacaq. Kirov parkında “Müharibəsiz dünyada necə də yaxşıdır!” adlı konsert nəzərdə tutulub. Toplam 40 tədbir planlaşdırılıb.
BBC-yə şəhərdəki həyat haqqında danışan xilasedici Andrey deyir ki, bir neçə il əvvəl boruları yenilənyəndə Oktyabrskaya küçəsindəki alma, ağcaqayın, ağcaqayın və qovaq ağacları kəsiblər, yenilərini isə əkməyiblər. O, şəhərdə üzərinə hərbi “Z” simvolu vurulmuş maşınların artdığını, onların arasında həm bahalı maşınların, həm də köhnə “Jiquli”lərin olduğunu qeyd edir.
“Aydındır ki, hazırda sərt bir beyinyuma prosesi gedir. Televizor işləyir və hələ ki soyuducuya qalib gəlir. İnsanlar deyilənlərə iliklərinə qədər inanıblar. Hətta kimsə onlara düzünü desə belə, fikirlərini dəyişməzlər”.
Bbc azeri